KORPE

Övlad arzulamayan valideynlər niyə dünyaya övlad gətirir?

Baxış sayı: 517

Son zamanlar Azərbaycanda valideyn məsuliyyətsizliyinin şahidi oluruq. Hər halda uşaq sığınacaqlarına atılan uşaqların sayının çox olması bir daha sübut edir ki, ölkədə valideynlərdə övladlarına qarşı bir soyuqluq, laqeydlik, məsuliyyətsizlik var. Valideynlər dünyaya gətirdikləri övladlarına artıq yük kimi baxır, sonra bir şəkildə öz uşaqlarından imtina etməyə çalışırlar.

 

Övlad arzulamayan valideynlər niyə dünyaya övlad gətirir?

Mütəxəssislərin fikrincə, bunun bir neçə səbəbləri var. Bu insanların psixologiyası ilə yanaşı, digər məsələlərdən də asılıdır. Psixoloq Rəvanə Quliyeva bildirir ki, valideynlər çox zaman uşaq istəmədikləri halda uşaq dünyaya gətirirlər: “Bəzən gənc qızlar ailə həyatı quran zaman uşağın ailəni möhkəmlədəcəyini düşünür. Bu fikirlə övlad dünyaya gətirilir. Sonradan başa düşürlər ki, ailənin möhkəmliyini neçə uşaq olsa da, qoruya bilməz. Yəni kişini itirməmək üçün uşaq dünyaya gətirirlər”.

Psixoloqun sözlərinə görə, bəzi qızlar da az yaşlarında cinsi həyata atılırlar. Hamilə olduqlarını bildikləri zaman isə uşaqdan necə qurtulacaqlarını bilmədikləri üçün uşaq dünyaya gətirməli olurlar.

“Qız uşaqları 15-16 yaşlarında sevgi macəraları yaşayır və uşaq dünayaya gətirirlər. Sonradan bu uşaqalrı saxlamaq gücləri olmur və uşaqlarından imtina etməli olurlar. Bu, çox zaman ailə qayğısından məhrum olmuş qız uşaqlarında baş verir”,- deyən psixoloq bildirir ki, bu məsələdə kişilərin də müəyyən qədər günahı var. Qızların aldadılması, sevgi-məhəbbət oyunlarına çəkilməsi, erkən qurulan nikahlar dünyaya arzulanmayan uşaqların gəlməsinə səbəb olur.

“Bəzən isə, normal ailə həyatı yaşayan qadın bir neçə uşaq dünyaya gətirir. Bir müddət sonra ailədə bədbəxtlik baş verir, tutaq ki, kişi dünyasını dəyişir və ya boşanır. Bu zaman qadın uşaqları ilə birlikdə sıxıntıya düşür. Belə bir şəraitdə də valideynlər uşaqlarından imtina etməli olurlar. Ancaq ən əsas arzulanmayan uşaqların dünyaya gətirilməsidir. Qadınlarımızın əksəriyyəti təhlükəsiz cinsi əlaqə anlayaışını bilmir, hamiləliyə qarşı dərmanlardan istifadə etməyin yollarını bilmirlər. Və öyrənməyə də cəhd etmirlər. Məsələn, 20 manat verib bir dərman almaq onların gözündə böyük olur, nəinki bir uşaq dünyaya gətirmək. Uşaqlar dünyaya gətirilir. Çox zaman ya onlardan imtina edib uşaq evlərinə verirlər, ya da atırlar. Və ən yaxşı halda isə, Şamaxıdakı kimi uşaqları bir-birinin ixtiyarına buraxırlar”,- deyən Rəvanə Quliyeva bu kimi halların qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin gücləndirilməsinin vacib olduğunu deyir.

korpe

Psixoloq hesab edir ki, qadın hüquqları ilə məşğul olan QHT-lər hamiləlikdən qorunma yolları ilə bağlı maarifləndirici tədbirlər keçirməlidir. Çünki regionlarda yaşayan qadınların əksəriyyəti bu yolları bilmir.

“Bəzən valideynlər arzulayaraq dünyaya övlad gətirirlər. Amma sonradan maddi sıxıntılar insanı yorur və idarəsi zəif olan ailələr belə şəaritdə uşaqdan imtina edirlər. Düşünürəm ki, uşaq dünyaya gətirməmişdən əvvəl valideynlər bunu planlamalıdırlar. Düşünməlidirlər ki, bu uşağa baxa biləcəklər, yoxsa yox. Sonra qərar verilməlidir” – deyə psixoloq əlavə edir.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir