Yazın gəlişi ilə xəstəliklərin sayı da artır. Həmin xəstəliklər sırasına daha çox qızılca və suçiçəyini aid etmək olar. Onların bu mövsümdə yayılmasının səbəbi isə yoluxucu olmasıdır. Əsasən 5-14 yaşlı uşaqlar arasında yayılan, yazın əvvəllərində daha çox müşahidə olunan suçiçəyi infeksion xəstəlikdir. Mövsümü olmasının səbəbi isə virusun Günəşin ultrabənövşəyi şüalarına davamsızlığıdır.
Mövzuya dair fikirlərini bildirən həkim-pediatr Nigar Mirzəyeva aşağıdakıları dedi: “Suçiçəyinin ilkin əlamətləri virusa yoluxandan sonra ilk gün ümumi halsızlıq və temperaturun müşahidə olunası, ikinci və üçüncü gündən sonra isə uşaqlarda virusun özünəməxsus səpgilərinin əmələ gəlməsidir. Dəri səthindən qabarıq və içərisi maye ilə dolu səpgilər onun üçün çox xarakterikdir. Hətta saç tüklərinin arasında, qulağın içində, gözlərdə belə həmin səpgiləri müşahidə etmək olur. Adətən həmin dövrdə valideynlər uşaqların çimməyinə icazə verilib-verilməməsi barədə soruşurlar. Təbii ki, dəri səthini təmiz saxlamaq üçün çimmək olar, lakin sərt yuyunmaq, kisə və digər vasitələrdən istifadə etmək düzgün deyil”.
Xəstəliyin yeganə mənbəyi insandır. Virus xəstə uşağın asqırması, öskürməsi, bir sözlə, hava-damcı yolu ilə ötürülür. Xəstə ilə təmasdan 14-22 gün sonra ilkin əlamətlər özünü büruzə verir.
Həmin mövsümdə suçiçəyindən sonra azyaşlılar arşında geniş yayılan infeksiyalardan biri də qızılcadır. Xəstəliyə 6 aya qədər körpələrdə nadir hallarda rast gəlinir. Virus özünü yoluxmadan 10 gün sonra göstərməyə başlayır. Qızılcaya yoluxan şəxs səpgilər başlamazdan əvvəlki 3-4 gün və sonrakı 4-5 gün ərzində xəstəliyi başqalarına yoluxdura bilir. Xəstə asqırdığı və ya öskürdüyü zaman virus ətrafa yayılır, havada və səthdə 2 saat müddətində qala bilir.
“İlk gün qızdırma, ümumi halsızlıq, iştahasızlıq və bununla yanaşı bütün bədənin səpməsi müşahidə olunur. Səpgilər suçiçəyindən fərqli olaraq qabarıq şəkildə olmur. Virus olduğuna görə həm suçiçəyi, həm də qızılcanın meningit, ensafelit və s. kimi ağırlaşmaları ola bilər. Qızılca da virus olduğuna görə ona yoluxduqda antibiotikdən istifadə edilməsi düzgün yanaşma deyil. Peyvənd etdirməklə uşaqları bu infeksiyadan qorumaq mümkündür”, – deyə həkim-pediatr bildirib.
Suçiçəyi və qızılca xəstəliklərini keçirənlər bu infeksiyalara qarşı ömür boyu immunitet qazanırlar və bir daha ona yoluxmurlar. Lakin yoluxanların 20 faizində təkrar yoluxma halı baş verə bilər. Həmin viruslardan qoruyan yeganə etibarlı yol isə peyvənddir.