pul

Dollar ucuzlaşacaqmı? – RƏYLƏR

Baxış sayı: 2. 169

Azərbaycanda manatın kəskin ucuzlaşdırılmasından sonra hər kəsi yaxın gələcəkdə ölkədə dolların neçəyə satılacağı düşündürür. Əhalinin bir qismi bu qənaətdədir ki, uzun müddət 1 ABŞ dollarının məzənnəsi 1,05 manat ətrafında olacaq. Bəziləri qiymət artımının müvəqqəti olduğunu, məzənnənin tezliklə 2005-2006-cı illərdə olduğu kimi 85-95 qəpiyə düşəcəyini düşünür. Vətəndaşların bir qismi isə hesab edir ki, ilin sonuna qədər qiymət indikindən də yüksək ola bilər. Məsələn, dolların 1,5-2 manata qədər bahalaşacağı ilə bağlı fikirlər səslənir. Gencaile.az bu mövzuda iqtisadçı-ekspertlərin proqnozlarını sizə təqdim edir.

“Neft bahalaşsa, dollar ucuzlaşacaq”

İqtisadçı-ekspert Vüqar Bayramov dolların qiyməti ilə bağlı konkret proqnoz verməsə də, hesab edir ki, Azərbaycanda xarici valyutaların, o cümlədən dolların manata qarşı məzənnəsi dünya bazarında neftin hansı qiymətə satılmasından asılıdır: “Əgər neftin qiyməti daha da aşağı düşsə, bu, manata təzyiqi artırar və dollar daha da bahalaşar. Əksinə, neftin qiyməti artsa, ölkəyə dollar axını çoxalar və bu halda dollar ucuzlaşar”.
Onun fikrincə, bu gün mətbuatda verilən proqnozlar və şərhlər də məzənnəyə təsir göstərə bilir: “Belə məlumatlar əhali arasında ajiotaj yaradır və adamlar dollar almağa tələsir, əllərində olan manatı dəyişməyə can atrlar. Nəticədə bazarda dollara tələb artır ki, bu da manatın məzənnəsinin zəifləməsinə gətirib-çıxarır. Ona görə də, iqtisadi əsaslandırılması olmayan belə şərh və proqnozların yayılması lazım deyil”.

“1 dollar 1,15 manata bərabər ola bilər”

İqtisadçı ekspert Samir Əliyev isə hesab edir ki, dolların məzənnəsi neftin qiyməti ilə yanaşı, dünyada baş verən proseslərlə də bağlı ola bilər: “Aprel ayında ABŞ Federal Rezerv Sisteminin dolların bahalaşması ilə bağlı addımlar atacağı gözlənilir. Bu, dünya maliyyə bazarında Amerika valyutasının mövqeyini daha da möhkəmləndirəcək. Yəni, əmtəə birjalarında neftin qiyməti sabit qalsa da, dolların məzənnəsi gücləndiyindən başqa ölkələrin milli valyutası kimi manat da ilin sonunadək dollar qarşısında dəyərini 10% itirə, 1 dollar 1,2 manata bərabər ola bilər. Fikrimcə, bu halda ucuzlaşma tədricən baş verəcək, yəni yumşaq devalvasiya olacaq”.

“Yaxın 2 ayda manatın məzənnəsi dəyişməyəcək”

İqtisadçı-ekspert Ruslan Atakişiyev isə hesab edir ki, yaxın 2 ayda Azərbaycanda dolların məzənnəsi ciddi dəyişməyəcək: “Ola bilsin ki, dollar manata nisbətdə 0,01-0,05% ucuzlaşsın. Amma ilin ortasından başlayaraq, vəziyyətə yenidən qiymət vermək lazım olacaq”.
Onun fikrincə, dünya bazarında neftin bahalaşması manatın məzənnəsinin qalxmasına səbəb ola bilər: “Bu, Mərkəzi Banka imkan verər ki, valyuta məzənnələrini optimal şəkildə tənzimləyə bilsin. Lakin neftin qiymətinin aşağı düşməsi manatın məzənnəsinin dollara nisbətdə azalmasına gətirib çıxara bilər. Ümumiyyətlə, manatın məzənnəsi dünya iqtisadiyyatında baş verən proseslərdən asılıdır.” (Fins.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir