Görkəmli bəstəkar Ramiz Mirişlinin oğlu, musiqiçi və pedaqoq Nazim Mirişlinin sənətə, ailəyə və atası ilə paylaşdığı xatirələrə dair səmimi müsahibəsini təqdim edirik. Bu söhbət, musiqi irsinin nəsildən-nəslə necə yaşadığını və bir övladın atası yolunu necə davam etdirdiyini göz önünə sərir.
“Atamın yolunu davam etdirdim”
– Nazim müəllim, Ramiz Mirişli ilə son müsahibəmdə dedi ki, iki oğlum Türkiyədə musiqiçi kimi çalışır. Siz sonradan Vətənə döndünüz?
– Biz iki qardaş Türkiyədə universitetdə çalışırdıq. O zaman Erciyes Universitetinin rektoru Bakıya gələndə məni dəvət etmişdi. Aktyor-rejissor Cahangir Novruzov, rejissor Zaur Məhərrəmov, heykəltəraş Qorxmaz Sucəddinov, rəssam Rəhim Məmmədov fərqli sahələr üzrə işləməyə getdik. Qardaşım da getdi. Mən altı il çalışdım, sonra qayıtdım. Atam bir az darıxırdı. Valideynlərim yaşlanmışdı. Onlara qayğı lazım idi. Yaxşı ki, gəldim, onların yanında olmağım daha yaxşı idi.
– Qayıdandan sonra atanızla bir yerdə işləməyə başladınız?
– Mən qayıdanda Musiqi Akademiyasında bəstəkarlıq fakültəsinin müdiri Arif Məlikov idi. O bir gün mənə zəng vuraraq “kafedrada işləmək istəyirsən?”- deyə soruşdu. O vaxtdan indiyə qədər bəstəkarlıq kafedrasında işləyirəm. Atam başqa kafedrada işləyirdi. Milli Konservatoriyada isə əvəzedici kimi çalışıram.

– Atanızın dərs verdiyi bir ali məktəbdə çalışmaq, onun gəzdiyi dəhlizlərdə gəzmək, o pillələri qalxmaq, həmin auditoriyalarda dərs demək necə bir hissdir? Xüsusən də zahirən ona çox oxşayırsınız…
– Hər şey tələbəlikdən başlayır. Mən tələbə olanda onun sinfinə çox nadir hallarda, ehtiyac olanda gələrdim. Düzü, çəkinərdim. O məni görüncə əlbəttə, çox sevinərdi. Ancaq mən ailə mühitinin auditoriyaya sirayət etməsini istəməzdim. Ona görə ciddi-ciddi gedib gələrdim. Əlbəttə, oxuyanda çalışardım ki, atama söz gəlməsin. Təbii ki, bu, musiqi ilə bağlı olmayacaqdı. Çünki atam məni musiqidən hərtərəfli yoxlayıb bəstəkarlığa daxil olmağıma icazə vermişdi. Konservatoriyanı bitirəndən sonra Asəf Zeynallı adına kollecdə işlədim. Atam Naxçıvanda musiqi məktəbini bitirib Asəf Zeynallıda oxudu, mən isə o məktəbdə işlədim. 90-cı illərdə Şuşa Konservatoriyası Bakıya köçdü. Rektor Süleyman Ələsgərov məni təsadüfən görəndə “gəl, bizdə işlə”, – deyə təklif etdi. Bu mənada atamın yolunu davam etdirdim.

– Ramiz müəllim sizin yaradıcılığınıza necə yanaşırdı?
– Mən konservatoriyaya hazırlaşanda pianoçu idim. Bəstəkarlığa daxil olmaq üçün əsərlər bəstələmək lazım idi. İmtahana gedəndə onların əsasında qiymətləndirirdilər. Mən də özüm bəstələyirdim. Atam mənim birinci müəllimim olub. Atam və anam həm də ilk dinləyicilərim idilər. Anamın bəstəkarı qiymətləndirmək üçün böyük təcrübəsi vardı. Çünki artıq evdə birini görmüşdü. Atam yüngül əsərlərini – kino, teatr musiqisini, mahnılarını ilk dəfə anam üçün ifa edərdi. Anam musiqiçi deyildi, pedaqoji təhsilli idi, amma yüksək musiqi duyumu vardı. Atam yeni əsərinə veriləcək reaksiyanı məhz anamın zövqü ilə müəyyən edirdi. Mən və əkiz qardaşlarım da musiqi məktəbinə gedirdik. Anam bizi məktəbə aparar, dərslərimizdə oturardı. Biz dərs hazırlayanda bəzən qapını açar, “o yeri düz çalmadın, müəllimə belə demişdi” deyərdi. Qardaşım Aqil üçüncü sinfin əvvəlində “mən daha musiqiyə getməyəcəm” deyə inad göstərdi. Atam səhəri gün onu məktəbdən çıxardı. O bilirdi ki, bu iş sevgisiz olmaz. Qardaşım rəssamlıqla məşğul oldu, rejissorluğu bitirdi. Yusif isə Arif Məlikovun sinfini qurtardı. Hazırda Türkiyədə çalışır.

“Cövdət müəllimdə oxuyarkən…”
– Siz də, atanız da görkəmli bəstəkar Cövdət Hacıyevin sinfini bitirmisiniz. Sənətinizin sirlərini daha çox hansından öyrənmisiniz – atanızdan, ya Cövdət müəllimdən?
– Təbii ki, Cövdət Hacıyevdən. Konservatoriyaya daxil olan tələbələrə ixtiyar verilir ki, müəllimlərini seçsinlər. Orada tələbə kimi seçirsə, qanun sayılardı. Bu, ixtisasa görə idi. O zaman bizim kafedra müdiri Xəyyam Mirzəzadə idi. İmtahan götürəndə onunla Fərəc Qarayev oturmuşdular. Onlar öz aralarında tələbələri bölüşdürəndə məni Qara Qarayevin sinfinə salmışdılar. Qara müəllim Moskvada yaşayırdı, amma gəlib-gedirdi. O olmayanda dərsləri Fərəc Qarayev keçirdi. Dedim ki, atam kimin sinfində oxuyubsa, mən də o sinfi istəyirəm. Bu, bəlkə də gənclik maksimalizmi idi. Çünki evimizdə həmişə atamdan “Cövdət müəllimdə oxuyarkən…” sözlərini eşitmişdim.

– Yəni bir xəyalınız vardı…
– Bəli, bir xəyalım vardı. Bizim evdə, yaşadığım o mühitdə Cövdət Hacıyevin bir obrazı yaranmışdı. Atamın heç xəbəri də yox idi, mən gedib bununla bağlı ərizə də yazdım. Atam eşidəndə normal qarşıladı. Xəyyam müəllim ona zəng edib vəziyyəti demişdi. Cövdət müəllim tələbələri adla yox, soyadla çağırardı. Tanış olmaq üçün əsərlərimi istədi. “Gətir görüm, nə yazmısan?” – dedi. O, əsərləri vasitəsilə tələbəni qiymətləndirirdi. Beləcə onun sinfində oxudum.
“Mən elə Nazimlə işləyəcəyəm…”
– Ramiz müəllim mənə müsahibəsində “hələ işlərim çoxdur. Yarımçıq əsərlərim var”, – demişdi. Siz o işləri davam etdirə bildinizmi?
– Bəzi sifarişləri vardı. Yeni operetta başlamışdı. Bir müsahibəsində demişdi ki, mən bütün janrlarda əsər yazmışam, opera yazmaq istəyirəm. Hətta mövzunu da seçmişdi, “Aydın” operasını yazmaq istəyirdi. Hüseyn Cavidin bir çox dram əsərlərinə musiqi bəstələmişdi. Digər əsərlərini bitirmişdi. Bəzi müğənnilərə “sənin üçün filan əsəri yazıram” deyirdi. Onlar da gözləyirdilər. Son zamanlar Azər Zeynalovla, Samir Cəfərovla daha çox işləyirdi.

İş elə gətirmişdi ki, atamla bərabər musiqi də bəstələmişdik. “Qəzəlxan” filminə bəstələnən musiqini bir yerdə işlədik. Rejissor Şahmar Ələkbərov filmdə atamla işləməyə başlamışdı. Filarmoniyadakı simfonik konsertimdə iştirak edəndən sonra “filmdə elə səhnələr var ki, mənə də elə musiqilər lazımdır”, -deyə bildirdi. Atam da “mən elə Nazimlə işləyəcəyəm”, – deyə orada qərar verdi.
“Atam ümumilikdə 600-700 mahnı bəstələmişdi”
– Ramiz Mirişli musiqinin bütün janrlarında yazıb. Amma onu daha çox populyar edən mahnı janrı idi. Özü bunun sirrini necə izah edirdi?
– Mahnı janrı ən sadə və kiçik musiqi formasıdır. Orada söz və musiqinin vəhdəti var. Hər bir insan mahnını dinləyir, qavrayır və anlayır. Kütlə bəstəkarı mahnı ilə tanıyır. Bu üzdən mahnı ən demokratik janrdır. Janr özü onu tanıdıb. Amma təbii ki, Cahangir Cahangirov da, Səid Rüstəmov da simfonik musiqi bəstələyib, böyük əsərlər yazıblar. Xalq onları dinləyirmi? Yox! Amma mahnılarını dinləyir. Arif Məlikov dünyaca ünlü balet yazıb. Bütün millət o əsər haqqında eşidibmi? Hamı bilirmi, o əsər Böyük Teatrın səhnəsini zəbt edib, Amerikaya qədər gedib çıxıb? Yox! Amma Arif Məlikov sonra oturub 10-15 mahnı yazdı. Yaddaqalan melodiya hər zaman populyar olur.

– Sizcə, kütlə sevgisi də onları bu janrda yazmağa sövq edir?
– Kütlə sevgisi o zaman sövq edir ki, “mən bir şey yazım, populyar olum”, – deyə düşünürsən. Bu, düz deyil. Atam simfonik musiqiyə meyilli idi. Heç vaxt “mən gedib mahnı bəstələyim” deməyib. İlk mahnısını təsadüfən bəstələyib. Onu buna sövq edən İslam Səfərli olub. Atamla təsadüfən görüşəndə ona “Dalğalar” şeirini verib, “buna mahnı yaz” deyib. Atam da yazıb. O vaxt Şövkət Ələkbərova çox populyar idi. Atam utana-utana ona yaxınlaşaraq mahnını təqdim edib. Şövkət Ələkbərova atamı evinə dəvət edib. Mahnını bəyənib, “oxuyaram” deyib. Bununla da mahnı populyar olub. O gündən müğənnilər “bizim üçün mahnı yaz” deyə atamdan yapışıblar. Zeynəb Xanlarova, Rəşid Behbudov, Flora Kərimova, Elmira Rəhimova, Yaşar Səfərov, İlhamə Quliyeva… Müğənnilər üçün ilk dueti bəstələyən də atam olub. Həmişə deyirdi ki, XXI əsrin ən böyük müğənnilərinin hamısı mənim mahnılarımı oxuyublar. O gözəl səsi, diapazonu olan müğənniləri sevərdi. Onun mahnılarının içində muğamın intonasiyaları vardı. Bu da hər bir azərbaycanlının ürəyinə yatırdı.

– Fikrət Qoca ilə iş birliyi daha sıx idi…
– Atam ümumilikdə 600-700 mahnı bəstələmişdi. Bir dəfə oturub saymaq istədik. “Mən artıq yoruldum, sonra sayarıq” dedim. Bəzi mahnıları vardı ki, teatrlar üçün yazmışdı və unutmuşdu. O mahnıların 120-si Fikrət Qocanın sözlərinə idi. Fikrət Qoca atamın ən yaxın dostu idi. Məmməd Arazın sözlərinə də çox mahnılar bəstələmişdi. Bir dəfə Fikrət müəllim mənə telefon açdı. 12 cilddən ibarət külliyyatı çıxmışdı. Onun 7-ci cildini mənə bağışladı. O cilddə mahnılar yazılan şeirləri çap olunmuşdu.
“Həmişə deyirdi ki, heç vaxt xalq musiqisindən uzaq düşməyin”
– Evdə bir ata kimi necə idi?
– Atamız bizimlə dost idi. Evdə tələbkarlığı, ciddiyyəti daha çox anamdan görürdük. Anam üç oğlan uşağını ərköyün böyütməmək üçün çalışırdı. Təbii ki, atam dərslərimizlə maraqlanar, tövsiyələrini verərdi. Amma cəza vermək xasiyyəti yox idi.
– Musiqiçi ürəyi idi…
– Hə, musiqiçi ürəyi idi. Bir də gecə-gündüz işləyirdi, çox məşğul idi. Konservatoriyaya dərsə, səsyazma studiyalarına gedirdi. Rayonlarda tədbirlərdə dəvət olunurdu. Bir neçə dəfə olub ki, Fikrət Qoca ilə elə avtobusda gedə-gedə mahnı bəstələyib, Şövkət xanım da məşq edib. Sonra o mahnı populyar olub.
– Sizə ən çox nə tövsiyə edərdi?
– Özü kamança ifaçısı olub. Həmin bəstələrlə konservatoriyaya daxil olub. Biz isə Avropa musiqisi ilə böyümüşdük. Həmişə deyirdi ki, heç vaxt xalq musiqisindən uzaq düşməyin, ondan bəhrələnin. Ona görə mən klassik bəstəkar və müğənnilərin vallarını alırdım. Bir yandan Avropa musiqisi, bir yandan xalq musiqisi… Atamın tövsiyəsi çox gərəyimiz oldu.

“Əsl seyiddir, cümə günü vəfat edib”
– Ramiz Mirişli aprelin 16-da doğulub. Vəfatı tarixi də aprelin 17-dir. Qəribə təsadüfdür. Özü “Peyğəmbər nəslindənəm” deyirdi. Yəqin vəfatından sonra bunu əlaqələndirənlər oldu…
– Vəfatı ilə bağlı sənəd vacib lazım idi. Ancaq almağa gedəndə “eybi yox, sonra gətirərsən” dedilər. Notariusdakı qadın “Əsl seyiddir, cümə günü vəfat edib” söylədi. Yəqin nəsə vardı… Bəzən bir çox şeylərdə bu nüans özünü göstərirdi. Naxçıvanın tanınmış soyadları haqqında yazılan kitabda soyadımız “Miriş ağa” – atamın babasının adı ilə gedir. Ulu Öndər Heydər Əliyev Naxçıvanda oxuyanda onun ədəbiyyat müəllimi atamın əmisi Mircəfər ağa olub. Bizim yaşadığımız həyət bir-birinə bağlı evlərdən ibarət idi. 70-ci illərin axırında gəlib sökdülər, hamıya mənzillər verildi. Ancaq bizim həyətdə nə tikmək istədilərsə alınmadı. Hotel tikmək istədilər, o da alınmadı. Bir yük maşını aşdı, buldozerin dişi sındı. Heydər Əliyev Naxçıvana qayıdandan sonra o ərazidən keçəndə oradakı vəziyyəti görüb maraqlanıb. Vəziyyət haqqında məlumat veriblər. “Bura Mirişlilərin ocağıdır. Burada hotel tikərlər? Burada məscid tikdirin”, – deyə göstəriş verib. Məscidin açılışına atamı da dəvət etmişdilər. Ulu Öndər həmin tədbirdə “Burada Seyidovlar yaşayıblar. Mircəfər ağa mənim müəllimim olub. Mirişlilərin böyük bir bəstəkarı var: Ramiz Mirişli”, – deyib. İndi o məsciddə Mirişlilərin ayrıca bir guşəsi var. Atam vəfat edəndə o məsciddə də ehsan verdik. Naxçıvan camaatı axışıb gəlirdi…
Təranə Məhərrəmova











































































































































































