onlayn alis-veris

Onlayn ticarətin astarı…

Baxış sayı: 488

Pandemiya dövründə tətbiq olunan qadağalar səbəbindən bir çox mağazalar onlayn xidmətə keçid etdilər. Bir müddət sonra qadağalar qismən aradan qaldırıldı, mağazaların fəaliyyəti bərpa olundu, amma müştərilərin sayında artım olmadı. Sanki insanlar elə bunu gözləyirmişlər, artıq əksəriyyət onlayn ticarətə üstünlük verirdi. Türk lirəsinin dəyərdən düşməsi bu prosesi bir qədər də sürətləndirdi. Onlayn ticarətə tələbatın artması nəticəsində mağazaların alış-veriş dövriyyəsi azala-azala gedir. Ticarət mərkəzləri azalan dövriyyələrini bərpa etmək, yaranan yeni şəraitlə ayaqlaşmaq üçün nə etməlidir?

 

Müştəri onlayn alış-verişə üstünlük verirsə… 

“Azərbaycandakı mağazaların rəqibi digər brendlər deyil, onlayn satışdır. Onlayn satış mağazalardakı dövriyyəni 25-30 faiz daha aşağı çəkdi, mənfi təsir göstərdi”. Bu sözlər Azərbaycanda çalışan türk satış mütəxəssisi Ahmet Kandemirə aiddir.

A.Kandemir deyir ki, Azərbaycanda onlayn satış peşəkar şəkildə  icra edilmir: “Onlayn alış-verişdə məhsul qapınıza gələnə qədər heç kəslə əlaqə qurmursunuz, sadəcə məhsulu bəyənir, ödəniş edirsiniz və mənzilinizə gəlir. Amma Azərbaycanda hansısa mağazadan onlayn məhsul sifariş edən müştəri yorulur. Bu problem aradan qaldırılmalıdır. Ortada nümunə də var, ondan yararlanaraq peşəkarlığı artırmaq olar. Məsələn, Türkiyədən alış-veriş etdiyinizdə heç kəslə əlaqə qurmur, məhsulu seçir, ödənişi də onlayn edirsiniz. Sadəcə məhsul Türkiyədən Bakıya gəldikdə, gedib karqo şirkətindən alırsınız. Azərbaycandakı şirkətlər də işlərini bu mərhələyə gətirməli, insan faktorunu azaltmalı, qiymətlər mağazadan daha uyğun olmalıdır. Müştəri mağazaya getmək yerinə, onlayn alış-verişə üstünlük verirsə, deməli, avantajı olmalıdır”.

 

İstədiyini Türkiyədə tapırsa…

A.Kandemir bildirir ki, onlayn alış-verişə tələbatın artması, həm də birbaşa qiymətə bağlıdır: “Əgər vətəndaş Azərbaycanda 70-80 manata məhsul alırsa, bu 600-650 TL edir. Həmin pula eyni məhsuldan Türkiyədən 3-4 ədəd gətirə bilər. Müştəri mağazada tapa bilmədiyi məhsulu, modeli, rəngi Türkiyədə onlayn alış-verişdə daha ucuz qiymətə tapırsa, təbii ki, seçimi bu istiqamətdə olur”.

“Eyni şəbəkənin 20-30 ədəd mağazası var, amma…”

A.Kandemirin sözlərinə görə, istehsalçılar müştəriyə sərfəli qiymət təklif etmək üçün mağazaların sayını azaltmalı, onlayn ticarətə üstünlük verməlidirlər: “Onlayn satış mağazaların sayını azaltmaq, yeni yerlər kirayələməmək, təmirə pul xərcləməmək, işçi götürməmək, kommunal xərclər olmaması üçündür. Amma Azərbaycanda bir çox şəbəkələr onlayn satış etsə də, mağaza işlətməyə də davam edir. Eyni şəbəkənin 20-30 ədəd mağazası var, amma hələ də yenisini açmağa çalışır. Mağaza sayını, xərcləri azaltmalıdırlar ki, onlayn satışda müştəriyə sərfəli qiymət təklif edə bilsinlər. Bunları düşünmədikcə müştəriyə sata bilməyəcəksiniz. Amma xaricdən malı gətirib onlayn satsalar, minimum xərclərlə ofis kirayələyər, daha az işçi saxlayar və sərfəli qiymətə sata bilərlər”.

Onlayn ticarətin ən böyük üstünlüyü 

İqtisadçı ekspert Elşad Məmmədov deyir ki, elektron ticarətin üstünlükləri olduğu üçün ona olan tələbat daha çox artacaq: “Dövriyyə pandemiyaya qədər də azalırdı. Çünki elektron ticarət artırdı. Pandemiya şəraitində isə lap kəskinləşdi. Hesab edirəm ki, bundan sonra da artacaq. Çünki elektron ticarətin həm rahatlıq nöqteyi-nəzərdən, həm qiymətlər baxımından üstünlükləri var”. E.Məmmədov bildirir ki, onlayn ticarətin üstünlüklərindən biri rahatlıqdırsa, ikincisi qiymətinin ucuz olmasıdır: “Əgər məhsul eyni qiymətə həm mağazada, həm onlaynda varsa, ənənəvi ticarət daha üstün olur. Onlayn ticarətin ən böyük üstünlüyü qiymətlərlə bağlıdır. İnsanlar o vaxt onlayn ticarətə üstünlük verir ki, qiymətlər daha münasib olsun”.

“Vəziyyətləri pisləşməkdə davam edəcək”

E.Məmmədovun sözlərinə görə, mağazalar ticarəti davam etdirmək istəyirsə, qiymətləri aşağı salmalı və onlayn satışı tətbiq etməlidirlər: “Mağazalar, ilk növbədə qiymətləri aşağı salmalıdırlar. Əksər mağazalar məhsulun üstünə 15-20, hətta 100 faiz ticarət əlavəsi qoyur ki, bu da qiymətlərin rəqabətə tab gətirməməsinə şərait yaradır. Ənənəvi ticarətlə məşğul olan şirkətlər mütləq elektron ticarətin də tətbiqinə getməlidirlər. Əks halda bazarda vəziyyətləri pisləşməkdə davam edəcək”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir