seyahet

Turizm məqsədi ilə xarici ölkələrə səyahət neçəyə başa gəlir?

Baxış sayı: 730

Turizm üçün ən dinamik dövr başlayır. Müxtəlif Avropa ölkələrinə getmək üçün vizası olan vətəndaşlar artıq “booking” vasitəsilə yerlərini bron edib.

Yaz və yay aylarını daha mənalı keçirmək istəyənləri düşündürən sual isə qiymətlərlə bağlıdır. Maraqlıdır, hazırda Avropa ölkələri və Azərbaycanda qiymətlər necədir?

SEYAHET

Öncə “Booking”dəki qiymətlərə nəzər salaq:

Avqust ayı üçün Finlandiyada hotel-motellərdə 5 günlük gecələmənin qiyməti təxminən 900-2500 manat arasında dəyişir. Lakin qonaq evlərində bundan bir qədər daha aşağı büdcəyə – 600 manata da yer tapmaq mümkündür.

Finlandiya ilə müqayisədə İtaliyada, xüsusən də ölkənin ən cazibədar və tarixi şəhəri olan Romada qiymətlər demək olar ki, sərfəli deyil. Burada hotel və motellərdə 5 günlük gecələmənin qiyməti təxminən 1500-4000 manat arasında dəyişir. Fransada isə qiymətlər 1200-4000 manat arasında dəyişir.

Dubay istiqamətində qiymətlər hələlik ki, o qədər də yüksək deyil. Beş günlük gecələmənin ümumi qiyməti 750 manatdan başlanır. Lakin burada qiymətlərin yuxarı həddi 11 min 500 manata qədərdir.

seyahet

Turizm agentləri nə deyir?

Bir sıra tur agentlri paket qiymətlərin daha sərfəli olduğunu, yerli vətəndaşlarımızın son illərdə ekzotik ölkələrə daha çox səyahət etməyə üstünlük verdiyini deyirlər.

Turizm agentliyin rəhbəri, ekspert Tərlan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, son illər vətəndaşlarımız arasında ərəb ölkələrinə maraq artıb:

“Son illər bu siyahıya ərəb ölkələri də daxil olub. Bundan başqa, son illər vətəndaşlarımızın daha çox səyahət etdiyi ölkələr sırasına bir sıra ekzotik ölkələr də əlavə olunub. Azərbaycandan birbaşa uçuşların həyata keçirildiyi ölkələrin sayının artmasının da buna təsiri var. Bu siyahıda Monteneqro da artıq populyarlıq qazanıb”.

Ekspert qeyd edir ki, yerli vətəndaşlarımız üçün Birləşmiş Ərəb Əmirliyi liderliyini qoruyub saxlamaqdadır:

“Lakin Avropa ölkələrinə də maraq artmağa başlayır. Qeyd edim ki, vətəndaşlarımız artıq ənənəvi turistik ölkələrdən qaçaraq Afrikayadək gedib çıxırlar. Afrika ölkələri üçün paket qiymətləri 3 min dollardan başlayır”.

Səyahət üçün hansı ölkələrin daha bahalı olmasına gəldikdə isə, Tərlan Quliyev bildirir ki, bu ilin turizm mövsümündə də ekzotik ölkələr daha bahalı olacaq:

“Maldiv adaları, İndoneziya, Bali, Dominikan Respublikası və sair bu kimi istiqamətlərdə qiymətlər yüksəkdir. Bundan başqa, Meksika isitqamətində olan turlar da bahalı hesab edilir. Burada məsafənin uzaq olması amilinin də təsiri var”.

Ölkə üzrə qiymətlərə gəldikdə isə ekspert bildirir ki, istənilən bölgədə bahalı turizm obyektləri, hotellər var.

Azərbaycanın müxtəlif bölgələri üzrə bir ailə üçün 5 günlük gecələmənin ortalama qiyməti isə 700-1750 manat arasında dəyişir. Ümumi olaraq isə, hotellərdə gecələmə xərcinin üzərinə səyahət və istirahət-əyləncə xərclərini gəldikdə, qiymətlər bir qədər də yüksəlir.

Göründüyü kimi, Avropa və Azərbaycanda hotellərdə istirahət qiymətləri demək olar ki, eyni olduğundan vətəndaşlar isitrahət üçün daha çox başqa ölkələrə səyahət etməyə üstünlük verirlər.

seyahetTurizmlə bağlı statistika

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ilin yanvar-fevral aylarında Azərbaycan Respublikasına dünyanın 148 ölkəsindən 232,5 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,5 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Gələnlərin 32,4 faizi Rusiya Federasiyası, 21,0 faizi Türkiyə, 9,2 faizi İran, 5,7 faizi Gürcüstan, 3,8 faizi Hindistan, hər birindən 3,1 faiz olmaqla Birləşmiş Ərəb Əmirlikləri və Pakistan, 1,9 faizi Küveyt, 1,8 faizi Səudiyyə Ərəbistanı, 1,7 faizi Qazaxıstan, hər birindən 1,5 faiz olmaqla Ukrayna və Belarus, 1,4 faizi Özbəkistan, 1,3 faizi Türkmənistan, 10,6 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 77,5 faizini kişilər, 22,5 faizini qadınlar təşkil edib.

Dövlət Statistika Komitəsinin mlumatına görə, 2022-ci ilin yanvar-fevral ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 18,3 faiz artaraq 218,0 min nəfər olub. Gürcüstana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,5 dəfə, Türkiyəyə gedənlərin sayı 15,9 faiz, Rusiya Federasiyasına gedənlərin sayı 8,4 faiz artmış, İrana gedənlərin sayı isə 15,5 faiz azalıb. Ölkə vətəndaşlarının 39,7 faizi Türkiyəyə, 22,8 faizi Rusiya Federasiyasına, 9,9 faizi Gürcüstana, 8,4 faizi İrana, 19,2 faizi digər ölkələrə səfər edib.

 

Nigar Isgəndərova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir