Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn ilin yanvarın 23-dən keçmiş məcburi köçkünlər üçün tikilmiş mənzillərin satışına başlayacaq.
Artıq nazirlik rəsmi şəkildə mənzillərin qiymətini və yerləşdiyi əraziləri və digər məlumatları da açıqlayıb.
Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarında yerləşən mənzillər onlayn formada satılacaq.
Qaradağ rayonu Ümid qəsəbəsində yerləşən mənzillərin qiyməti 66 304 manatdan başlayır (1 kv.m- 740 azn). 66 304 manata vətəndaşlar Ümid qəsəbəsində yeni tikilidə tam təmirli 3 otaqlı ( 89 kv.m) mənzili ala bilərlər.
Ramana qəsəbəsində isə 3 otaq 79.2 kv.m olan mənzilin qiyməti isə 63 360 manatdır. Burada mənzillərin bir kv.m 800 manata satılır
Kürdəxanı qəsəbəsində isə 3 otaq 71 kv.m olan mənzilin qiyməti 56 800 manatdır. Burada da mənzillərin bir kv.m-nin qiyməti 800 manatdan başlayır və mənzillər təmirli formada satılır.
Daha ətraflı buradan baxmaq mümkündür: https://ms.sosial.gov.az/
Bəs bu mənzillərin satışa çıxarılması əmlak bazarına necə təsir edəcək?
Bəzi əmlak ekspertləri belə hesab edir ki, mənzillər Bakı şəhərinin ətraf ərazilərində yerləşdiyinə görə çox da diqqət çəkmir. Ümumilikdə bu mənzillər qiymətlərə çox təsir etməyəcək. Çünki insanlar daha çox mərkəzə daha yaxın ərazidə qalmağa və mənzil almağa üstünlük verirlər. Çünki həmin mənzillərin gələcəkdə satılması daha asan olur və kirayə vermək üçün də əlverişlidir.
Digər tərəfdən mənzillərin əmlak bazarına təsir edəcəyini proqnozlaşdıranlar da var. Hazırda gənc ailələrin xüsusilə mənzil axtarışında olur. Onlar üçün isə nisbətən daha ucuz və təmirli mənzil daha uyğun görünür.
Əmlak eksperti Ramil Osmanlı isə bildirir ki, tədricən məcburi köçkünlərin öz yurdlarına qayıtmasından sonra onların yaşadıqları mənzillərin də bazara çıxarılacağı gözlənilir. Amma satış hansı səviyyədə olacaq və hansı nəticəni verəcək indidən söyləmək çətindir. Çünki seçilən ərazilərdə mənzillərə tələbat yüksək deyil. Belə ərazilərdə satılan mənzillərin qiymətlərinə və şərtlərinə güzəşt təyin olunmalıdır.