Son illər müxtəlif sayt və tətbiqlərin istifadəçiləri arasında dələduzluq sxemlərinin qurbanlarının artdığını görürük. Dələduz və fırıldaqçıların da rəqəmsallaşdığı, hər gün daha da təkmilləşdiyi bir dövrdə bank kartları və elektron pulqabı məlumatlarının qorunması artıq zərurət halını alıb.
Mütəxəssislər belə halların qarşısını almaq üçün sadə, lakin olduqca effektiv tədbirlər tövsiyə edir:
Güclü şifrələrdən istifadə edin
Böyük və kiçik hərflərdən, rəqəmlərdən və xüsusi simvollardan unikal birləşmələr yaradın. Asanlıqla təxmin edilə bilən məlumatlarınızı şifrədə istifadə etməkdən çəkinin. Eyni şifrəni birdən çox cihazda və şəxsi hesabda istifadə etməyin. Həmçinin, iki faktorlu identifikasiyanı (2FA) aktivləşdirin.
Məlumatlarınızı tanımadığınız şəxslərə verməyin
Şübhəli şəxslərdən və ya mənbələrdən gələn email, mesaj və ya zənglərdən ehtiyyatlı olun. Ödəniş tətbiqlərinin və bankomatların göndərdiyi OTP kodları, şəxsi məlumatlarınızı yalnız rəsmi sayt və tətbiqlərdə daxil edin, üçüncü şəxslərlə paylaşmayın!
Hesabınıza daim göz gəzdirin
Əməliyyat tarixçəsini mütəmadi olaraq nəzərdən keçirin. Şübhəli əməliyyatlar barədə dərhal səlahiyyətli şəxslərə məlumat verin.
Təhlükəsiz onlayn alış-veriş edin
Yalnız etibarlı və yoxlanılmış ödəniş sisteminə malik saytlara etibar edin. Brauzerin ünvan sətrinə (saytın ünvanına) hər zaman diqqət edin və bu sətirdə kilid işarəsinin olduğuna əmin olun. Sosial şəbəkələrdə yalnız mavi işarə (blue tick) ilə təsdiqlənmiş və ya şirkətin rəsmi səhifəsinə güvənin.
Elektron quldurların tələsinə düşməmək üçün bu qaydalara riayət edin!