Ötən ayın əvvəlindən ölkədə yüksək temperatur, öskürək, güclü əzələ ağrıları ilə müşahidə edilən xəstəlik yayılıb. İstər ətrafımızdakı insanlarda, istərsə də sosial şəbəkələrdə yayılan xəbərlərdə bu virusla bağlı ağırlaşmalara rast gəlirik. Təbii ki, bu da əhali arasında təşvişə səbəb olub. Yeni yayılan virusu COVİD-19 -un yeni ştammı adlandıranlar çoxluq təşkil edir. Amma koronovirusla bağlı açıqlanan statistikalarda artım müşahidə olunmur. Çünki bu xəstəliyə yoluxanların verdiyi testlərin cavabları böyük ölçüdə neqativ çıxır. Simptomların kəskinliyi bəzi insanlarda yeni növ virusun yayılması barədə şübhələr yaradır. Düşünülür ki, koronavirusun bu növü testlərdə özünü göstərmir. Bununla bağlı iddialar ortaya atıldığı vaxt ölkəyə “Omikron”un yeni variantını aşkar edən yeni COVİD-19 testlərinin gətirilməsi bağlı rəsmi məlumat yayıldı. Belə ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən ölkədə COVID-19 virusunun bütün ştammlarını aşkar edə bilən 450 sayda test alınıb.
Sual olunur: həqiqətən köhnə testlərin koronavirusun son variantını göstərmək imkanı yoxdurmu? Ümumiyyətlə, yeni testlər hansı zərurətdən alınıb?
Əgər testin nəticəsi pozitivdirsə…
İnfeksionist Mərdan Əliyev deyir ki, ölkədə olan köhnə testlər koronavirusun bütün ştammlarını “pozitiv” və “neqativ” kimi aşkar edir: “Sadəcə olaraq, bu testlər virusu ümumi koronavirus kimi göstərir. Onun variantlarının adını müəyyən edə bilmir. Yeni testlərdə isə pozitiv çıxan koronavirus xəstələrindən analiz götürülür və “Omikron”un hansı variantı olduğu müəyyən edilir. Yəni ölkədə yayılan son virus koronavirus olsaydı, mütləq testdə pozitiv çıxardı”.
“Testin səhv göstərmək ehtimalı yoxdur”
Hazırda ölkədə yayılan virusa gəldikdə isə, həkim yeni yayılan virusun mövsümi xəstəlik olduğunu düşünür: “Bizə müraciət edən pasieyntlərimizdən COVİD-19-la bağlı analiz götürüldükdə, nəticə neqativ çıxıb. Testin səhv göstərmək ehtimalı yoxdur. Yüngül zökəm, boğaz ağrısı ilə başlayan infeksiya birgünlük burun axıntısı ilə davam edir və xəstəlik tədricən inkişaf edir. Virusun qrip, paraqrip, adenovirus, rinovirus yaxud da respirator sinsitial virus (RSV) infeksiyası olmaq ehtimalı var. Mən bunun daha çox RSV virusu olduğunu düşünürəm. Bu virus daha çox 2 yaşından kiçik uşaqlarda və 65 yaşdan yuxarı böyüklərdə ağır keçir və pnevmoniya ilə nəticələnir. Boğaz ağrısı ilə başlayır, burun axma, burun tutulması, halsızlıq, bədən hərarətinin yüksəlməsi, bəzi şəxslərdə oynaq ağrıları müşahidə edilir. Xəstə sağaldıqdan sonra da uzun müddət bəlğəmli öskürək, kəskin bronxit əlamətləri müşahidə edilir. Bu virus uşaqlarda daha çox tənəffüs çatışmazlığı kimi hala səbəb olur. Hətta 6 aylıq, 1 yaşlı uşaqlarda süni tənəffüs aparatına belə ehtiyac olur”.
Yeni testlər “kraken” ştammını müəyyən edir
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən də bildirilib ki, bu testlər koronavirusun “Omikron” stammının yeni altnövü olan “kraken” ştammını müəyyən edə bilir. Söylənilənlərdən belə nəticəyə gəlmək olar ki, yəni indiyədək istifadə olunan testlər koronovirusu göstərib, lakin indi onun növünü bilmək üçün yeni testlər alınıb.
“Götürülən yaxmalardan influenza virusu aşkarlanır”
Səhiyyə Nazirliyindən qəzetimizə verilən məlumata görə, ölkədə yayılan virus mövsümü qripdir.
Bildiyimiz kimi, müxtəlif ölkələrdə, o cümlədən qonşu ölkələrdə qripin H1N1 variantı (donuz qripi) yayılmaqdadır. Son günlər əhali arasında hərarət, baş ağrıları, ümumi zəiflik, boğazda ağrılar, öskürək, burun axması və s. əlamətlərlə müşayiət olunan xəstəlikləri “donuz qripi” adlandıranlara da rast gəlinir. Nazirlik isə bu versiyanı inkar edir: “Ölkəmizdə epidemioloji vəziyyət diqqətlə izlənir. Laborator müayinələr aparılır. Bu mövsümdə indiyədək ölkə ərazisində “donuz qripi” virusu aşkarlanmayıb. Bu xəstələrdən götürülmüş yaxmalardan yeni növ koronavirus, kəskin respirator virus infeksiyaları və bu qrupa daxil olan influenza virusu aşkarlanır. Virusa yoluxan şəxslərin qrip əleyhinə peyvənd olunması tövsiyə olunur”.
Azərbaycanda “donuz qripi” ilə bağlı təhlükə yoxdur
İnfeksionist Mərdan Əliyev bildirir ki, “donuz qripi” ilə bağlı hazırda bizim üçün təhlükə yoxdur: “Bu qrip o qədər də sürətli yayılan infeksiya deyil. Daha çox donuzlardan insanlara keçir. İnsandan insana keçməsi o qədər də sürətli deyil. Təbii ki, ölkəmizə gəlmək ehtimalı var. Amma hələ ki, aşkar edilməyib. Qonşu ölkələrdə də çox sürətli yayılmadığından hazırda bizim üçün təhlükə yoxdur”.
Avropada influenza epidemiyası elan olunub
Məlumat üçün bildirək ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda 21 noyabrdan etibarən influenza epidemiyası elan olunub. İnfluenza el arasında qrip olaraq tanınan xəstəlikdir. Xəstəlik özünü qızdırma, burun axması, baş və boğaz ağrıları, yorğunluq, quru öskürək kimi simptomlarla büruzə verir və adətən simptomatik müalicə olunur.
TƏBİB-dən verilən məlumata görə, influenza virusuna qarşı effektivliyi sübuta yetirilmiş vaksinlər mövcuddur və ildə bir dəfə peyvənd olmaqla yüksək risk qrupuna daxil olan şəxslərdə ağırlaşma və ölüm hallarının qarşısını almaq mümkündür. Hazırda TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində influenza virusuna qarşı vaksinasiya aparılır.
Aygün ƏZİZ