usaq

Yeniyetmələr niyə aqressiv olur?

Baxış sayı: 1. 900

Yetkinlik dövrü ağır keçən bir perioddur. Bu dövrdə yeniyetmələr daha aqressiv olur, hüquqlarını müdafiə etməyə qalxır, bəzən nə istədiklərini özləri də dərk etmədiklərindən hətta valideynlərinə qarşı çıxırlar. Bu dövrdə gənclərin evdən qaçması, intihar etməsi, narkotik və alkoqollu içki qəbulu kimi zərərli vərdişlərə qurşanması, cinsi həyata erkən başlama və bu kimi problemlər baş verir ki, bu da çox zaman gənc və onun ailəsinin peşmançılığı ilə nəticələnir.

Uşaqların yeniyetməlik dövrü 10-18 yaşları arasıdır. 18 yaşından sonra gənc həyatı başa düşməyə, doğruyla yanlışı fərqləndirməyə başlayır. Bu dövr fiziki və mənəvi baxımdan qızlar və oğlanlar üçün çox önəmlidir. Belə ki, bu dövrdə qızların boyu 20, oğlanların isə 25-30 sm artır. Bəzi uşaqlarda isə ekoloji və genetik faktorlara görə, bu dövr tez başlaya bilər.

Psixoloq Aynurə Əlibəylinin sözlərinə görə, bu dövrdə yeniyetmənin valideynlərinə vermək istədiyi bir mesaj olur: “”Mən siz olmadan da yaşaya bilərəm”. Bu dövrdə evə gec gəlmələr, üsyankarlıq, dostlarla çox zaman keçirmə, tək qalmaq, ata-anadan fərqli düşündüyünü isbat etmək üçün müəyyən davranışlar özünü göstərməyə başlayır. Bu dövrdə nəzarət edilməsi, təsir etməyə çalışmaq, diqtə etmək gəncləri çox narahat edir”.

Müsahibimizin fikrincə, yeniyetmənin bu dövrdə aqressiv və zorakılığa meylli olmasının səbəbləri çoxdur. Zorakılığın yaşandığı mühitdə böyümək, uşaqlıqdan zorakılıq mövzusunda filmlər izləmək, belə oyunlara maraq göstərmək, psixiatrik xəstəliklər yeniyetmələrdə zorakılıq və aqressiyanı gücləndirir. “Yeniyetmələr televiziyalarda nümayiş olunan zorakılıq movzusunda filmlərə baxıb aqressiyanın, əsəbin, zorakılığın harizmatik olduğunu düşünür. Onlara elə gəlir ki, aqressiya nümayiş etdirmək, əsəbi olmaq, zorakılıq tətbiq etmək məşhurluğu artırır. Çünki bu yaş qrupu uşaqlar üçün məşhur olmaq, qarşı cins tərəfindən bəyənilmək çox əhəmiyyətlidir. Buna görə də, uşaqları bu dövrdə istədiyi bir idman növünə yönləndirmək lazımdır. Onların enerjilərini idman yolu ilə çıxarması bu dövrün bir az daha sakit keçməsinə səbəb olacaq”.

Əlibəyli qeyd edir ki, uşaqların kiçik yaşlarından sevilməsi və səmimi bir mühitdə böyüməsi yeniyetməlik dövrünün bir az daha sakit keçməsinə kömək edir. Onun fikrincə, uşaqlara əxlaq, vicdan anlayışı kiçik yaşlarından təlqin edilməlidir. Normal yetkinlərin 5 müsbət tərəfi var; bunlar qane olma bacarığı, özünə inam, əlaqələrin genişlənməsi, xarakter, yardımsevərlik və mərhəmətdir. Əgər bir yeniyetmədə bu sadalananlar varsa, onun periodik dövrü üçün narahat olmağa ehtiyac qalmır. Amma bütün bunlara baxmayaraq həmsöhbətimiz valideynlərə bu dövrü rahatlaşdırmaq üçün bəzi məsləhətlər verir: “Fərqli fikirdə olsanız da, övladınızı dinləyin. Səhv davranışını şəxsiyyətinə aid etməyin. Səhv olduğunu düşündüyünüz davranışını birlikdə müzakirə edin, qiymətləndirin. Tənqid etmək əvəzinə nümunə olmağa çalışın. Müsbət hərəkətlərini təqdir edin, etdikləriylə maraqlanın, əhəmiyyət verin. Mübarizə aparıb incitməyin, razılığa gəlməyə çalışın. Uşağınızın zehni, romantik və ictimai inkişafına diqqət yetirin və tənqid olunmağa siz də hazır olun. Qarşınızdakı ilə sizin övladınız – ən qiymətli varlığınız olduğunu unutmadan danışın və dinləyin. Unutmayın ki, bu dövr onun hormonal dəyişiklik içində olduğu bir dövrdür”.
 İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir