urek

Sükan yox, “motor” sözə baxmayanda… – bu şəxslər maşın sürməməlidir!

Baxış sayı: 458

Qəfil ölüm daha bir tanınmış ictimai xadimi, əməkdar mədəniyyət işçisi, 55 yaşlı Oqtay Əliyevi aramızdan apardı. Xəbər verildiyi kimi, martın 22-də “Toyota Lexus” markalı avtomobilinin sükanı arxasında O.Əliyevin ürəyi tutub və bu səbəbdən maşın aşıb. Nəticədə o, dünyasını dəyişib. Həyat yoldaşı, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki yaralanıb.

Sükan arxasında sürücünün halının qəfil pisləşməsi səbəbindən yol-nəqliyyat hadisəsinin yaşanması ilk dəfə deyil. Hərçənd qohumları bildiriblər ki, Oqtay Əliyevin ürəkdən şikayəti olmayıb, təzyiqi olub, amma ürəyin, hər halda, xroniki problemi olması rəyi daha ciddi görünür.

Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıb - 22.03.2023, Sputnik Azərbaycan

“Hər zaman hay-küylü, coşub-daşan Oqtayın həmin an səsi belə çıxmadı. Bu dəfə Dilarə ilə mən qışqırırdıq: Oqtay… Oqtay… Oqtay… O isə susurdu. O susurdu, maşın çevrilirdi. Bu, sadəcə, qəzavü-qədər idi…”

Bunu hadisədən bir neçə gün sonra Mehriban Zəki yazıb. Demək ki, O.Əliyevin halı qəfil pisləşibmiş. Bu da ilk növbədə ciddi ürək probleminə işarədir. Ürək isə obrazlı desək, orqanizmin “motoru” satılır. Faciənin Novruz günlərində baş verməsi da diqqət çəkir. Çünki Novruz ən kalorili qidaların istehlak edildiyi bayram sayılır. Hansı ki, özündə qan təzyiqi, ürək-damar və artıq çəki problemləri olanlar üçün ciddi risk daşıyır.    Elə bu ilin mart ayında bir neçə yol hadisəsi məhz sürücülərin qəfil ürəktutması nəticəsində baş verib.  Martın 9-da Bakı-Sumqayıt yolunda sürücü qəfil ölüb. Sürücü Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən verilən “Saxla” əmrindən sonra qəfil vəfat edib. Eyni gündə, martın 9-da Şamaxıda da sürücü sükan arxasında qəfil dünyasını dəyişib. Rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, 04.02.1965-ci il təvəllüdlü Səmədov Nazim Muxtar oğlu “Volkswagen Tiguan” markalı, maşını idarə edərkən ürək çatışmazlığından ölüb. Araşdırma zamanı müəyyən edilib ki, o, maşını idarə edərkən qəfl halı pisləşib. Və bu zaman idarə etdiyi maşın səkiyə çırpılaraq dayanıb. Sürücü rayon mərkəzi xəstəxanasına çatdırılmasına baxmayaraq, kəskin ürək çatışmamazlığından ölüb.

Martın 13-də isə Nizami rayonu, Babək prospekti 23/23 ünvanının qarşısında 1966-cı il təvəllüdlü Qazıbəyov Elçin Aydın oğlunun idarə etdiyi “Honda” markalı avtomobil yoldan çıxaraq səkidəki insanlara və ağaca çırpılıb. Nəticədə yol kənarında olan piyadalar: Rzayev Emil Elmar oğlu, Vəliyev Vəli Bəxtiyar oğlu,  Abdullayev Rəşad Mübariz oğlu və Şeydayev Abdul Yaqub oğlu xəsarət alıb. Elçin Qazıbəyov isə hadisə yerində ölüb. İlkin araşdırma zamanı E.Qazıbəyovun sükan arxasında ürəktutmadan ölməsi və bu səbəbdən avtomobilin qəzaya uğraması məlum olub.

Ümumiyyətlə, təzyiq, ürək narahatlıqları olanların sükan arxasında oturması nə dərəcədə doğrudur? Bəs başqa hansı xəstəliklər var ki, onlardan əziyyət çəkən şəxslər maşın idarə etməməlidir?

Tanınmış kardioloq: “Mən pasiyentlərimin 90 faizinə bir dərman yazıram”

Tanınmış kardioloq İdris Xəlilov mövzu ilə bağlı dedi ki, qəfləti ürək ölümü bir saat ərzində bəlli olan və ya olmayan səbəbdən ürəyin dayanmasına deyilir. Bəlli olan səbəblər ona deyilir ki, pasiyent əvvəllər müayinə olunub, öz diaqnozunu bilir: “Bu səbəblər hansılardır? Ürəyin işemik dəyişiklikləri, stenokardiya, infarkt, stend taxılmış xəstələr, aorta koronar şüntlama keçirmiş xəstələr. Bundan başqa, ürəyin qüsurları ürək klapanları ilə bağlıdır. Üçüncüsü, ürəyin qan damarlarının böyüməsi, yəni xroniki ürək çatışmazlığı, eləcə də ürəyin əzələsinin iltihabi xəstəlikləri, bundan başqa, ürəyin elektrik sisteminin xəstəlikləri daimi və keçici ola bilər. Bunlar da müxtəlif növ xəstəliklərdir. Bunu pasiyent özü bilə də bilər, bilməyə də. Söhbət artıq bəlli olmayan xəstəliklərdən gedir. Pasiyent özünü sağlam hiss edir, heç bir simptomu yoxdur, amma onu diqqətlə müayinə etsək, bu xəstəliklərin aşkarlanması mümkündür.

Tam sağlam bir insan hətta qəfləti ölümlə üzləşə bilər. Ürək damarlarının qəflətən spazmına normal hallarda 5 faiz insanda rast gəlinir. Çoxlu miqdarda, bir litr və daha çox alkoqol içən insanlar, yüksək dozada narkotik maddələr qəbul edənlər də qəfləti ölüm keçirə bilər. Yaxud zəhərli ilan sancması, suisid (intihar- red.) məqsədilə qəbul edilən dərmanlar da eyni təsiri göstərə bilər. Elə dərman vasitələri var ki, hətta adi tibb sahəsində çalışanların xəbəri olmadan, süni şəkildə zəhərlərin bədənə yeridilmiş preparatlar nəticəsində də qəfil ölüm yarana bilər”.

O ki qaldı sükan arxasında qəfləti ölümə, kardioloq deyib ki, bu, sadalanan xəstəliklərin nəticəsində ola bilər: “Həmçinin yaşlı, gecə normal yatmayan insanların da sükan arxasında maşınının idarə etməsində problemlər yarana bilər. İnsan özü üçün də, yaxınları üçün də təhlükə törədə bilər. Yüksək şəkərli diabet, qan təzyiqi, sadaladığım xəstəlikləri olanların maşın sürməsi doğru deyil. Maşın sürmək üçün insanlar vəsiqə alanda həkimlərin müayinəsindən keçirlər. Amma alandan sonra xeyli vaxt keçir, sonradan xəstələnə bilərlər. Ona görə də xəstələr yaxşı olar ki, maşın sürməsin. Bu insanlar hər hansı bir diskomfort hiss edəcəklərsə, maşını o dəqiqə saxlamalı, müayinə olunmalıdırlar”.    

Qeyd edək ki, Azərbaycanda şəkər xəstəliyi olan istər qadın, istərsə də kişilərə sürücülük vəsiqəsi verilmir. Terapevtin müayinəsindən keçən zaman təzyiqi yüksək olan insanlar isə müəyyən müalicə kursundan sonra yenidən sağlamlıq haqqında arayış üçün müraciət edə bilirlər. Ekspertlər hesab edir ki, sürücülük vəsiqəsi alan zaman vətəndaş sağlam olsa da, sonradan xəstələnərsə, bu zaman təhlükəli ola bilər. Odur ki, zaman-zaman sürücülər tibbi yoxlanışdan keçməlidirlər.

Yeri gəlmişkən, Rusiyada hökumətin avtomobil idarə etməyin qadağan olunduğu xəstəliklərin siyahısını müəyyən edən qərarı var. Əks göstərişlərin siyahısını Səhiyyə Nazirliyi tərtib edib. Bunlar – insultdan sonrakı vəziyyət, bütün forma və növ epileptik pozğunluqlar, parkinson xəstəliyi, istənilən formada psixi pozğunluqlar, şizofreniya, əhval pozğunluğu və depressiya, əqli gerilik, nevrotik vəziyyətlər, dərman qəbulu nəticəsində psixi dəyişikliklər, korluq, Rəng korluğu (daltonizm) və akromatopsi, astiqmatizm, sarsıntı və digər travmatik beyin xəsarətləri, fiziki əzaların sınıqları (qol və ya ayaq gipsdə), hamiləlik, skleroz və yaddaş itkisi, onkologiya, diabet, astma, ensefalopatiya, ürək və damar xəstəlikləri, təzyiq problemləri (hipertoniya və hipotoniya), baş ağrısı və temperaturdur.

Qəti qadağalar yalnız xəstəliklərin beynəlxalq təsnifatı – ICD ilə müəyyən edilmiş xəstəliklərə aiddir. ICD-nin son versiyası 10 nömrə altında buraxılıb. Ancaq ən maraqlısı, xəstəlik kodu F60 – F69 – yetkinlik dövründə şəxsiyyət və davranış pozğunluqlarına, o cümlədən cinsi anomaliyalara uyğun gələnlər üçün nəqliyyat vasitələrinin idarə edilməsinə qadağa qoyulmasıdır. Mexanik və ya avtomatik nəqliyyat vasitələrini idarə edənlər üçün tibbi göstəricilər də fərqlidir. Tələblər bir gözü kor olan sürücülərin idarə etdiyi avtomobillərə və sürücü görmə korreksiyası üçün tibbi cihazlardan istifadə etdikdə də tətbiq edilir.

Rusiyada təhlükəli xəstəliklər olduqda avtomobil sürməyin cəzası da müəyyən olunub. Avtomobil hüququnda müəyyən xəstəliklərlə sürücülük imkanlarını tənzimləyən “Nəqliyyat vasitələrinin təhlükəsizliyi haqqında” Federal Qanun (xüsusilə 23-cü maddə) mövcuddur. O, əks göstərişlər siyahısına istinad edir, onların olması halında təkcə avtomobil idarə etmək deyil, həm də ümumiyyətlə hüquq əldə etmək mümkün deyil. Onların arasında əsasən beyin, görmə və fiziki fəaliyyətlə əlaqəli xəstəliklər var. Sürücü qanunu aşa bilsə və qadağaya baxmayaraq sükan arxasına keçərsə, o, nəinki cərimə olunmaq riski ilə üzləşir, həm də öz həyatını və digər hərəkət iştirakçılarının təhlükəsizliyini risk altına qoyur.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir