urek

Ürəyimiz niyə tez dayanır?

Baxış sayı: 526

Ürək dayanmasının səbəb olduğu ölüm halları çoxdur. Belə hallar həm dünyada, həm də ölkəmizdə günü-gündən artır. Hər kəs tez-tez ətrafında belə ölümlərin şahidi olur. Elə bugünlərdə media sahəsindən iki şəxs ürək probleminə görə həyatını itirdi. Bu itkilər Azərbaycanın ürək-damar xəstəlikləri ilə bağlı dünya statistikasında 2-ci yerdə olduğunu bir daha diqqətə gətirdi.

Eyni zamanda, statistikanın sonunda qərarlaşan, ürək-damar xəstəliklərinə görə dünya üzrə son yerlərdə olan ölkələrə də baxdıq: Fransa, Cənubi Koreya, Yaponiya, Sinqapur, İsrail…. Sual yaranır, ürəklərimiz arasında fərq varmı? Niyə fransızlarda, yaponlarda ürək problemi az, bizdə bu qədər çoxdur?

 

Milliyyət yox, 11 faktor

Almaniyanın Waldbröl Şəhər Xəstəxanasında çalışan kardioloq Firudin Qurbanov da deyir ki, ürək xəstəlikləri üçün önəmli məsələ risk faktorlarıdır, milliyyət, din, irq kimi məsələlər burada rol oynamır: “Azərbaycanda ürək-damar xəstəliklərinin çox yayılması, yaxud, bəzi ölkələrin çox yüksək risk qrupunda olmasının səbəbi risk faktorlarının həmin cəmiyyətlərdə daha çox görülməsi ilə bağlıdır”.

F.Qurbanov 11 risk faktoru olduğunu deyir: “Onların 3-nü dəyişdirə, modifikasiya edə bilmirik. Bunlar kişi cinsiyyəti, yaş faktoru və ailədə irsi olaraq ürək-damar xəstəliyinin olmasıdır. Digər 8 faktoru dəyişdirə və modifikasiya edə bilirik. Bunlar şəkərli diabet, təzyiq, xolesterin yüksəkliyi, tütün məmulatlarının istifadəsi, alkoqol, artıq çəki, hərəkətsizlik və stressdir. 11 risk faktorundan nə qədər çoxu varsa, bizim ürək-damar xəstəliklərinə tutulma riskimiz bir o qədər artır. Cəmiyyətimizə baxsaq, stress həddindən artıq çoxdur, qidalanmamız yağlı, karbohidratlıdır. Milli mətbəximiz artıq çəkili insanların sayını artırır. Bunun da yanında hərəkətsizlik olması, eyni zamanda, kilo almağımıza gətirib çıxarır. Nəticə şəkər, təzyiq və xolesterinlə qarşımıza çıxır. Azərbaycanda siqaret istifadəsi, xüsusilə kişilər arasında geniş yayılıb. Qafqaz insanlarında ürək-damar xəstəliklərinə meyllilik genetik olaraq da var”.

120 dəqiqəyə müdaxilə olunarsa…

F.Qurbanov deyir ki, bu problemin azaldılması üçün müəyyən addımlar atılmalıdır: “Sağlamlıq, qidalanma, gündəlik fiziki aktivliyin önəmi, pis vərdişlərin zərəri və s. istiqamətdə maariflənmə olmalıdır. Risk faktoru yüksək olan insanların müəyyən yaşdan sonra düzənli həkim müayinəsindən keçmələri, şikayətləri olduğunda, həkimə vaxtında müraciət etmələri qəfləti ölümlərin sayını xeyli azaldır”.

F.Qurbanov ölüm faizinin azalması üçün vaxtında müdaxilənin önəmini də vurğuladı: “Almaniyada aparılan bir elmi araşdırmaya görə, kəskin miokard infarktı keçirən xəstələr 120 dəqiqə ərzində angioqrafiya (anju) olunub stent taxılarsa, bu infarkt ölümünü 50 faiz azaldır. Bu, ciddi rəqəmdir”.

 

“Statistika da səhv aparılır”

Azərbaycan Kardiologiya Cəmiyyətinin sədri, kardioloq Üzeyir Rəhimov deyir ki, ölkəmiz ürək-damar xəstəliklərindən ölümlə bağlı dünyada kişilərə görə birinci, qadınlara görə ikinci yeri tutur. Onun sözlərinə görə, ölkəmizin statistikada ilk yerlərdə olmasının bir səbəbi Azərbaycanda bu statistikanın doğru aparılmamasıdır: “Məsələn, uzun illər onkoloji problemdən əziyyət çəkən xəstə dünyasını dəyişəndə, ölüm səbəbi kimi ürəyin dayanması yazılır. Ən son ürək dayana bilər, amma ölüm səbəbi onkoloji xəstəlikdir. Yaxud evdə dünyasını dəyişir, səbəbi bilinmir, ürək dayanması yazırlar. Bu məntiqlə yanaşsaq, düşünürəm ki, Azərbaycan əslində ürək-damar xəstəliklərindən ölüm üzrə dünyada birinci yerdə deyil”.

İşin tibbi tərəfinə gəlsək, Ü.Rəhimov deyir ki, bəli, Azərbaycanda ürək xəstəlikləri çoxdur və gəncdir: “Azərbaycan ürək-damar xəstəlikləri ilə bağlı təhlükəli bölgədə – Asiyada yerləşir. Asiyada ürək xəstəlikləri və bu xəstəliklərdən ölüm faizi çoxdur. Ümumilikdə ölkəmizdə ürək-damar xəstəliklərinin geniş yayılması üçün səbəblər çoxdur. Stress çoxdur, hərəkətlilik azdır. Hər kəs hər yerə nəqliyyatla, taksi ilə gedir. “Fast food” qidalar günü-gündən həyatımızda daha çox yer tutur. Bu qidalar damarların kirəcləşməsi üçün ciddi risk faktorudur. Ümumdünya Səhiyyə Təşkilatının 2009-2019 hesabatlarına görə, Azərbaycan insanlarının 15 faizində yüksək təzyiq, 40 faizində şəkərli diabet, 15 faizində lipid – xolesterin (yüksən qan yağları) xəstəliyi var. Artıq çəkili cəmiyyət olmuşuq. Təzyiq xəstələrinin 11 faizinin təzyiqi nəzarətdədir, 90 faizi nəzarətsizdir. Şəkər, xolesterin xəstələri də həmçinin. Bu xəstəliklər nəzarətdə olmayanda, stress, siqaret, qidalanma şərtləri də üzərinə gələndə, Azərbaycanda ürək xəstəliklərindən ölüm də çox olur”.

Vaxt itkisi azaldıqca…

Ü.Rəhimov da bildirdi ki, azərbaycanlıların ürəyinin fransızların, yaponların ürəyi qədər sağlam olmamasının səbəbi milliyyətə bağlı deyil: “Fransızlar yeməklərinə diqqət edir, çox hərəkət edirlər. Məsələn, velosiped sürən insanlardırlar. Bizdə belə deyil”.

Ü.Rəhimov bildirdi ki, ürək-damar xəstəliklərindən ölümlərin azaldılması üçün xəstəyə vaxtında müdaxilə edilməsi istiqamətində imkanlar genişləndirilməlidir: “İnfarkt keçirən xəstələr hazırda invaziv müdaxilələr – angioqrafiya (anju) edilən mərkəzlərə deyil, qeyri-invaziv mərkəzlərə aparılır. Bu da xəstələr üçün vaxt, dövlətimiz üçün də əlavə maliyyə itkisidir. Halbuki, icbari tibbi sığorta vaxtında angioqrafiya edilib damarın açılmasını tamamilə qarşılayır”.

Ü.Rəhimov qeyd etdi ki, “Stent – save a life” proqramının Azərbaycanda tətbiqinə başlanılacaq. Bu proqram da ölüm faizini xeyli azaltmağa köməklik edəcək: “Stent – save a life” proqramı belədir ki, ölkə ərazisində müxtəlif yerlərdə angioqrafiya edib stend qoyan müasir mərkəzlər (xəstəxanaların daxilində) yaradılır. İnfarkt keçirən, stenokardiya tutması olan xəstələr zamanında həmin mərkəzlərə çatdırılır, damarları açılır və həyatı xilas edilir. Şərqi və Qərbi Avropanın bəzi ölkələrində bu layihənin tətbiqindən sonra ölüm sayını azaldıblar. Kardiologiya Cəmiyyəti olaraq biz də o proqrama qoşulmuşuq. Müvafiq dövlət qurumları da bizi dəstəklədiklərini bildiriblər. Yay aylarında bununla məşğul olacağıq”.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir