efzeleddin R

Ailə münasibətlərində CBT yönümlü düşüncə tərzi – “AİLƏ DOSTU”

Baxış sayı: 857

Ailədə cütlüklər arasındakı bir sıra problemlərin kökündə, onların yanlış anlamaları və məsələni qeyri-dəqiq dəyərləndirmələri dayanır. Hansısa məsələni doğru şəkildə dəyərləndirmək üçün isə onu düzgün qavramaq lazımdır. Deməli, idrak və qavrama bizim reaksiyalarımızda önəmli rol oymayır.

Aaron Beck və Albert Ellisin nəzəriyyəsinə əsasən insanların duyğuları və davranışları hadisələri necə şərh etdiklərindən təsirlənir. Duyğuları təyin edən amilin hadisənin özü deyil, insanın həmin hadisə haqqında öz düşüncə sistemində çatdığı məna olduğu vurğulanır. Onların fikrincə, şəxslərin yaşadığı problemləri ortaya çıxaran hadisənin və yaxud şəraitin özündən çox, onunla əlaqədar olan dərk və qavrayışlardır. Əslində, bəzən problem qarşınızdakı şəxsdə və hadisədə deyil, problem olan bizim şəxsin və hadisənin haqqında olan düşüncəmizdir. Yəni probleminəsasını baxış aspektimiz təşkil edir. Yəni bir sözlə, insanları narahat edən hadisənin özü deyil, hadisəyə gətirdikləri baxış tərzidir. Belə ki, bu nəzəriyyə, idrak və qavrayış əsaslı davranış psixoterapiyalarının ən əhəmiyyətli bünövrəsini təşkil edir.(Ellis, A. (1995). Reflections on rational-emotive therapy. M. J. Mahoney (Ed.), Cognitive and Costructive Psychotherapies: Theory, research and practice içinde (pp: 69-73). New York: Springer)

Aaron Beckin fikrincə, insan dünyaya gəldiyi zamandan etibarən yaşadığı təcrübələr, ailədə anlatılanlar, dostlarının və çevrəsinin rəftarları, məktəbdə gördüyü təlimlər, ocuduğu kitablar, televiziya, filmlər və yaxud həyat dərsi ilə öyrədilənlər onun həyata baxışını formalaşdırır. O, sonralar danışıq, rəftar və sair vasitələrə aldığı məlumatları zehnində işlədərək idrak edir. Məlumatın işlənmə yolu insanların hadisələrə reaksiyasında səbəbli rol oynayır. Mənfi işlənmiş məlumatlar, düşüncələr, duyğular və davranışlara nəticə yönümlü təsir edərək qarşı tərəflə uyğunsuzluq problemlərini artırır. (Beck, A. T. (1995b). Cognitive Therapy: Past, Present and Future. M. J. Mahoney (Ed.), Cognitive and Costructive Psychotherapies: Theory, research and practice içinde (pp: 29-40). New York: Springer)

Bu sahədə fəaliyyət göstərən tədqiqatçılar reaksiyalarımıza təsir edən müxtəlif məlumatları araşdırılmışlar. Onların fikrincə, düşüncə məzmunu baxımından, duyğulara və davranışlara təsir edən bir neçə fərqli idrak səviyyəsi mövcuddur:

Əsas inanclar. Bu inanclar ilkin təcrübələr nəticəsində formalaşır. Yəni dünyaya göz açdığımız zamandan başlayır. Bunlara ibtidai və təməl inanclar da deyilir. Fərdin şəxsi və ətraf mühit məlumatlarını necə qavradığını təyin edir və onun özü, başqaları və dünya haqqında təməl düşüncələrini ehtiva edir. Əsas inanclar idrak quruluşunun dərinliyində qərarlaşır. Onlar avtomatik düşüncələrdən ümumi olması ilə, ara inanclardan isə şərti deyil, ümumi və mütləq mühakimələrin olması ilə fərqlənirlər. Aaron Beck əsas inancları acizlik, bəyənilməmək və dəyərsizlik kimi üç əsas qrupda qruplaşdırmışdır. “Mən qeyri-kafi, bacarıqsız, zəifəm” kimi təməl inanclar “acizlik əsas inancları” başlığı altında yer alır. Bəyənməmək qrupuna misal olaraq “mən çirkin, darıxdırıcı, sevilməyənəm” kimi təməl inancları göstərmək olar. “Mən yaşamağa layiq deyiləm, təhlükəliyəm, dəyərsizəm” kimi inancları isə “dəyərsizlik əsas inancları” başlığı altına daxil etmək olar. (Simmons J, Griffiths R. CBT for Beginners. Sage; 2013.)

Əsas və təməl inanclar, aralıq inancların, qaydaların və fərziyyələrin altında, yəni idrakın ən dərin səviyyələrində yatır. Bunlar ilkin həyat təcrübələri ilə şəkillənən və bənzər təcrübələrlə gücləndirilən və həyat boyu öyrənilən köklü inanclar olaraq, “sərt” və “həddindən artıq ümumiləşdirilmiş”, “qeyd -şərtsiz” və “mütləq” inanclardır. Onları dəyişmək çətin prosses tələb edir. (Beck JS. Cognitive behavior therapy: Basics and beyond. Guilford Press; 2011.)

Bu qavram və rəftarlarda iki yöndə təsir qoya bilər:

1) Depressiyaya salır.

2) Hücum yönümlü edir.

Mənfi təməl inanclar dəyişikliyə müqavimət göstərdiyinə görə, onun əleyhinə olan dəlil-sübutlar asanlıqla təhrif oluna bilir və şəxs tərəfindən rədd edilir. Amma bu mənfi təməl inancları dəstəkləyən sübutlar isə zehində rahatlıqla hazır edilir. Yəni əsas inanclar mənfi olduğu zaman, onu dəyişdirib müsbət yönə sövq verdikmək ağır prossesdir. Çünki hər nə qədər onun əleyhinə dəlil-sübut olsa da, beyindəki avtomatik inanclar onu təsdiqləyən anormal sübutları artıq dünəndən hazır edərək sizə bir “həqiqət” kimi təqdim edib.

Aralıq inanclar. Bu inanclar da təcrübə və müşahidə yolu ilə öyrənilir, davranışların mücərrəd təşkilatçıları olaraq və idrak quruluşundakı əsas inancların üzərində yerləşir.

Aralıq inanclara fərziyyələr və ətrafa münasibətlər daxildir və onları dəyişmək daha rahatdır. Belə ki, dəyişmək üçün münbitdir. Avtomatik düşüncələrin altında ara inanclar, qaydalar və fərziyyələr dayanır. İdrakın orta təbəqəsində yerləşən bu inanclar, fərdin və digər şəxslərin davranışları, həyatları və hətta dünya haqqında daimi qayda-qanunlar və istəklər toplusudur. Sözlə çox ifadə edilməsə belə, “əgər” sözü ilə başlayan və “olmalı-olmalıdır” ifadəsini ehtiva edən fikirlər ara inanclaq sayılır. Məsələn; “Səhv etsəm, tamamilə uğursuz olaram”, “yaxşı uşaqlar etiraz etməməlidir”, “hisslərimi aşkara çıxarmamalıyam”, “yanlış iş görsəm məni sevməyəcəklər” və sair inancları misal göstərmək olar. Ara inanclar insanların özlərini mənfi təməl inanclardan qorumaq üçün inkişaf etdirdikləri qoruyucu bir tampon bölgədir. Məsələn, özünü qorumaq üçün natamamlıq təməl inancına sahib olan bir gəncin inkişaf etdirdiyi ara inanc, “Mən bir səhv etsəm, tamamilə uğursuz olacam” düşüncəsidir.

Avtomatik düşüncələr. 1960-cı ildə Aaron Beck idrak təhrifləri haqda ilk nəzəriyyəni ortaya qoydu. Ardınca 1980-cı ildə David Burns bu nəzəriyyəni aydın bir şəkildə nümunələrlə inkişaf etdirərək, onun sahəsini daha çox avtomatik düşüncələr üzərində genişlətdi.

Bu düşüncələr, idrak quruluşun səthində yerləşir. Avtomatik düşüncələr kortəbii olaraq ağlımıza gələn və əldə olunması üçün xüsusi səy göstərmədiyimiz, bəzən onu düşünmək istəməsək belə ortaya çıxan düşüncələrdir. Çox vaxt onların mövcudluğunun belə fərqində deyilik, elə bilirik ki, öz şəxsi düşüncələrimiz və təfəkkürümüz nəticəsində, ağılla əldə etmişik. Avtomatik düşüncələr hər kəsdə mövcuddur, amma psixi pozğunluğu olan insanların avtomatik düşüncələri həddindən artıq çox və qüsurlu olur. Travmalı insanların avtomatik düşüncələri sağlam fərdlərlə müqayisədə daha sürətli, ani, sərt və nöqsanlıdır.

Mənfi avtomatik düşüncələr təhrif olunmuş idrak prosesinin məhsuludur. Avtomatik düşüncələrə idrakdakı təhriflər və ya idraki səhvlər də deyilir. (Levitt EE. The results of psychotherapy with children: an evaluation. Journal of Consulting Psychology 1957;21(3):189)

Bu inanclar o qədər qəribə və müxtəlif çalarlara malikdir ki, Beck evlilikdəki çətinliklərin və xəyal qırıqlıqlarının kökündə əlaqələr haqqında real olmayan gözləntilərin olduğunu söyləmişdir. Bunlardan biri kimi məsələn qadınların da, “problemlərimizi danışa bilmiriksə, deməli problemli evliliyimiz var” inancıdır. Digəri isə daha çox kişilərdə görülən, “problemlərimiz haqqında danışmaq məcburiyyətindəyiksə, problemli bir evliliyimiz var.” inancıdır.

1960-ci illərdə inkişaf etdirilən rasional emosional nəzəriyyənin əsas fərziyyəsi ondan ibarət idi ki, insanların yaşadıqları hadisələri necə şərh etmələri onların yaşadıqları psixoloji çətinliklərin formalaşmasını müəyyən edir.Ellis 1970-ci ildə bu nəzəriyyəni davam etdirib; düşüncələrin, hisslərin və davranışların bir-birinə əhəmiyyətli dərəcədə təsir etdiyini və onların qarşılıqlı səbəb-nəticə əlaqəsində olduğunu vurğuladı.

Ellis, “ABC Şəxsiyyət Modeli nəzəriyyəsi”ni irəli sürmüşdür: ABC nəzəriyyəsində, A nöqtəsində insanı narahat edən bir vəziyyət var. B nöqtəsi, A nöqtəsi haqqında inancları ehtiva edir. C nöqtəsi isə nəticə deməkdir. Şəxsin A vəziyyəti haqqında doğru olmayan inancları varsa, C nöqtəsində xoşagəlməzliklər, narahatlıqlar, stresslər və depressiya onu gözləyir.

Bunun üçün də, B nöqtəsindəki A haqqında məntiqsiz inancları rasional və məntiqli inanclarla əvəz etmək lazımdır. Məsələn: Əgər (A nöqtəsi olaraq) imtahan vermək sizin üçün gərgin bir vəziyyətdirsə, deməli, insan (B nöqtəsi olaraq)təqdimat yaxud imtahan zamanı kəsilməkdən qorxur. Bu vəziyyət insanda (C nöqtəsi olaraq)narahatlıq yaradır.

Bundan yaxa qurtarmaq üçün isə bu şəxsin məntiqsiz inancını B nöqtəsində dəyişdirmək lazımdır. Nəticədə, narahatlıq C nöqtəsindakə problem ya azalacaq, ya da tamamilə yox olacaqdır.

Ellisə görə, inanclar idrak, emosionallıq və davranışın nəticələrinin “səbəbkarı”, “yaradıcısı” və “qoruyucusudur”. Yəni inanclarına görə dərk edir və qavrayır, bu əsasda hissiyyatını izhar edir və ona uyğun da davanırıq!

Həm düşüncələrin, həm də hisslərin ifadəsi olan “daxili nitq”,“iç səs”, “avtomatik düşüncələr” sonradan fərdin inanc sistemini təşkil edir. Buna əsasən, inanc sistemi rasional və irrasional olaraq ikiyə bölünür. Rasional inanclar həqiqətə tam uyğun gələn, məlumatlar və ya sübutlarla dəstəklənən və obyektiv müşahidələrlə təsdiqlənə bilən inanclardır. İrrasional inanclar, məlumatlar, faktlar və sübutlarla dəstəklənə bilməyən və vatıilə diktə olunmuş inanclardır. Rasional olan inanclar ümumiyyətlə reallığa uyğundur, məntiqi və çevikdir. İrrasional inanclar yığıntıdır, şübhədir, qorxu və mənfəətdir.

Elə buna əsasən duyğular da, sağlam və sağlam olmayan duyğular olaraq iki yerə bölünür.Amma yenə də sağlam duyğular müsbət və mənfi olaraq ikiyə bölünür.

Sağlam pozitivduyğular: xoşbəxtlik, sevinc, maraq, sevgi və s insanı yaşamağa, inkişafa, özünə dəyər verməyə və gözəl münasibətlərə sövq edir.

Sağlam neqativ duyğular: kədər, peşmanlıq və narazılıq kimi ki, insanın təbiətinə uyğundur və hadisələrə reaksiya yönümlüdür.

Sağlam olmayan neqativ duyğular: narahatlıq, qəzəb, ümidsizlik, qeyri-adekvatlıq  kimi psixoloji travmalarla əlaqəlidir.

Ellisin fikrincə irrasional inanclara dair üç əsas tələb mövcuddur:

-özü haqqında

-başqaları haqqında

-dünya haqqında.

Bu tələblər müxtəlif emosional sıxıntılara səbəb olur:

Özü haqqında:“Mən çirkinəm.”

Dünya haqqında: “Məni onsuz da sayan yoxdur.”

Gələcək haqqında:“İşlər daha da pisləşəcək.”

Rasional idrak davranış nəzəriyyəsinə görə cütlüklərbir sıra emossional problemlerin məntiqdən üzaq inanclardan qaynaqlandığını bilməlidirlər. Bu inancların dəyişdirilməsi üçün 3 əsas məsələyə diqqət etmək lazımdır zəruridir:

1) Ailə üzvlərinin emosional sıxıntısı təkcə xarici dünyadan qaynaqlanmır, öz ailə birliyi çərçivəsində qazandıqları məntiqsiz inanclara əsaslanır.

2) Ailə üzvləri bu məntiqsiz inancları təkrar etməyə meyllidirlər. Yəni davamiyyət var. Bu zəncirvari davamiyyət kəsilməlidir.

3) Ailə üzvləri məsələni anlayaraq, problemin əslində harada olmasını bilərək məntiqsiz inancları dəyişə bilərlər.

Məsələn, uşağa ailədə “mükəmməl olmasınınzəruri olduğu, əks halda sevilə bilməyəcəyi” mesajı verilərsə, o gələcəkdədaim“dəyərsiz”, “qeyri –kafi” və “sevilməz” olduğunu düşünə və bu onun inancına çevrilə bilər. Evlilik həyatında mükəmməl həyat yoldaşı, ata, yaxud ana ola bilməyəcəyini düşünər. Bu mənfi inanclar və düşüncələr də duyğularına təsir edər və narahatlıq və qəzəb kimi hisslərə səbəb ola bilər. Davamında isə özünə və başqalarına qarşı kin, yaxud depressiya gələr.

Ellis irrasional düşüncələrə əsaslanan üç düşüncə sisteminin olduğunu söyləyir:

1) Yaxşı insan olmalıyam və başqalarının razılığını qazanmalıyam, əks halda dəyərsiz qalacağam.

2) Başqaları mənimlə istədiyim kimi düşüncəli və mehriban davranmalıdır, əks halda utandırılmalı və cəzalandırılmalıdır.

3) Həyat mənə istədiklərimi asanlıqla və tez verməlidir, amma istəmədiyim şeyi deyil.

Yanlış qavramlar yıxıcıdır, zərərvericidir. Parazitlər kimidir. Alimlər belə qavramlar haqda çoxsaylı nümunələr qeyd etmişdir. Biz gələn məqalələrimizdən etibarən 10 yanlış idrak xətası haqda təfərrüatı ilə danışacayıq. Onlar aşağıdakılardır:

1) Nəticə almağa tələsmək

2) Müsbətləri silmək

3) İfrat ümumiləşdirmə

4) Şəxsiləşdirmək

5) İki qütblü düşüncə

6) Etiketləmək

7) Emossional tunel baxışı

8) Fəlakətləşdirmək

9) Böyütmək-kiçiltmək

10) Olmalı-olmamalı zərurəti

 

Nəticə

Bir insanın idrakı və qavrayışı düzgün olarsa, sağlam təməllər üzərində qurularsa dəyərləri və inancları da düzgün formalaşar. İnancları düzgün formalaşan şəxsin rəftarı və duyğuları da düzügün olacaqdır. Doğru inanc, doğru his, duyğu və həyəcan deməkdir. Doğru his və həyəcan isə doğru rəftar deməkdir.

Dünyaya göz açdığı zaman insanın əsas və təməl ehtiiyacları empatia, qayğı və qorunmaq olaraq bilinir. Belə ki, bu 3 təməl ehtiyac lazımı miqdarda təmin edilməzsə, şəxs böyüdükcə onda özünəməxsus travmalar və izlər qoyacaqdır.

Elə islam dini də öz əxlaqi göstərişlərində daim bu 3 əsasa diqqət çəkmişdir. Maraqlıdır ki, İmam Əli (ə) oğlu İmam Həsənə (ə) nəsihətində buyurur: “Yeniyetmənin qəlbi, səpilən hər bir şeyi qəbul edən boş yer kimidir. Buna görə də mən sənin qəlbin bərkiməmiş və zehnin (başqa şeylərlə) məşğul olmamış səni tərbiyə etməyə başladım.” (Nəhcül-Bəlağənin şərhi, İbn Əbil Hədid, c.16,  səh. 66)Yəni, əslində Hz. Əli (ə) övladının tərbiyəsini uşaqlıqdan başladığını və onun təməl inanclarının sağlam əsaslar üzərində qurduğunu və bununla yanaşı aralıq inancların yeniyetməlikdə daha möhkəm formalaşdığına diqqət çəkərək onun davam etdirilməsinin zəruri olmasını qeyd edir.

Elə bu səbəbdəndir ki, Hz. Cəfər Sadiq (ə) buyurur: “Uşaqları sevin və onlara qarşı mehriban olun, onlara söz verirsinizsə, ona əməl edin. Unutmayın onlar ehtiyaclarını və ruzilərini sizin əlinizlə təmin edirlər.” (Kafi, Koleyni, c. 6, səh. 49)  Burada sevgi, qayğı və qorunmaq ehtiyacı birgə qeyd edilir ki, insanın sağlam düşüncə əsaslarına, daha doğrusu təməl inanclarının düzgün məntiq əsasında qurulmasına hədəflənmişdir.

Allahın elçisi  (s) buyurur: “Uşaqları sevmək odun qarşısında bir sipərdir və onlarla bir süfrədə yemək oddan azad olmaq əlamətidir, onları əzizləmək isə sirat körpüsünü keçmək deməkdir.” (Tənbihül-ğafilin, səh. 340, hədis 501).

Diqqət etdiyiniz kimi sevginin və ehtiramın, dəyər verməyin birlikdə qeyd olunduğu bu hədisdə insanın uşaq vaxtı ehtiyaclı olduğu ən əsas məqamlara toxunulub. Belə ki, dəyərlilik hissi də, insanın sağlam inanclarının nəticəsində qazanılan ən zəruri duyğudur ki, buna da dinimiz davamlı təkid etmişdir. Hz. Sadiq (ə) buyurur: “Beş xüsusiyyəti heç vaxt tərk etmərəm. Onlardan biri də, uşaqlara salam verməyimdir…” (Əl-Xisal, Səduq, səh. 301) Çünki onlara salam vermək, şəxsiyyətlərinin dəyərli olmasını təmin edir.

Ümumiyyətlə, təməli möhkəm qoyulan özümüz, başqaları və həyat haqda olan inanclar, bizə düzgün rəftar və duyğular bəxş edəcəkdir. Amma, insan zehni məntiqli olmayan anlayışa sahib olarsa, hər nə qədər onun məntiqli olmamasına dəlil-sübut gətirilsə də, müqavimət göstərərk onu qoruyub saxlayacaq. Hətta əksinə olan dəlil-sübutlar da olsa, avtomatik düşüncələr onu rahat buraxmayacaqdır. Uşaqlıqdan gələn fərziyyələr, qanunlar və doğru sandığı anlayışları onun rəftarına təsir qyacaqdır. Burada həmin anlayışları sual altına almaq, əksini isbatlamaq, təcrübə etmək lazımdır. Amma ən önəmlisi isə doğru insanların bunun əksini həyatda sizə göstərə bilməsidir.

Bunu yaxşı anlamaq üçün yaxın Şərqdən bir hekayə söyləyim: Hindistanlı bir qoca usta şagirdinin hər şeydən şikayət etməsindən bezmişdi. Bir gün o, şagirdinə bir ibrətli dərs verməyi qərara aldı. Onu duz almağa göndərdi. Həyatında hər şeydən narazı olaraq şagird geri qayıdanda qoca usta ona sudan bir stəkana töküb ona bir ovuc duz atıb içməyi əmr etdi. Şagird qocanın dediyi kimi etdi, amma bir qurtum içən kimi qalan suyu ağzından geri qaytardı. Usta “suyun dadı necədir?”-deyə soruşdu. Ağzını acıdan büzüşdürən şagirt qaşlarını çatıb dedi: “Çox acıdır.”

Qoca usta güldü, şagirdinin qolundan tutub bayıra çıxardı. Sakitcə onu gölün sahilinə apardı və bu dəfə şagirdinə dedi ki, gölə bir ovuc duz atsın və göldən su içsin. Ustanın dediklərini narazı halda yerinə yetirən şagird əli ilə ağzının kənarındakı suyu silərkən, qoca ona eyni sualı verdi: “Dadı necədir?”

Ustanın nə istədiyini anlamayan gənc şagird, gülümsəyərək cavab verdi: “Şirindir, dadlı sudur.” Qoca usta soruşdu: “Su duzlu deyildi?” Şagir dedi: “yox, əksinə ləzzətli idi.”

Sonra qoca suyun kənarında diz çökmüş şagirdinin yanında oturub dedi: “Oğlum, həyatın iztirabları və çətinlikləri də bu duz kimidir. Çətinliklərin miqdarı da həmişə bu bir ovuc duz kimi eynidir. Amma bunun acılığı onu nəyin içinə qoymağından asılıdır. Çətinliklər səni incitdiyi zaman etməli olduğun tək şey,  sənə əzab verən məsələyə qarşı baxış aspektini dəyişməyindir. Çünki onu necə görərsən, eləcə də qəbul edərsən. Ona görə də sən stəkan olma, göl olmağa çalış.”

 

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə Fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir