pir

Qorxunun qorxu ilə çıxarıldığı məkan – REPORTAJ

Baxış sayı: 604

Azərbaycan tarixi abidələr diyarı, xalqımız isə inam və inancları olan bir xalqdır. Bakı kəndləri isə qədim tarixi abidələri, ziyarətgah və pirləri, karvansara, məscidləri ilə xüsusi ilə seçilir. Abidə, inam və inancın birləşdiyi, bir çox insanların şəfa üçün ümidlə, bəzi insanların isə tarixi bir kompleks kimi getdiyi ünvanlardan biri də Mərdəkan qəsəbəsindəki “Pir Həsən” ziyarətgah kompleksidir. Bura XVII əsrə aid tarixi-dini memarlıq abidəsidir. Bu ziyarətgahda iki türbə var. Birincisi tarixi mənbələrə görə XVII əsrdə yaşamış Pir Həsənin məzarı üstündə olan qədim günbəzi olan türbədir. İkincisi isə Axund Abuturab türbəsidir. Bu yerli əhəmiyyətli memarlıq abidəsində din xadimi Axund Mirzə Turab Axundzadə, milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyev, onun qızı Sara xanım Tağıyeva, repressiya qurbanı Zeynal bəy Səlimxanov dəfn olunublar. Türbə 1908-ci ildə inşa edilib. Bunlardan başqa kompleksdə kiçik türbə də var ki, o da İslamın yeddinci imamı Musa əl-Kazimin qızı Həzrəti Xədicənin qəbri üzərində tikilib. Kompleksin həyətində Hacı Zeynalabdin Tağıyevin əzəmətli büstü də var.

2007-ci ildə əsaslı şəkildə təmir olunub 

Mərdəkanda yerləşən kompleksin çox rahat, sakit, hüzur dolu bir ab-havası vardı. Biz gedən vaxt xeyli insan kompleksin həyətində gəzişir, dua edir, hacət istəyirdilər. Ziyarətgahın rəhbəri Hacı Mahir bizimlə söhbətimizdə dedi ki, bura hər gün ümid və inamla bir çox adam gəlir: “Ziyarətgah qədim olduğundan yenidənqurma işlərinə ehtiyac vardı. 2007-ci ildə Heydər Əliyev Fondunun ölkəmizdə tarixi dini abidələrin, o cümlədən məscid və ziyarətgahların tikintisi və bərpası layihəsi çərçivəsində “Pir Həsən” məbədi əsaslı şəkildə təmir olunub, abadlıq işləri aparılıb. 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Pir Həsən” ziyarətgahının açılışında iştirak edib, görülən işlərlə tanış olub və xatirə kitabında ürək sözlərini yazıblar”.

40 nöqtə üzrə aparılan “müalicə”

Bura el arasında “çıldağ piri” də deyirlər. İnsanlar bura bir növ qorxudan müalicə üçün də gəlirlər. Kompleksin çıldaqçısı Sevda Baxşəliyeva deyir ki, “Pir Həsən” ziyarətgahı seyidin öz adıyla bağlıdır: “Seyid ölkəmizə naməlum şəkildə gəlib məskunlaşıb, yaşayıb və vəfat edib. Özü loğman olub. Çıldağ adıyla məşhur olan müalicə növü təbabətdə öz təsdiqini tapıb. Onun təməlini məhz seyid Həsən qoyub. Çıldağ qorxunun götürülməsidir. Bu, qan dövranın normal fəaliyyətinin tənzimlənməsi ilə baş verir. İnsan bu prosedurdan sonra özünü rahat və gümrah hiss edir. Çox yerlərdə çıldağ var. Amma bizdə çıldağ təbabət üsulu ilə 40 nöqtə üzrə aparılır. Bunlar insan bədənindəki sinir nöqtələridir. Belə bir fikir var ki, iynə terapiyası Çindən gəlib. Bəli, onlarda da belə bir müalicə üsulu var. Amma sırf parça vasitəsilə sinir nöqtələrini oyatmaq ilk dəfə məhz loğman seyid Həsən tərəfindən icra edilib. Biz xüsusi pambıq tərkibli parçalardan istifadə edirik. Onların tərkibində sintetika yoxdur. Olsa, insanın dərisinə zərər verər, iz buraxar. Terapiya 1-3 dəfə yerinə yetirilə bilər. Bəzən deyirlər ki, çıldağın xüsusi günləri var. Xeyir, elə bir şey yoxdur. Bu bir terapiyadır və günü yoxdur. Nə vaxt gəlinsə, edilə bilər”.

Dədə-baba qaydasıyla götürülən qorxuluq 

Türbənin yanında xüsusi bir yer var. Qorxuluğu götürülən insanlar bura gəlir, arxası pəncərəyə dayanır. Başlarının üstündən şüşə butulka çevirib geri atırlar. Belə bir inanc var ki, şüşənin sınma səsindən insanın qorxuluğu çıxır. Sevda xanım deyir ki, əgər bir işin dalınca inamla, məqsədyönlü şəkildə gedərsənsə, mütləq ona nail olarsan: “İnam, inanc böyük bir qüvvədir. İnsanlar bura inamla gəlirlər. Çıldağ təbabət yolu ilə aparılsa da, əlavə olaraq dədə-baba qaydasıyla da qorxuluq götürülür. Buna şüşə sındırmaqla nail olurlar. Belə bir inanc var ki, qorxu bədəndən qorxu ilə çıxar. Şüşə sındıranda bədəndə yatmış damarlar oyanır və qorxu çıxır. Hər gün bura onlarla adam həm çıldağ, həm də şüşə vasitəsilə qorxuluğunu götürməyə gəlir”.

Avropalı turistlər də böyük maraq göstərirlər

“Bura dünya səviyyəsində tanınan bir ocaqdır”, deyir Sevda xanım: “Dəfələrlə bura xarici ölkələrdən gəlib reportaj hazırlayıblar. Bundan başqa, dünyanın bir çox ölkələrindən, xüsusən də Avropa ölkələrindən turist qrupları təşrif buyururlar. Onlar buranı həm tarixi abidə kompleksi kimi, həm də bir müqəddəs məkan kimi ziyarətə gəlirlər. İndiyə kimi Avstriya, Rusiya, Fransa, İtaliya, Almaniya, xüsusən də Polşadan qonağımız olub. Əksəriyyəti başqa dinlərin nümayəndəsi olmağına baxmayaraq, ziyarətgaha hörmətlə yanaşır, başlarındakı şlyapaları çıxarır, örpək örtürlər. Gələnlər daha çox çıldağın tarixi, müalicə formasını soruşur, çıldağ etdirirlər. Şüşə sındırma ritualına da ayrıca maraq göstərirlər”.

 

Xanım Aydın
Fotoqraf: Tapdıq Abdullayev




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir