yeni il

“Yaşadığınız pis hadisələri kağıza yazın və yandırıb küləyə verin”

Baxış sayı: 748

Qarşıdan Yeni il gəlir. Yeni ilə yeni ruh halı ilə girmək, yeni arzular və yeni xəyallar arxasınca qaçmaq çox önəmlidir. Yeni arzular və yeni xəyallar olmasa, insan həyatının mənası olmaz. Son iki ildə bütün dünyanı ağuşuna almış COVID-19 hamının psixologiyasına müəyyən qədər təsir edib. Pandemiya başlayandan ortaya çıxan stress, qayğı və dəyişən vərdişlər insanlara müxtəlif təsir etdi. Bu vəziyyətdən çıxmaq uzun zaman alsa da, hər şey öz əlimizdədir.

Psixoloq Rəvanə Quliyeva  bildirir ki, pandemiya bütün insanların həyatında dəyişikliklıərə səbəb oldu. “Evdə qal” qadağası, məcburi karantin, qeyri-müəyyənlik əksər insanlarda psixoloji problemlər yaratdı.

“Qlobal böhranla birlikdə içimizə qapandıq. Çünki insanlar adətən, xaricə baxmağa üstünlük verirlər. Bu dövrdə isə evə qapanmalar olduğu üçün hər kəs özü-özü ilə baş başa qaldı. Xarici baxışlar bizə sosial fəaliyyətlər, əyləncə, alış-veriş və yeni insanlar tanımağımız üçün fürsətlər yaradır. Bizim başımız belə fəaliyyətlərə qarışır və daxilimizdə olan “mən”, qorxularımız, komplekslərimiz, duyğularımız qaranlıqda qalır. Pandemiya dönəmində isə, hamımız içimizdəki “mən”i, qorxularımızı gördük. Və psixologiyamız pozuldu. Bu gün insanların 80-90 faizi pandemiya ilə bağlı psixi pozulmalar yaşayır. Bu müddətdə hamı necə yaşamaq istədiyini düşünə bildi, həyatındakı insanların hansı dəyərə malik olduğunu anladı. Buna görə də karantin yumşalan kimi insanlar həyatlarında radikal dəyişikliklər etdi. Ayrılanlar və ya boşananlar oldu, həyatını sevdiyi insanla birləşdirənlər oldu və ya gələcək üçün olan planlarını tezləşdirənlər oldu. Pandemiya insanları özlərinə tanıtdı”.

Psixoloq qeyd edir ki, öz “mən”ini tanıyanların bəzisi yenə özlərindən narazı olduğu üçün bu vəziyyətdən qaçmaq, özünü aldatmaq yolunu seçdi. Və belə insanlar özlərini sosial şəbəkələr, internet oyunlarına verərək, reallığı qəbul etməkdən çəkinirlər. Bəzilərinin həyatında isə, ciddi qırılmalar və ağrılar olsa da, özündən qaça bilmir. Siz hansı qrupdansınız bilmirik. Ancaq psixoloq hər kəsə özündən qaçmamağı məsləhət görür. Onun sözlərinə görə, hara qaçsaq da, qayıdacağımız yer yenə özümüzük. Buna görə də, özünüzlə görüşün və özünüzü qəbul edin. Yeni ildə iki “mən” görüşün, tanışın və azad, sakit bir “mən” olun.

Daha sağlam ruha sahib olmaq üçün isə, bir az ruhunuzu dincəltməlisiniz.

  • Meditasiyaya zaman ayırın.
  • Nəfəs idmanı ilə məşğul olun.
  • Rahatlama və sakitləşmə texnikaları ilə stres və qayğılarınızı azaldın.
  • Dostlarınıza zaman ayırın.
  • Ailə üzvlərinizlə zaman keçirib onlara vaxt ayırın. Fərqli mədəniyyətlərin yeməklərini öyrənin, birlikdə yemək hazırlayın.
  • Xoşunuza gələn mahnılarla rəqs edin.

“Eyni zamanda yaşadığınız bütün pis hadisələri bir kağıza yazın. Həmin hadisələr zamanı keçirdiyiniz hissləri də yazın. Sonra həmin kağızı yandırıb küləyə verin. Daha sonra yeni ildə istədiklərinizi, arzularınızı yazın. Yazarkən “bunu istəyirəm” yazmayın. “Bu olacaq” yazın. Sonra bu kağızı gözünüzün önündə bir yerə qoyun”,– deyən psixoloq bildirib ki, bu, yeni ildə yeni arzuların həyata keçməsi üçün motivasiya yaradacaq.

Qısacası, keçmişi unudun, gələcəklə yaşayın. “Keçmişi unutmayanın gələcəyi olmaz” – bunu da unutmayın.

 

İlahin Zaman




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir