Bir çox ölkələr aylıq uşaq müavinəti ödəyir. Ödənişlərin məbləği və şərtləri fərqlidir – bir çox Avropa ölkələrində 18 yaşa qədər ödənilir. Bundan əlavə, Rusiyada analıq kapitalı kimi uşaqlı ailələri dəstəkləmək üçün digər tədbirlər də var.
Bizdə uşaq müavinətinin tətbiqinin zəruriliyindən çoxdan danışırlar. Bu barədə bir müddət əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev də danışıb. Onun sözlərinə görə, uşaq müavinəti ilə bağlı dəfələrlə danışıb və Azərbaycanda 600 min həssas qrupdan olan uşağa yardım göstərilir.
Həmin uşaqlar, nazirin dediyi kimi, ünvanlı sosial yardım, əlilliyə görə müavinət və s. alırlar: “Həssas təbəqədən olan uşaqların köməyə ehtiyacı var və bu yardımı dövlətimiz edir. Sosial yardım ümumi deyil, ünvanlı olmalıdır”.
Heç də hamı bu fikirlə razılaşmır və ekspertlər əmindirl’r ki, bu məsələyə baxılmalı və bundan sonra da müzakirə edilməlidir. Azərbaycanda indiyədək işləyən anaya və ya işləyən ataya ananın işi olmadığı halda, uşaq doğulduğuna görə 300 manat məbləğində birdəfəlik müavinət verilir. İki və ya daha çox uşaq doğulanda hər uşağa görə müavinət verilir. Uşaq bir yaş yarıma çatana qədər uşağa qulluq etmək üçün verilən məzuniyyət müddətinə hər ay 44 manat məbləğində müavinət verilir. 28 manat məbləğində ikinci müavinət uşaq 3 yaşına çatana qədər hər ay verilir. Uşaq bağçaya gedirsə və valideyn məzuniyyəti verilməyibsə, 3 yaşınadək uşaqlar üçün müavinət təyin edilmir.

Dayanıqlı İnkişaf Araşdırmaları Mərkəzinin rəhbəri Nəriman Ağayev mövzu ilə bağlı şərhində söylədi ki, uşaq dünyaya gələndə birdəfəlik müavinət olaraq 300 yox, hardasa 1000 manat civarında pul vermək lazımdır: “Konstitusiyada “ləyaqətli həyat” anlayışı var və bu, bütün vətəndaşlar üçün olmalıdır. Uşaq yetkinlik yaşına çatana qədər hər ay ən azı istehlak səbəti məbləğində pul ödəmək lazımdır. Dövlət maraqlı olmalıdır ki, vətəndaşlar savadlı, sağlam olsunlar və bunun üçün ailənin maddi imkanı olmalıdır”.“Hesab edirəm ki, uşaqpulu ailənin gəlirindən asılı olmayaraq valideynlərin müraciəti əsasında verilməlidir. Qanun qarşısında hamı bərabərdir. Fərdi yanaşma tətbiq etsəniz, bürokratik prosedur olacaq və bu pulu ehtiyacı olan hər kəs almayacaq. Nəzərə almaq lazımdır ki, şərait dəyişə bilər və heç kim ailədə nə baş verə biləcəyini dəqiq bilmir”, – deyə ekspert vurğuladı.












































































































































































