ZORAKILIQ

Uşaqlarımızı manyaklardan necə qorumalı?

Baxış sayı: 547

Bir neçə gün əvvəl Bakıda azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən 1981-ci il təvəllüdlü Elşən Mirzəcanov saxlanıldı. “Mahir manyak”ın izi itirmək üçün olmazlara əl atdığı üzə çıxdı.

DİN-in Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bu xüsusda qeyd edib: “Azyaşlıya qarşı qeyri-etik hərəkətlər edən şübhəli şəxs necə saxlanıldı? O, təcrübəli idi, çünki oğurluq və digər cinayətkar əməllərinə görə həbsxana görmüşdü. 4 gün ərzində bir neçə dəfə axtarışın istiqamətini dəyişməyə çalışdı. Polis əməkdaşları onun tutulması üçün 159 vətəndaşdan məlumat topladı, 57 şəhər kamera görüntülərini araşdırdı. O, xarici görkəmini, hətta yerişini də dəyişmişdi. Bütün tədbirlərinə baxmayaraq, saxlanıldı. Onun saxlanılması istiqamətində əməliyyat qruplarına kömək edən vətəndaşlara təşəkkür edirik”.

Psixoterapevt Elmir Əkbər isə olay barədə Musavat.com-a bildirib ki, hazırda bütün problemlərdə artım müşahidə olunur: “Burada koronavirusun və pandemiya dönəminin insan psixikasına vurduğu zərbənin rolu da var. Bütün dünyada bu təlatüm yaşanılır. Sanki gölməçənin dibində olan bütün çirk üzə qalxıb. Dünya da çalxalandığına görə bütün problemlər üzə qalxır və problemli insanların sayı artır. Amma bu kimi halların üstünün açılmasında, həmin şəxslərin tutulmasında insanların gözünün açılması əsas rol oynayır. Əhali ayıq gözlə yanaşır, hüquq-mühafizə orqanlarına müraciət edir. Burada hüquq-mühafizə orqanlarının işini də lazımınca dəyərləndirmək lazımdır”.

Elmir EKBER

Psixoterapevtin sözlərinə görə, faktorlar çoxdur: “Ən əsası, insanlar bilməlidir ki, problemlər də artır. Narkomaniya tüğyan edir, psixoloji, psixiatrik pozuntular artır. Əsas məsuliyyət valideynlərin üzərinə düşür. Onlar ayıq-sayıq olmalıdırlar. Valideynlərin xüsusi peşəkar hazırlıqları olmalıdır, onların təlimlərə ehtiyacı var. Sadəcə, sözlər kifayət etmir. Bu təlimlər ona görə vacibdir ki, valideynlər övladlarını psixoloji baxımdan doğru yönləndirə bilsinlər, uşaq nadürüst, problemli qrupların və insanların qurbanına çevrilməsin”.

Ancaq uşaqların təhlükəsizliyi təkcə valideynlərdənmi asılıdır? Tutaq ki, şagirdlərin kifayət qədər vaxt keçirdiyi məktəbdə bu mövzuda onların psixoloji hazırlığına diqqət yetərlidirmi və bu iş (məsuliyyət) kimin üzərindədir?

Hüquqşünas kimdir və nə kimi xidmətlər göstərir? - Uşaq Bilik Portalı

Hüquqşünas: “Qanunumuzda bu cür şəxslərin əməlləri ilə bağlı sərt cəzalar var, lakin… ”

İlk öncə ondan başlayaq ki, pedofilləri necə tanımaq, uşaqları onlardan necə qorumaq olar? Ekspertlər bildirir ki, daha çox uşaq bağçası, məktəblər, uşaq və yeniyetmələr çox olan yerlərin həndəvərində hərlənən pedofillərdən qorumaq üçün valideynlər bu barədə düzgün məlumata malik olmalı və uşaqlarla da bu barədə etik çərçivədə, qorxutmadan, psixoloji diskomfort yaratmadan söhbət etməlidirlər.

Pedofillər cinsi yetişkənlik dövrünə qədəm qoymayan və hər hansı seksual məlumatı olmayan, seksual hərəkətlərin yol verilməsi qanun və cəmiyyətdə qadağan olunan yaş həddində – 10-13 yaş arası uşaqlara cinsi istək duyan və fürsət düşən kimi bu tələbatı müxtəlif yollarla ödəməyə çalışan adamlardır.

Uşaqlara cinsi istək və təcavüz o qədər ağır və tabu olan mövzudur ki, bu barədə elmi araşdırmalar da azdır. Amma kanadalı psixiatr Malo qeyd edib ki, Yer üzündəki bütün kişilərin 1%-i açıq və ya gizli pedofildir.

Pedofillər 2 qrupa bölünür: psixiatriyada bunlara procontact – yəni canlı uşaqlarla kontakta girən və noncontact – canlı uşağa yaxın getməyənlər adı verilib.

Əslində valideyn gözü ilə baxdıqda, uşaqlarla kontakta girən tiplər daha qorxuludur.

Belə insanları ilk baxışdan ayırd etmək praktiki olaraq mümkün deyil. Amma bu günə qədər qeydə alınmış faktların statistikası göstərir ki, 10 hadisədən 3-4-ü uşağın ailəsinə yaxın insanlar, qohumlar və ailəni tanıyan insanlar tərəfindən törədilir.

Yolda, məktəb ətrafında, yaxınlar arasında pedofili necə tanımalı?

Britaniyalı mütəxəssislər bildirir ki, əgər gənc və ya orta yaşlı kişidə aşağıdakı əlamət və davranışlar varsa, ondan ehtiyat etmək lazımdır:

– Uşağa səbəbsiz yerə hədiyyələr, pul verir, onun ürəyindən keçənləri öyrənir və sonra onları alır;

– Uşaq vanna və tualetdə olarkən, tez-tez ora girir;

– Yaxınlarına israrla uşağı onun yanında qoyub getmələrini istəyir, bildirir ki, guya uşağa baxacaq;

– Guya təsadüfən uşağın intim orqanlarına toxunur, sığallayır;

– Əgər müəllimdirsə, uşaqlar arasından birini qurban kimi seçir, onunla xüsusi davranır, onu tərifləyir;

– Uşaqlara intim suallar verir: kimi sevirsən, intim orqanının adı nədir, kimisə öpmüsənmi?;

– Uşaqla fiziki təmasda çox olur: öpmək, qucaqlamaq, dizi üstündə oturtmaq, yatırmaq, qıdıqlamaq, sığallamaq, bədənini cimdikləmək – əslində bu hərəkətlər sevgi göstəricisi də ola bilər. Amma alimlər yad bir kişinin, oğlanın yerli-yersiz və çox sayda bu hərəkətləri etdiyini seksual təcavüz formalarına daxil edir.;

– Uşaqla qapalı otağa çəkilir, guya söhbət edir, oynayır, kimsə qapını döymədən içəri girəndə özünü itirir, acıqlanır;

– Uşaqlarla, yeniyetmələrlə söhbətdə yetkin insanlara məxsus seksual sözlərdən, leksikondan istifadə edir;

Uşaqla kontakta girib, fiziki həzzi canlı yaşamaq istəyən pedofillər uşağı və ailəsini aylarla, bəzən illərlə özünə alışdırır, onları öyrənir, qurbanı az qala doğulandan tanıyır.

Dünya statistikasına görə, 18 yaşına kimi hər 4-5 qızdan biri pedofillə rastlaşır. Oğlanlara gəldikdə isə, onlardan hər 7-10-undan biri ömründə bir dəfə də olsa bu və ya digər şəkildə pedofillə üzləşib.

Oxu.az - Kəmalə Ağazadə: Donmamaq üçün elektrik şitinin içində ölən uşaqdan sonra sığınacaq yaratdım - MÜSAHİBƏ

Kəmalə Ağazadə: “Uşağın özünümüdafiəsi istiqamətində işlər görülməlidir və biz bunu çoxdan etməliydik”

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə mövzu ilə bağlı qeyd edir ki, bu məsələdə təkcə valideyn deyil, məktəb müəssisələrinin də üzərində çox böyük məsuliyyət var:

“Çünki uşaq, yeniyetmə vaxtının çox hissəsini təlim-tərbiyə müəssisələrində keçirir.

Lakin uşaqlara qarşı edilən qeyri-etik hərəkətlər zamanı uşaqlar özünü necə müdafiə etməlidir məsələsində ailənin çox böyük rolu olmalıdır. Valideyn uşağının təhlükəsizliyini ilkən formalaşmalıdır ki, yolla gedərkən kənar şəxslə ünsiyyət qurmaq olmaz, qurduğu təqdirdə nələrə diqqət, ehtiyat etməlidir və sairə.

Ümumiyyətlə, uşağın özünümüdafiəsi istiqamətində işlər görülməlidir və biz bunu çoxdan etməliydik. Uşaqlarla mütləq şəkildə həm cinsi tərbiyə, həm təhlükəsizlik, həm də özünü müdafiə mövzusunda iş aparılmalıdır.

Sonuncu hadisə ilə bağlı yayılan görüntülərdən görürük ki, uşaq manyakın ona şirinikləşdirici təklifindən imtina edir. Amma bütün uşaqlar bu təklifdən imtina edəcəkmi? Buna görə də bir daha qeyd edirəm ki, uşaqların özünümüdafiə istiqamətində proqramların təşkil olunmasına böyük ehtiyac var və bu proqramı valideynlər ilə məktəb həyata keçirsə daha yaxşı olardı.

Bəlkə də bununla bağlı məktəblərdə hansısa metodiki vəsaitlər də keçmək olar.

Əsas məsələlərdən biri, valideynlər mütəmadi olaraq uşaqla söhbətlər aparmalıdır. Çox təəssüf ki, bu gün valideyn-övlad arasında ünsiyyətdə müəyyən problemlər var. İndiki zamanda valideynin də çox sayda problemləri, psixoloji gərginliyini nəzərə alaraq, onlarla da iş aparmaq olar”.

Bəs bu cür cinayətlərə görə qanunlarımız kifayət qədər sərtdirmi?  Konkret halda saxlanılan manyakı hansı cəza gözləyir?

Hüquqşünas Əlövsət Allahverdiyev sualımızı bu cür cavablandırdı:

“Ümumiyyətlə, uşaqlara qarşı bu cür davranan pedofillər, manyaklar ruhi xəstədirlər. Onlar üçün nə qədər sərt qanun, cəza tətbiq edilsə belə bunun faydası olmayacaq, yəni mümkünsüz bir şeydir. Sadəcə, onların cəmiyyətdən təcrid olunması lazımdır.

Yəni belə adamlar uzunmüddətli həbsxanalarda  qalır, azadlığa buraxıldıqdan sonra yenə də bu cür cinayətlərə davam edirlər.

Amma qeyd edim ki, qanunumuzda bununla bağlı cəzalar kifayət qədər sərtdir. Yəni insan hüquqlarını kobud şəkildə pozmamaq şərti ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsində kifayət qədər sərt müddəalar var (üç ildən on beş ilədək azadlıqdan məhrum etmə) və bu müddəalar bu cür şəxslərin cəzalandırılması üçün yetərlidir. Lakin bir daha qeyd edirəm ki, bu cür cəzalar belə həmin şəxslərin yenidən əməllər törətməsinin qarşısını ala bilmir”.

 

Xalidə GƏRAY




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir