agiz qoxusu

Ağızdan pis qoxu gəlməsinin səbəbləri

Baxış sayı: 488

Ağızdan gələn pis qoxu artıq bir çox insan üçün kabusa çevrilmiş bir problemdir. Xüsusilə, sosial həyata təsir edən belə şikayətlər münasibətlərdə soyuqluğa, iş ortamında ayrımçılığa səbəb ola bilir. Hətta toplumun böyük bir qismində “ayıb” olaraq da dəyərləndirilməkdədir.

 

Ağızdan gələn pis qoxu nədən yarana bilər?

Ümumilikdə, ağızdan pis qoxunun gəlməsi 90% hallarda ağızla bağlı səbəblərdən yaranır, 8%-dən yuxarı tənəffüs yolu infeksiyaları, 1% həzm sistemi və 1%-də metabolik proseslərlə əlaqəli olur.

Ağız gigiyenasına laqeyd yanaşmaq: Mütəmadi şəkildə diş fırçalamaq, əlavə olaraq dil fırçalamaq və şikayətiniz olmasa belə ildə bir dəfə diş həkiminə müraciət etmək məsləhət görülür. Diş fırçalamağın sonrasında diş ipindən istifadə etmək də vacib amillərdəndir.

Siqaret çəkmək: Siqaret və buna bənzər zərərli vərdişlər bir çox xəstəliyə səbəb olduğu kimi ağız qoxusuna da səbəb ola bilər.

Dişlərdə çürük olması: Ağız içərisində əmələ gələn infeksiyalar bakteriyaların çoxalmasına səbəb olur və bunlar da pis iyin yaranmasına gətirib çıxarırlar.

Badamcıqların iltihabi (Tonzilit): Yuxarı tənəffüs yolu infeksiyaları da ağızda pis qoxu yaradır. Qrip, burun tıxanması nəfəsin ağızla alınmasına səbəb olur.

Reflüks xəstəliyi: Bu, mədə turşusunun qida borusuna geri qayıtmasına deyilir. Ağızdan qoxunun gəlməsinə və öskürəyə səbəb olur.

Uzun müddətlik aclıq, ağız quruluğu: Uzun müddət heç bir şey yeməmək və su içməmək ağız quruluğuna və ağız içindəki mikroorqanizmlərin fəaliyyətinin artmasına gətirib çıxarır. Həmçinin bəzi dərman maddələri də ağız quruluğuna yol aça bilir. Antihistaminlər, təzyiq dərmanları, psixiatrik dərmanlar, şəkər xəstəliyi, qanazlığı və s. digər xəstəliklər də ağız quruluğunu əmələ gətirən səbəblər arasındadırlar.

Bəzi qidalar: Soğan, sarımsaq, alkoqol, süd məhsulları, ət, balıq və pendir də ağız qoxusuna səbəb ola bilər. Diş və dil təmizlənməsi bu cür qoxuları uzaqlaşdırmaz. Qoxuya səbəb olan qidalar orqanizmdən tam çıxanadək bu cür iylər qalmaqda davam edərlər.

Protezlər: Yaxşı təmizlənməmiş protezlər də əsas səbəblər arasındadırlar.

Daxili orqan xəstəlikləri: Qida borusunda kandidoz, qastrit, diabet, qaraciyər və böyrək çatışmazlığı zamanı da ağızdan pis qoxu gələ bilər. Diş əti xəstəlikləri də xoşagəlməz iyin yaranmasında əsas amillərdən biridir.

 

Ağızdan pis qoxunun gəlməsi xəstəlik göstəricisi ola bilərmi?

Ağız qoxusunu təyin etmək üçün dodaqlarımızı sıx şəkildə bağlayıb, nəfəsimizi burundan verməliyik. Ağız qoxusu 10 sm uzaqlıqdakı biri tərəfindən hiss edilə bilinirsə, tonzilit, sinuzit, qaraciyər, mədə, diabet və s. xəstəliklərdən şübhələnmək lazımdır. Burundan qoxu gəlməzsə, demək ki, hiss edilən iy ağız qoxusudur.

 

Su içmək ağız qoxusunun qarşısını ala bilir.

Tüpürcək vəziləri tüpürcək ifraz edərək qidanın normal həzminə və ağız gigiyenanın qorunmasında yardımçı olurlar. Gün ərzində qida qəbulunun azalması (aclıq), susuz qalmaq kimi səbəblərdən ağızda tüpürcəyin miqdarı azala bilir. Eyni şəkildə, gecələr də tüpürcək ifrazı tamamilə sıfırlanır. Tüpürcək ifrazı azaldıqda isə ağız özünü təmizləmək üçün yetərli mayeni əldə edə bilmir və bu səbəbdən səhərlər yuxudan oyandığımızda ağzımızdan pis qoxu gələ bilir. Belə bir halda su içmək olduqca faydalıdır. Gündə 2 litrə yaxın suyun içilməsi dişlərin sağlamlığını qorumağa və tüpürcək mənşəli ağız qoxusunu aradan qaldırmağa köməkçi olacaqdır. Bundan başqa hədsiz çox çay, qəhvə və alkoqol istifadəsi də ağızdakı bakteriyaların artmasına səbəb olaraq qoxu yarada biləcəyi üçün onların da istifadəsi məhdudlaşdırılmalıdır.

 

Ağızdan pis iyin gəlməsi hallarında nə edilməlidir?

Ağız qoxusu əslində bir xəstəlik deyildir. Bir çox insan səhər oyandığında və ya soğan, sarımsaq kimi spesifik iyli qidalar yedikdə ağzından qoxu gəldiyini hiss edər. Bu cür hallar normal sayılır və fizioloji ağız qoxusu adlandırılır. Lakin bəzi istisnalar da mövcuddur. Başlıca olaraq, qoxuya səbəb olacaq yuxarıda sadalanan xəstəliklər inkar edilməlidir. Ümumilikdə isə, ağız qoxusunun qarşısını alacaq alternativ yollar aşağıdakılardır:

 

Dilinizi fırçalayın.

Düzgün ağız gigiyenasına riayət etmək üçün dişinizlə yanaşı, dilinizi də fırçalamalısınız. Dilin üzərində, xüsusilə arxa nahiyələrdə əmələ gələn bakteriyalar ağız qoxusuna səbəb ola bilir. Bu cür bakteriyaların xüsusi diş fırçaları ilə təmizlənməsi olduqca vacibdir. Bununla belə düzgün gigiyena üçün diş fırçanızı 3-4 aydan bir dəyişdirməlisiniz. Həmçinin, karbohidratlı və duzlu su ilə qarqaralar da edə bilərsiniz.

Bol maye qəbul edin.

Suyun ağız sağlığında necə bir rol oynaması barədə yuxarıda geniş məlumat verdik. Gündə 2 litrdən çox maye qəbulu tüpürcək ifrazını artıraraq ağızdan pis qoxunun gəlməsi kimi şikayətlərin qarşısını almaqda yardımçı olacaqdır. Həmçinin ağız nəmləndiricilərdən də istifadə edə bilərsiniz.

Darçından istifadə edin.

Darçın ağız daxilindəki bakteriyalarla mübarizədə önəmli bir silah kimi göstərilir. Yemək və içkilərinizə darçın əlavə edə bilərsiniz.

Sink tərkibli saqqızlar çeynəyin.

Hər saqqız ağız qoxusunu aparmağa kömək etmir. Bunun üçün sink tərkibli saqqızlar köməyinizə çata bilər.

agiz

Ağız qoxusunun aradan qaldırılması necə mümkündür?

Qərənfil: Qərənfilin təsirini ağzınızda çeynədiyiniz zaman dərhal hiss edəcəksiniz. Xoş ətri və dadı saqqız üçün gözəl alternativ sayıla bilər.
Nanə: Quru nanədən dəmlədiyiniz çay mədə turşuluğunuzu da azaldaraq, mədənin yaratdığı ağız qoxusunu azaldacaqdır.

Cəfəri: Hədsiz dərəcədə soğan və ya sarımsaq yedikdən və ya alkoqol qəbul etdikdən sonra yaranan pis qoxu zamanı cəfərini çeynəyərək udun. Bu da pis qoxunu önəmli dərəcədə azaldacaqdır.

Razyana: öskürək və soyuqlamada ciddi fayda göstərən razyana həmçinin sidik və böyrək iltihabları zamanı da olduqca təsirlidir.

Limon suyu: qəbul etdiyiniz maye və ya çaya bir dilim limon atmaq da ən çox yayılan həll yolları arasındadır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir