Davranış pozuntuları uşağın müxtəlif psixi və fizioloji səbəblərə bağlı olaraq daxili qarşıdurmalarını davranışlarına köçürməsi nəticəsində ortaya çıxır. Hər 10 uşaqdan 7-sində rast gəlinir. Buna görə də, dövrün ən aktual məsələlərindəndir. Bəzən davranış pozuntularını aşılanmayan özünəxidmət vərdişləri, sosial bacarıqlarla qarışdırırlar. Ancaq burada olan əsas fərq, aşılanmayan özünəxidmət vərdişləri və sosial bacarıqların mənimsənilməməsi tərbiyə qüsurudur, davranış pozuntusu isə psixi və fiziki inkişafda yaranan narahatlıqların davranışda göstəricisidi. Hiperaktiv uşaqlarda daha çox rast gəlinir. Ancaq hər hiperaktiv uşağa davranış pozuntusu diaqnozun qoymaq düzgün deyil.
Davranış pozuntusu daha çox 3-6 yaş arasındakı uşaqlarda rast gəlinir. Bu yaş dövrü şəxsiyyət keyfiyyətlərinin və “mən” obrazının formalaşdığı bir dövr kimi xarakterizə olunur. Ona görə də,bu yaş dövründəki uşaqlara daha çox diqqət göstərilməli, davranış pozuntusu aşkar edildikdə gecikmədən korreksiya edilməlidir.
3-6 yaşlı uşaqlarda inadkarlıq müşahidə olunur. Bu yaş dövrü üçün inadkarlıq normal bir haldır. Ancaq qarşısı alınmadıqda davranış pozuntusuna çevrilə bilər. Belə uşaqlarla inadlaşmaq,şiddət göstərmək düzgün deyil. Onun yerinə səbirli və dözümlü davranmaq lazımdır.
Davranış pozuntuları müxtəlifdir. Ən çox rast gəlinən davranış pozuntuları aşağıdakılardır:
1) Uzun müddət davam edən aqressiv davranışlar
2) Yalanlar yaxud hadisənin şişirdilməsi
3) Təcavüzkar davranışlar
4) Uyğunsuz ifadələrin işlədilməsi və.s
5) Altını islatma
6) Dırnaq yemə və barmaq əmmə
7) Əsassız qorxular
8) İştahasızlıq
9) Kaprizlər
Davranış pozuntularının əsas səbəbləri:
1) Diqqət çəkmək istəyi
2) Özünü təsdiqlətmək istəyi
3)Valideynlərdən intiqam almaq istəyi
4) Özünü xatırlatma
Bunda əlavə, şiddət göstərilən, qayğı göstərilməyən, sevgi məhrumiyyəti olan uşaqlarda da davranış pozuntusuna sıx rast gəlinir.
Davranış pozuntulu uşaqlarla daha çox vaxt keçirmək, ona sevgi göstərmək,özgüvən vermək,problemləri ilə maraqlanmaq lazımdır.
Davranış pozuntusunu korreksiya etmək üçün ən yaxşı yol psixoloqa müraciət etməkdir. Psixoloqlar davranış pozuntulu uşaqlarla davranış terapiyası, koqnitiv terapiya və s. yollarla məşğul olurlar.
Kiçik yaş dövründə davranış pozuntusunun korreksiyası daha asan olur. Yuxarı yaşlarda isə bir çox çətinliklər meydana çıxır.
Valideynlər uşaqlarına qarşı diqqətli olmalı,onlara zaman ayırmalı,övladlarında baş verən dəyişikliyi görməli, təhlil etməli və tədbir görməlidirlər. Unutmayın ki, uşaqlar bizim gələcəyimizdir.
Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva