efzeleddin R

Ailə münasibətlərində yanlış qavram – 2-Cİ YAZI

Baxış sayı: 722

Keçən iki məqaləmizdə ailə münasibətlərinə mənfi təsir qoyan 10 yanlış idrak xətasından ilki haqqında, yəni; “nəticə almağa tələsmək” haqda məlumat verdik. Bu məqalədə də yanlış qavramlar haqda söhbətimizi davam etdiririk:

 

2) Müsbətləri silmək (disqualifying positives)

Sözügedən yanlış qavramı izah etməmişdən öncə bir maraqlı hekayəyə işarə etmək istərdim: “Bir gün müəllim ağ yazı taxtasına qara nöqtə çəkir və şagirdlərindən soruşur: Burada nə görürsünüz?

Hamı deyir: Qara nöqtə!

Müəllim deyir: Qəribədir, bu qədər ağı görmürsünüz, amma bu qara nöqtəni gördüyünüzü deyirsiniz.”

Bəli, doğurdan da, bəzən insan həyatındakı, yaxud həyat yoldaşı ilə münasibətlərdəki ağ səhifəni görmür, amma ağ yazı taxtasında olduğu kimi qara nöqtəni, yəni hansısa bir problemi görür…

Qeyd olunan düşüncə tərzi iki formada baş verir: İnsanın başqasına qarşı, insanın özünə qarşı.

Bu cür qeyri-dəqiq düşüncəyə sahib insanlar, həyatlarının müsbət tərəflərinə əhəmiyyət vermirlər. Həmişə pozitiv məqamları özləri üçün dəyərsiz hesab edirlər. Müsbət təcrübələri mühüm saymayaraq, vacib olmadıqlarına israr edirlər. Hər kəsin edə biləcəyinə inanaraq öz yaxşı əməllərini əhəmiyyətsiz adlandırırlar. Müsbətlərə məhəl qoymamaq onların həyatının sevincini əlindən alır və onlar özlərini dəyərsiz hiss edirlər.

Sanki dəfələrlə çoxsaylı qol vuran, amma bir neçə dəfə də vurduğu topların dirəyə dəydiyini görən və oyununun bərbad olduğunu düşünən futbolist kimidirlər. Bu cür idraki səhvlərə depressiyada olan insanlarda da çox rast gəlmək olar. İnsan, başına gələn yaxşı təcrübələrdən və hadisələrdən xəbərsizdir və ya başqalarının özü haqqında verdiyi yaxşı və real tərifləri belə qəbul etmir.

Bu insanlar həyatlarının müsbət tərəflərini qiymətləndirmir və əhəmiyyətsiz hesab edirlər. Səbəbi də budur ki, onlar özlərini dəyərli bilmirlər. Özdəyəri aşağı olduğu üçün özü haqqında müsbət heç bir şeyi qəbul etmir. Hətta belələri əgər müsabiqəyə qatılsala və orada birinci yeri əldə etsələr də, bunun təsadüf olduğunu və yaxud ona yazıqları gəldikləri üçün bu rütbəni verdiklərini düşünəcəklər. Kimsə onu yaxşı insan hesab edərsə, məni həqiqətən tanımadığını, mənim haqqımda daha çox şey bilsə fikrini dəyişəcəyini düşünürlər. Belə şəxslərin baxış tərzi onların insanlarla münasibətinə də təsir qoyur. Maraqlıdır, ya insanlardan qaçır, ya insanlara və onların sözlərinə, rəftarlarına mənfi don geydirir və irad tuturlar. Belə şəxslər özlərini tapmadıqları üçün onlara edilən hörmətin və yaxşılıqların həqiqi olmadıqlarını düşünürlər. Qarşı tərəsin səmimi olmadığını fikirləşirlər. Əslində isə problem onların özlərindədir. Çünki şüuraltında özlərini hörmətə və dəyərə layiq bilmədikləri üçün belə düşünürlər.

Maraqlıdır ki, bu başqaları ilə və xüsusilə də ailədaxili münasibətlərdə özünü iki yöndə göstərir:

 

Birinci: Özdəyərsizlik ucbatından özünə qarşı müsbətləri silir, mənfilərə diqqət cəlb edir. Bununla da özünə inamı olmadığı üçün bədbinliyinin müsbətləri sildiyi və diqqəti mənfilərdə mərkəzləşdiyinə görə, daim stresdə və nigarandır. Bu səbəblə də, həyat yoldaşına qarşı əsəbi, narahat və sağlam olmayan davranış göstərir. Bəzi insanlar daim özləri ilə davada olduğu üçün başqaları ilə də davadadır. İntihar edən insanların bir xüsusiyyəti də özü ilə yola gedə bilməməsidir. Məhz özü ilə yola gedə bilməyən bəzi insanlar intihar edir. Həyatında baş verən yaxşı hadisələri, elementləri vacib və əhəmiyyətli saymır. Uğurlarının altında hansısa təsadüfün və yaxud bədbəxtliyin dayandığını düşünür. Məsələn; “Yoldaşım mənimlə yaxşı davranır, çünki mənə yazığı gəlir”. “İnsanlar məni sevdiklərini söyləyirsə bu onların xeyirxahlığının əlamətidir, mən buna layiq deyiləm.” (Sharf. S. R. (2000). Theories of Psychotherapy and Counselling: Consepts and Cases (2nd.ed)USA: Brooks.Cole)

Bu cür düşüncələr müsbət şeyləri görməməzlikdən yaranır və maraqlıdır ki, aqressiyası qarşı tərəfə yönəlir. Sanki bunun əsəbini həyat yoldaşından çıxır. Çünki ona qarşı atılan müsbət və pozitiv addımları görmür, mənfi dəyərləndirdiyi üçün aqressiv, yaxud passiv-aqressiv reaksiya verir. Sanki ona pislik edilirmiş kimi dəyərləndirir, səmimi qəbul etmədiyinə görə özünü alçalmış hiss edir. Bu boşluğu doldura bilmir.

İkinci: Natamamlıq, yaxud mükəmməlliyyətçilik və qüsursuzluq tələbilə həyat yoldaşının müsbətyönlü söz, rəftar və davranışlarını yox sayır, üzərindən xətt çəkir və mənfi hərəkətlərinə diqqət yönəldir. Bu bir növ naükürlükdür. Həyat yoldaşı bəzən ona qarşı 10 məsələdə diqqət göstərirsə, amma on birincidə bunu hansısa səbəbə etmirsə, məsələn diqqətindən yayınırsa, ya etmək istəmirsə, qarşı tərəf onun bütün yaxşı əməllərinin üzərindən xətt çəkir. Bəzən isə doyumsuzluq, tolerans, ya daha çoxunu tələb etməklə özünü biruzə verir.

Bir sözlə, ailədə cütlüklər arasındakı anlaşılmamazlıqların səbəblərindən biri də, həyat yoldaşının rəftarlarında, yaxud qarşıya çıxan hadisələrdə xüsusilə mənfi detalların, xoşagəlməz cüzi məsələlərin üzərində mərkəzləşmək və qalan mühüm dəyərli elementləri, müsbət cəhətləri görməməzliyə vurmaq, ya da dəyərsizləşdirmək, onları bir növ silməkdir. Məsələn xanım həyat yoldaşının işdən yorğun gəldiyi zaman yatıb istirahət etdiyini, onunla vaxt keçirmədiyini faciyə sayırsa, ona diqqətsizlik, qayğısızlıq və sevgisizlik kimi qiymətləndirirsə, amma onu ailəsi üçün çalışıb yorulduğunu nəzərə almırsa deməli “müsbətləri silmək” kimi yanlış qavrama sahibdir. Yaxud xanımının ailə üçün gecə-gündüz ev işlərini görüb sahmana salmasını görməzdən gəlib, yeməyin gecikməsini problemə çevirən ər də belədir. Burada onlar yaxşı cəhətləri silib, məsələnin mənfi yönlərinə diqqətlərini yönəldirlər.

Zehni süzgəc də adlandırılan və mənfiliyə mərkəzləşən bu düşüncə tərzi, hadisə ilə bağlı fərdin tək bir xoşagəlməz detala əsaslanaraq mənfi qiymətləndirmələr etməsidir. Bu, mənfi cəhətlər müsbət cəhətlərdən daha vacib hesab edildikdə baş verən idrak təhrifidir. Vəziyyətin həm yaxşı, həm də pis tərəfləri olsa da, şəxs məsələni həm pis, həm də böyüdülmüş şəkildə görməyi seçir. Bu idrak xətası, diqqətlə düşünmədən avtomatik olaraq baş verən düşüncə tərzidir. (Beck, J. S. (2001). Bilişsel terapi tmel ilkeler ve ötesi. Çev: N. Hisli Şahin, Ankara: Türk Psikologlar Derneyi Yayınları)

Qeyd olunan zehni təhrifi hər gün tətbiq edən insanların əsəbi olması və özünə hörməti aşağı olması olduqca yaygındır. Çox vaxt onların zehnində sevdmədiyi, bəyənmədiyi şeylərin kataloqu olur. Əgər kimsə təsadüfən ona qarşı səhv bir hərəkət edərsə, yaxud istədiyini etməzsə, ya hansısa kiçik bir nöqsan olarsa yalnız ona diqqət yönəldir və müsbət cəhətləri unudur. Başqalarının səhv etdiyi hər şeyi görür, xüsusilə fərqinə varır. Daha əvvəl də qeyd etdiyimiz kimi, belə şəxslər mənfi baxışı başqa insanlara tətbiq etməklə yanaşı, özləri üçün də bunu edirlər, özlərini xüsusilə naqis və yararsız hiss edirlər. Əlbəttə bunlar başqalarının da səhv etdiyini gördükdə gizli məmnunluq hissi də keçirirlər.

 

Uyğun nəticə çıxarmaq nəzəriyyəsi

Burada məsələnin elmi cəhətlərini də nəzərdə almaq lazımdır. Doğurdan da insanlar niyə belə düşünür? Edward E. Jones və Keith Davis tərəfindən 1965-ci ildə “Uyğun nəticə çıxarmaq nəzəriyyəsi” (correspondent inference theory) önə sürüldü. Bu nəzəriyyənin mərkəzi konsepsiyası belə bir sual ortaya qoyur: bir insanın davranışı onun şəxsi xüsusiyyətlərindən, yoxsa vəziyyətin təsirindən qaynaqlanır? (Jones, E. E. ve Davis, K. E. (1965). From acts to dispositions: The attribution process in person perception. L. Berkowitz (Der.) Advances in experimental social psychology (cilt 2, s. 220-226). New York: Academic Press.)Burada bir neçə amil öndə dayanır:

A) Davranışın sosial baxımdan normal sayılıb-sayılmaması.

Nəzəriyyəyə görə, davranışın səbəbini təyin edən ilk vacib amil, davranışın ictimai baxımdan arzuolunan olub olmamasıdır. Sosial baxımdan arzuolunmaz davranış daha çox şəxsi xüsusiyyətlərlə əlaqəli olsa da, sosial cəhətdən arzuolunan davranış bu xüsusiyyətlərlə əlaqəli görünmür. Həmişə mentalitetin əksinə olan, cəmiyyətin əksinə olan, adətlərlə uyğun olmayan davranışlar şəxsin şəxsi xüsusiyyətlərinə nisbət verilir. Bu onu qınamaq üçün yaxud tərifləmək üçün bir səbəb sayılır.

Məsələn, hansısa bir cəmiyyətdə xanımına gül almaq dəyər sayılır və hamı bunu edirsə, almayan şəxs qınanırsa, ailədə ərin yoldaşına gül almasının onun baxışında elə bir dəyəri olmur. Onun bu addımı şəxsi xüsusiyyəti ilə əlaqələndirilmir. Amma əksinə belə bir cəmiyyətdə o, sözügedən gülü almasa, bu hərəkət onun şəxsi keyfiyyəti və xasiyyəti olaraq mənfi şəkildə önə çəkilir.

B) Davranışın şəxsin öz azad iradəsindən qaynaqlanıb-qaynaqlanmaması.

Başqa bir səbəb, davranışın sərbəst seçim olub-olmaması və ya şərtlərlə məhdudlaşdırılmasıdır. Şəxs bu hərəkəti etməyə məcburdu yoxsa yox? Sərbəst seçim ilə olan davranış, insanın xarakter xüsusiyyətlərindən xəbər verir.

Bəzən ailədə cütlüklərin yaxşı rəftarları və əməlləri digəri tərəfindən yanlış yozulur. Məsələn, ərinin onu sevmədiyini düşünən xanım ona gül alan, hansısa maddi ehtiyacını qarşılayan, yaxud diqqət və qayğı göstərən həyat yoldaşının bu əməllərini onun şəxsi xüsusiyyətlərindən saymır, belə düşünür ki, o, “el gözünə”, “ayıb olmasın deyə” bunları edir. Yaxud xanımının onu sevmədiyini düşünən bəy, onun maddi durumuna görə, məişət qayğılarına görə, yaxud “camaat arasında ayıb olmasın deyə boşanmadığını” düşünür.

C) Şəxsin başqalarının davranışından təsirlənməsi və təziq altında olması.

Şəxsin həqiqi niyyəti budurmu, yoxsa başqasının davranışından təsirlənibmi? Etdiyi rəftar ona görədirmi? Seçimi var idimi, yoxsa tək seçimi bu idi?

Bəzən hansısa bir filmin, musiqinin, mövizənin, nəsihətin təsiri altında cütlüklərdən birinin digərinin qəlbini alması, barışması, ürz istəməsi və sair kimi addımlar qarşı tərəfə inandırıcı görünmür və bu addımı onun şəxsi xüsusiyyəti olaraq dəyərləndirmir.

D) Şəxsin davranışı onun ictimai vəzifəsinin tələbi olub-olmaması.

Məna yükləmənin başqa bir xüsusiyyəti, davranışın sosial rolun bir hissəsi olub-olmamasıdır. Başqa sözlə desək, cəmiyyətin nəzərində və analizində bir yanğınsöndürənin yanğınsöndürməsi onun xeyirxahlığı ilə deyil, peşəsi ilə izah edilir. Amma yoldan keçən bir şəxsin yanğını söndürməsi üçün çalışması onun şəxsi xüsusiyyətləri ilə əlaqələndirilir.

Məsələn ata işləyib ailəsinin yayayış xərclərini ödədiyi zaman, həyat yoldaşı bunun onun borcu və vəzifəsi olması qənaətində olduğu üçün, bəzən onun zəhmətlərini qiymətləndirmir və görməzdən gəlir. Eynilə, xanım yemək bişirir, evi səliqə-sahmana salır və sair ev işlərini icra edir. Amma həyat yoldaşı ona deyir ki, bu sənin borcundur. Hər iki misalda cütlüklər görülən işləri, çəkilən zəhmətləri qarşı tərəfin “vəzifəsi” bildiyi üçün dəyərləndirmir. Ondan əlavə görülən işləri çək-çevir edir. Çünki düşünürlər ki, “hamı bunu edir və buna görə də qarşı tərəfin bunu etməsi onun borcudur.” Beləliklə də, bu təqdirəlayiq səyləri onun şəxsi xüsusiyyəti və keyfiyyətindən saymır.

Ailədə cütlüklərin bir-birilərinin yaxşı əməllərini “hamı belə edir, tək sən deyilsən ki”, “borcundur”-deyə adiləşdirməsi, dəyərsizləşdirməsi yanlışdır. Bəzən bəy, yaxud xanım yoldaşının zəhmətini görməzdən gəlir. Amma həyatın elə bu qayğı dolu əməklərlə gözəlləşdiyini anlamaz. Amma yad biri həmin ərə yumurta belə bişirsə, yaxud xanımın əlindən su qabını alıb daşısa, bunu yüksək dəyərləndirər və ona qarşı hörmət bəsləyər. Elə tərifləyər ki, filan xanım, ya bəy yaxşı adamdır.

H) Şəxs haqda keçmiş təəssüratlarımızın rolu.

Başqalarının davranışlarını şərh edərkən, onların xüsusiyyətləri haqqında əvvəlki təəssüratlarımızdan istifadə edirik. Məsələn ateist birinin dini məclisdə dini inancları müdafiyə etməsini absurt qarşılayır, səmimiliyinə inanmırıq. Bunu onun mübahisələrdən və qınaqdan qaçmaq üçün etdiyini düşünürük. Cütlüklər arasında da bəzən belə olur.

Nə vaxtsa xanımının etimadını doğrultmayan bəyin hansısa qonaqlıqda sədaqət dolu sözləri ona inandırıcı gəlmir və bu rəftarı onun şəxsi xüsusiyyətindən hesab etmir. Buna görə də dəyərləndirmir.

 

Kelley nəzəriyyəsi

Harold Kelley 1967-ci ildə kovariasiya nəzəriyyəsini önə sürdü. Bu nəzəriyyəyə əsasən bir şeyin səbəbini izah edərkən, üç məlumat obyektini nəzərdə alırıq: fərqlilik, ardıcıllıq və fikir birliyi.

Bu nəzəriyyədə verilən ilk sual, qarşı tərəfin davranışının daxili və ya xarici səbəblərdən, yoxsa ikisinin birləşməsindən qaynaqlanmasıdır. Kelleyə görə cütlüklər qarşı tərəfin davranışlarının səbəbini qavrayarkən “nə üçün?” sualına cavab axtardığı zaman bu üç əsasa diqqət etməlidir:

a) Fəqlilik: Cütlüklərdən biri hansısa rəftarı edirsə, bu rəftarın sahibi hər şəraitdə belə rəftar edir, yoxsa, xüsusi şərait və səbəb olduğu üçün belə davranır? Həmişə bu işi görür, xasiyyəti belədir, yoxsa sadəcə indi bu addımı atıb?

b) Fikir birliyi: Qarşı tərəfin etdiyi bu rəftar haqda adi halda cəmiyyətdə onun doğruluğuna fikir birliyi varmı? Yəni başqa insanlar da belə rəftar edirlərmi? Onun bu rəftarı başqalarındanmı qaynaqlanır?

c) Ardıcıllıq: Qarşı tərəfin rəftarının davamiyyəti varmı? Bir sözlə, bu davranışı edən insan başqa bir vəziyyətdə də eyni addımı atacaqmı?

Bunu bir misalla izah edək. Yoldaşınızın komediya filminə baxdığını düşünün. O, həmin komediya filminə baxaraq gülür. Bu vəziyyətdə, onun komediyadakı artisti bəyənməsinin səbəbinin həqiqətən də onun yaxşı olması, yoxsa artisti bəyənməsinin şəxsi xarakteri ilə bağlı olduğunu bir neçə sualla anlaya bilərik. İlk sual: şəxsin izlədiyi hər komediya artistini bəyənib-bəyənməməsidir (fərqlilik). İkinci sual: başqa insanlar da həmin artistə gülürlərmi? (fikir birliyi). Üçüncü sual: o, həmin artistin filmini başqa bir zaman və şəraitdə izləsə yenə də güləcəkmi? Yoxsa artistdən xoşlanması izlədiyi vaxtın ruh halına, onunla birgə izləyən şəxslərə və sairə bağlıdır? (davamlılıq)

Deməli, əgər bu şəxs başqa artistlərə gülmürsə, başqaları bu artistə gülürsə və o da bu artistə gülürsə, deməli onun bu artisti sevməsinin səbəbi artistin uğurlu olmasıdır. Burada hər üç səbəb yüksəkdir.

Əgər bu şəxs bütün artistlərə gülürsə, başqaları bu artistə gülmürsə və o, bu artistə həmişə gülürsə, onun gülüşü şəxsi xüsusiyyətlərindən qaynaqlanır. Burada  fərqlilik və fikir ayrılığı aşağı həddə, davamlılıq isə yüksək həddədir.

Bu şəxs başqa artistə gülmürsə, bu artistə başqaları da gülmürsə və bu şəxs başqa zamanda bu artistə gülmürsə, deməli indi onun gülməsinin səbəbi olduğu məkan,zaman və şəraidir. Burada fərqlilik yüksək həddə, amma ardıcıllıq və davamlılıa aşağı həddədir.

 

Ehtiyac amili

Kelleyin fikrincə şəxsin davranışının səbəbi kimi bir neçə ehtimal olduğu halda isə insanlar “ehtiyac amili”ni önə çəkir. Məsələn ev satın almağa getdiyimiz zaman, ev sahibi bizə qəhvə və peçenye təqdim edirsə, biz avtomatik olaraq bunu onun qonaqpərvərliyindən saymırıq. Amma yolda yıxıldığımız zaman hansısa bir dükan sahibi bizə gətirib su verirsə, bu halda onun səxavətli və yardımsevər insan olması qənaətinə gəlirik. (Jones, E. E. ve Nisbett, R. E. (1972). The actor and observer: Divergent perceptions of causes of behavior. E. E. Jones, D. E. Kanouse, H. H. Kelley, R. E. Nisbett, S. Valins ve B. Weiner (Der.) Attribution: Perceiving the causes of behavior (s. 79-94). Morristown, NJ: General Learning Press.)

Ümumiyyətlə, bu düşüncə tərzindən xilas olmaq üçün sadəcə diqqətli olmaq və hərtərəfli baxış tərzinə malik olmaq lazımdır. İlk növbədə bir dəftər tutun, ərtafınızda baş verən bütün müsbət şeylərə diqqət yetirin. Bu günün və ya bu anın müsbət hadisələrini nəzərdən keçirin. Əlinizdəki dəftərə onları yazın.

Həmçinin, başınıza gələn mənfi hadisələrin hansı avantajı ola biləcəyini fikirləşin. Unutmayın, həyatda həyatda bəzən mənfiliklərin özünə məxsus müsbət cəhətləri də olur. Bunu fürsətə çevirməyi unutmayın.

Diqqət edin ki, yaşayışımız boyu müsbət hadisələr və ləzzətlər daimi olmadığı kimi, mənfi məsələlər və çətinliklər də əbədi deyil, müvəqqətidir.

Buna görə də, hər bir məsələnin müsbət yönlərinə qarşı diqqətsiz olmaq ədalətsizlik deyilmi? Özünüzə sual verin: məndə olan mənfi nöqtələrə diqqət yetirirəm, bəs nə üçün müsbət nöqtələrimi unuduram? Başqalarının yaxşı cəhətlərini bu qədər sərt qiymətləndirirəmsə, onların müsbət əməllərini və xüsusiyyətlərini nə üçün qiymətləndirmirəm? Mən doğru addım atırammı?

Başqa bir məsələ budur ki, onları tənqid etməyim və mənfiləri görməyimdən məmnunammı? Bu mənim yadıma nəyi xatırladır? Uşaqlıqdakı travmamımı, yoxsa social baxış tərzimimi?

Hər halda, əzizlərim sizə nümunə olaraq bir misal təqdim edim: Sizin neqativ baxışlarınız və düşüncələriniz bambo ağacı kimidir. Bambo ağacını əkdiyiniz zaman beş il sadəcə torpağa su verirsiniz. Ağacdan heç bir əsər əlamət və inkişaf nişanəsi olmur. Amma beş il sonra Bambo ağacı 6 həftəyə 27 metr boy atır…

Əzizlərim, sizin neqativ düşüncələriniz də belədir. Yığılır və birdən birə sizin rəftarlarınızı formalaşdırır! Həyata və insanlara neqativ baxsanız, yalnız mənfilər üzərində mərkəzləşsəniz həm üzünüzə, həm də başqalarına zərər vermiş olacaqsınız.

 

PhD. Əfzələddin Rəhimli

İlahiyyat üzrə fəlsəfə elmlər doktoru,

Peşəkar ailə müşaviri, Həyat koçu




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir