Dəb insanın özünə yaraşanı geyinməsidir. Fəslindən, mövsümündən asılı olmayaraq hər kəs özünə yaraşanı geyinməlidir. Belə olduqda ətrafdakıları geyim deyil, insanın özü maraqlandırır. Yəni insanın özü brend olmalıdır.
Amma bütün bunlara baxmayaraq dünya üzrə standarlaşdırılmış dəb var. Hər ilin, hər fəslin dizayner və modelyerləri tərəfindən uyğunlaşdırılmış dəbi artıq dünya podiumlarında sərgilənir və moda ilə yaşayanların, dəb izləyicilərinin ixtiyarına verilir. Bəs 2015-ci ilin yaz-yay modası necə olacaq? Modelyerlərə görə, bu il Tvist dəbdədir. Tvist yazın yüngüllüyünü rəngarəng pambıq-vual parçalarla özündə birləşdirir. Uzun bomber pencəklər, cırıq cinslər, cropped üst köynəkləri, tökülən, enli şalvarlar və bir çox alternativi ilə yazı qarşılayan Tvist olduqca iddialıdır. Modelyer Nərmin Rüstəmovanın sözlərinə görə, Tvist yaz-yay 2015 kolleksiyasında romantik və söft toxumalarla yanaşı, üsyankar rənglərin də ahəngi toparlanıb. “2015-ci ilin yaz-yay mövsümünə aid kolleksiyaları araşdırdığım zaman isti, bol enerjili yay mövsümünün qadın obrazını görürəm. Çiçək naxışları, buta naxışları, müxtəlif gül naxışları bu ilin trendidir. Bu ilin idman geyimlərində kvadrat fiqurları daha çox özünü göstərəcək. Keçən yaydan bəri dəbdə olan gen şalvarlar bu il də dəbdə olacaq. Şalvar boylarında qısalma müşahidə edilir. Hətta bəzi modelyerlər şalvarlara ətək forması da veriblər. Bunlar ətək-şalvarlar adlanır, əsasən rəngarəng parçalardan və xüsusən də yay aylarında özünü göstərəcək”.
Müsahibimiz bildirir ki, bu ilin dəbində cinslərin də xüsusi yeri var. Cinslər heç bir zaman dəbdən düşmür və bu il də cins şalvarlar, ətəklər, köhnəklər, donlar dəbdə olacaq.
Bu ilin yaz-yay kolleksiyalarında ən çox əsgər yaşılı, bej tonları, mavi və onun çalarları, yaşıl və onun çalarları dəbdə olacaq. Ağ rəngli, şifonlar və pambıqlar ilə romantik və zərif yaz stilləri meydana gətirə bilərsiniz. İlin favorit rənglərindən bir də sarı və onun çalarlarıdır. Sarı rəng Günəşin rəmzi olduğu üçün bu ilin yayında bu rəngə daha çox üstünlük veriləcək.
Bu ilin yaz-yay kolleksiyasında digər illərdən fərqli olaraq, don və ətəklər daha çox yer alıb. Qısa ətək və donlar bu ilin favorit geyimləri arasındadır.
2015-in yaz-yaz ayaqqabı modasında isə daha çox səndəllərə, dabansız ayaqqabılara üstünlük veriləcək. Qadını hər zaman hündürdaban ayaqqabılar daha gözəl və cazibəli göstərir. Bu il hündürdaban ayaqqabılar dəbdə olmasa da, gözəl görünmək istəyən xanımlar ənənəvi dəbi davam etdirə bilərlər. “Bu ilin ayaqqabı modasında neon və nudə tonları dəbdə olacaq. Çiçək naxışları, rəngli babetler, stilettolar, mokasenler, qalın dikdaban modellər və burnu açıq bahar botlarları bu il sizin ixtiyarınıza veriləcək. Onu da deyim ki, baharın gəlməsi ilə ayaqqabı modası da rənglənir. Bahar rəngləri çanta kolleksiyalarında da özünü əks etdirir. Bu ilin yaz-yay kolleksiyasında hər növ çanta tapmaq mümkündür. Çiyin çantaları, çarpaz asqılı modellər, mövsüm modası olan kürək çantaları və etnik əsintilər, xətlər, burğular dəbdə olacaq. Ümumiyyətlə, bu il elə ildir ki, rəng ahəngini qorumaqla istədiyiniz geyimləri geyə bilərsiniz”.
2015 yaz-yay mövsümü makiyajında təbii üz-təbii makiyaj dəbdədir. Kosmetoloq-vizajist Kəmalə Abdullayevanın sözlərinə görə, makiyaj da moda kimidir. Hər kəs özünə uyğun olanı seçməlidir. “Əgər birinə yaşıl, göy rəng yaraşmırsa, onu həmin rənglərlə bəzəmək olmaz. Düzdür, hər ilin öz makiyaj dəbi var. Amma ən gözəl dəb üzə yaraşandır. Hər zaman çalışmaq lazımdır ki, makiyajı şişirtmədən təbbi görünüş yaradılsın. Günün hansı saatı olursa olsun, parlamayan mat dəri daha diqqət mərkəzində olur. Bu ilin makiyaj dəbində maraqlı bir detal var. Bu il uzun, enli və dağılmış qaşlar dəbdə olacaq. Daha nazik səliqəli qaşlar dəbdə deyil. Qaşlarınızı indidən uzatmağa başlayın. Qaşların uzanmağı üçün isə sarımsaqdan istifadə edə bilərsiniz. Gecə yatanda sarımsağı qaşlara çəkib səhər yumaq lazımdır”.
Bu il makiyaj rənglərində rəngarəng pomadalara üstünlük veriləcək. Barbi çəhrayısı, klassik qırmızı, marsala, nudə rəngləri dəbdə olacaq. “Bu ilin ən trend rənglərindən biri də açıq bənövşəyidir. Yay aylarında gözləri bu rəngə boyamaq dəbdə olacaq. Bahara xas olan açıq bənövşəyi rəngin çalarları bu ilin makiyajında üstünlük təşkil edəcək. Romantik üslubu sevənlər açıq bənövşəyi rəngli göz kölgəsini qara layner və kirpiklərə uzunluq bəxş edən tuşla tamamlaya bilər. Bahara ən çox yaraşan makiyaj stillərindən biri də gözləri qəhvəyi rəngə boyamaqdır. Bahar-yay makiyajında narıncı dodaq boyaları da dəbli xanımların seçimləri arasında olacaq. Bahar-yay aylarında yanaqlar şaftalı çalarlarında olan ənliklərlə rənglənməlidir. Təbii ki, ənliyin rəngini makiyajınıza uyğun seçməlisiniz. Ancaq şaftalı çalarlarından istifadə etsəniz belə əsla tünd rəngli ənliklərə üstünlük verməyin. Ənliyi almacıq sümüyünün üzərinə çəkin”.
Unutmayaq ki, hər il dəb dəyişsə də, insan özünə yaraşanı seçməlidir.
İradə Cəlil