Ulu yaradan dünyada yaşamaq, inkişaf etmək, sevinci və kədəri bölüşmək üçün insanı cüt yaratdı. Bir qadın və bir kişi olaraq… Beləcə başladı yaradılışın tarixi və zamanla ailə formalaşdı. Ailə tanrının insana verdiyi ən böyük lütfü, ən dəyərli hədiyyəsidir. İnsan ancaq ailəsi ilə birlikdə olduğu vaxt xoşbəxtliyi yaşayır, bütün yorğunluğunu unuda bilir, bir sözlə rahatlıq tapır. Təbii ki, bütün bunlar təməlində sevgi, sayğı, güvən olan ailələrdə mümkündür. Yalnız sağlam təməllər üzərində qurulan ailələr həyatın maddi və mənəvi bütün sınaqlarından üzü ağ çıxa bilirlər. Çox təəssüflər olsun ki, bəzi cütlüklər ailə üzvlərinin və ətrafdakı insanların təzyiqi ilə birlikdə yaşamağa məcbur olur. Amma yaxşı olardı ki, bu birlik qarşılıqlı sevgiyə və hörmətə əsaslansın. Çünki əks təqdirdə bu ailələrdə doğulan uşaqlar psixoloji cəhətdən sağlam böyüyə bilmirlər. Belə uşaqlarda özgüvən əksikliyi olmaqla yanaşı həm də ətrafdakı insanlara qarşı inamsızlıq duyğusu yaranır. Unutmamalıyıq ki, sağlam cəmiyyət məhz sağlam təməllər üzərində qurulan ailələrdə tərbiyə olunan uşaqlarla formalaşır.
Sevgi və sayğı üzərində qurulan ailələrdə nikaha sədaqətli olan ər-arvad ona ömürlük ittifaq kimi baxır, beləcə onlar arasında etibar yaranır. Hər iki tərəf əmin olur ki, qarşı tərəf ən çətin anlarda belə bu ittifaqı qoruyacaq. Bu cür ailələrdə böyüyən uşaqlar vətənə hədsiz məhəbbəti, torpağa bağlılığı, el-obaya sonsuz sevgisi, ağsaqqala, ağbirçəyə dərin hörməti, ailəyə sədaqəti, qayğısı ilə seçilirlər. Gözəl cəmiyyətə apan yol da məhz sağlam ailədən keçir. Ailənin sağlam olması üçün isə ata və ana davranışlarına diqqət etməli, mümkün qədər az səhv buraxmalıdırlar. Çünki ailənin bütovlüyü və möhkəmliyi valideyinlərin möhkəm iradəsindən, təmiz və gözəl əxlaqından başlayır. Düzgün qurulan ünsiyyət, göstərilən sevgi, diqqət, qayğı, hörmət, əlində olanları başqaları ilə paylaşa bilmək vərdişi əslində sağlam cəmiyyət, güclü milllət və dövlət ola bilmək üçün lazım olan ən əsas amillərdir.
Ailə tənhalığın şaxtalı soyuğundan qorunmaq üçün qurulan isti bir ocaqdır. Odu-alovu gur olan bu ocağı analar sevgisiylə, atalar söz sahibi olmağı ilə sönməyə qoymurlar. Bu gün anasının dizinin dibində oturan, ətrafında qaçan, oynayan körpələrin hər biri gələcəkdə bir evin xanımı, bir körpənin anası, yaxud bir evin ağsaqqalı olacaqlar. Bu səbəbdən də uşaqlar məhz körpə ikən düzgün tərbiyə olunmalıdırlar. Məhz ailə uşağa sosiallaşmanı və düzgün davranış qaydalarını öyrədən ilk məktəbdir. Valideynin övladına verəcəyi ən dəyərli miras təmiz əxlaq və düzgün tərbiyədən başqa bir şey olmamalıdır. Çünki bu dəyərlərin yox olduğu cəmiyyətlərdə özbaşınalıq baş alıb gedər.
Ta qədimdən bəri ölkəmizdə ailə daim öndə gələn müqəddəs dəyər hesab olunub. Milli ailə dəyərlərimizin əsasını xalqımızın etnik kimliyində kök salmış adət-ənənələrimiz təşkil edir. Ailə dəyərlərimizi və adət-ənənələrimizi bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. Bəli, məhz adət-ənənələrimizin saflığının nəticəsidir ki, ölkəmizdə qurulan ailələr möhkəmliyi ilə başqa cəmiyyətlərin ailələrindən seçilir. Azərbaycanlı valideyn bütün həyatı boyu övladının xoşbəxt olmasına çalışır. Bu səbəbdən də ailədə hər zaman böyük-kiçik yeri tanınıb, böyüyə yüksək hörmət olub. Keçmişdən qorunaraq günümüzə qədər gələn və gələcək nəsillərə aşılanacaq bu xüsusiyyətlər bir çox ölkələrdə olduqca zəif inkişaf edib, yaxud bizdə olduğu qədər mükəmməl deyil.
Ölkəmizdə olan toy-düyün adətləri, qohumluq əlaqələri dünyanın çox az sayda xalqlarında mövcuddur. Ailənin təməli qoyulan toylarımız qohum-əqrəbanı, tayfa və nəsli bir araya gətirərək eyni zamanda sosial fakta çevrilir. Toy adətlərimiz qohumluq əlaqələrini saxlamaqla yanaşı, həm də o münasibətlərin daha da möhkəmlənməsinə və itməməsinə təkan verərək ailə dəyərlərimizə olan sədaqətimizi də nümayiş etdirir. Başqa bir gözəl adətimiz daha var: valideyn, ağsaqqal, ağbirçək xeyir-duası almaq. Ailə böyüklərinin xeyir-duasıyla qurulan ailələr uzunömürlü və ruzili olur. Azərbaycan ailəsində ağsaqqalın, ağbilçəyin xüsusi yeri var. Ailə qurduqdan sonra valideyinlərlə birlikdə yaşamaq həm birlik, həm daha təcrübəli insanların məsləhətləri ilə oturub-durma, həm də sosial problemlərin həllində dəstək rolunu oynayır. Bu ailə ənənələrinin bir nəsildən təcrübi yolla digərinə ötürülməsinə də kömək edir. Düzdür, bəzən müasir gənclər öz evlərinin olmasını və valideynlərdən ayrı yaşamağı seçir, amma birlikdə yaşamaq valideynlərə qayğı deməkdir. Hətta dinimizdə ata-anaya hörmət ehtiram etməmək Tanrıya şərik qoşmadan sonra ikinci böyük günah kimi təbliğ olunur. Bu cür ülviləşmiş dəyərlərimiz Azərbaycan ailəsini qırılmaz bağlarla bir-birinə bağlayaraq daha çox möhkəmlənməsinə xidmət edir.
Tariximizdə elə dünyagörüşlü, dahi şəxsiyyətlər olub ki, onların ailə dəyərləri gənc nəsil üçün daim örnək xarakteri daşımışdı. Belə şəxslərdən biri də dünyada layiqli hörmət və böyük nüfuz qazanmış Heydər Əliyevdir. Onun ailəsinə verdiyi dəyər, xanımı və övladları ilə olan münasibəti bu gunkü gənclik üçün gözəl bir nümunədir. Ulu öndər dəfələrlə öz çıxışlarında uğurlarının arxasında hər zaman ailəsinin dayandığını bildirərək qeyd edirdi: “…Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin rolu böyük olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib…”
Təməli ülvi duyğular, namus, qeyrət, yüksək vicdani əsaslar üzərində qurulan Azərbaycan ailəsində qadının yeri və rolu da hər zaman xüsusi əhəmiyyət daşıyıb. Məhz buna görə Ulu öndər “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bugünümüzün, gələcəyimizin dayağıdır.”- deyirdi. Azərbaycan qadını övlad dünyaya gətirmək, onu tərbiyə etmək, vətənə layiq vətəndaş böyütmək kimi çox vacib bir vəzifəni yerinə yetirməklə bərabər, ailənin möhkəmliyi və bütövlüyünün qorunması məsuliyyətini də layiqincə bacarır. Azərbaycan qadını gözəl ailə sahibi olmağı da maarifçilik və xeyriyyəçilik, mədəni, dini, milli- mənəvi dəyər və ənənələri təbliğ etməyi də bacarır.
“Xalqımızın yaşaması üçün, öz mənliyini, qürurunu qoruması üçün ailə dəyərləri, milli dəyərlər əvəzolunmaz rol oynamışdır”, deyən ölkə başçısı cənab İlham Əliyevin bu sözlərində də ailə dəyərlərinin ölkəmizdə nə qədər mühüm əhəmiyyət kəsb etdiyini aydın görmək mümkündür. Məhz bu dəyərlərlə böyüyən igidlər Qarabağda zəfər qazanaraq tapdalanan qürurumuzu geri qaytarmaqla yanaşı milli mənliyimizi, kimliyimizi dünyaya sübut etmiş oldular.
Bu gün qloballaşma və modernləşmənin getdiyi bir dövrdə yaşayırıq. Bəzən ailələrin texnoloji və iqtisadi inkişafın, xüsusilə qloballaşmanın gətirdiyi problemlərin müxtəlif təsirlərinə məruz qaldığına da şahid oluruq. Çox təəssüf ki, ətrafımızda Avropa cəmiyyətinin müxtəlif mənfi xüsusiyyətlərini kor-koranə mənimsəyənlərə də rast gəlirik. XXI əsrin sərhədsiz planetində yaşadığımızdan əsrlərlə qoruyub günümüzə qədər gətirdiyimiz milli-mənəvi dəyərlər sanki arxa plana keçir. Qərbdən ixrac olunan “ailəplanlaması” pərdəsi altında çoxuşaqlılığa, qohumcanlılığa vurulan mənəvi zərbələr Azərbaycan ailə dəyərlərinin, nəsil psixologiyasının deformasiyasına aparıb çıxarır. Hətta son vaxtlar kütləvi informasiya vasitələrində, televiziya və radio kanallarında, sosial şəbəkələrdə milli-mənəvi dəyərlərimiz, ailə baxışlarımız ya bilərəkdən, ya da məlumatsızlıqdan tez-tez pozulur. Əvvəllər evlərin astanasına belə çıxarılmayan problemləri indi efirlərə daşıyanlar da var. “Azadlıq”, “sərbəstlik” axtarışına çıxaraq heç düşünmədən ailəsini dağıdanlar da var. Belə ailələrdə olan uşaqlar xoşbəxt görünməyə çalışsalar da əslində bir ömür boyu özlərini boşluqda hiss edirlər. Onların gözləri daim itirdiklərini axtarır. Həsrət qaldıqları sevgini, qayğını, nəvazişi gəzir.
Bəzən fərqinə varmadan yad mədəniyyətlərə məxsus ailə dəyərlərini götürərək öz əllərimizlə cəmiyyətimizə yamamağa çalışırıq. Halbuki xalqımızın bütün dünyanı heyran qoya biləcək ailə dəyərləri vardır. Fransalı psixoloq Lüsianın dediyi “Avropadan gələn rüzgarlara ailə qapınızı açmayın, bərkimiş ailə institutunuzla dünyaya nümunə olmağa davam edin” ifadəsi hər şeyi açıq – aşkar izah edir.
Xalqımız hər zaman öz böyüklərinə, yaşlı insanlara hörmət göstərib, qadına dəyər verib, bir sözlə, “yol böyüyündür” deyib. Yazılmamış bu mənəvi qanunların təcəssümü kimi ailə dəyərlərimiz formalaşıb. Gəlin, bu müqəddəs və ülvi dəyərləri qloballaşmanın “pəncəsinə” verməyək. Çünki məhv olmuş bir ailə dağılmış cəmiyyət deməkdir. Odur ki, cəmiyyətimizin, dövlətimizin, millətimizin var olması üçün ailə dəyərlərimizə sahib çıxaq. Unutmamalıyıq ki, hər bir xalqın ailə dəyərləri onun milli kimliyidir.
İlahə Allahverdiyeva