USAQ

Uşaqların bu suallarına bəzən valideynlər də cavab tapmırlar

Baxış sayı: 454

Uşaqların böyüklərə verdiyi bəzi suallar var ki, onlara cavab tapmaqda valideynlər bəzən əziyyət çəkirlər və internetdən araşdırmalı olurlar. Aşağıda belə sualların bir qismi və cavabları ilə tanış ola bilərsiniz. Əminik ki, yetkin oxucularımız belə nələrsə öyrənmiş olacaqlar.

 

Nə üçün bəzi ölkələrdə məftillərdən ayaqqabı asırlar?

Şimali və Cənubi Amerika, Avropa ölkələrində, Avstraliya və hətta Rusiyada da bu halla qarşılaşa bilərsiniz. Bağları vasitəsilə məftildən ayaqqabını asmaq ənənəsinin hardan qaynaqlandığı məlum deyil. Ancaq dəqiq deyə bilərik ki, bu ənənənin praktiki olaraq, heç bir məqsədi yoxdur.

Bəziləri bunu dələduzluq məqsədilə, bəziləri isə bir ənənə kimi məktəbi bitirdikdə, nigaha daxil olduqda və s. bu kimi xüsusi yaddaqalan hadisələrdən sonra edir. Bəzən hərbiçilər də hərbi xidməti başa vurub evə döndükdə çəkmələrini belə asırlar.

 

Nə üçün qarpız giləmeyvədir?

Botanika tərəfdən baxdıqda içərisində sıx toxumları, qalın qabığı, şirəli ortası olan meyvələr giləmeyvə adlanır. Bu cəhətdən, pomidor, badımcan, banan, kivi giləmeyvə sayılmır. Qarpız və yemişin tumları morfoloji olaraq, giləmeyvəyə aiddir və üzəri qalın qabıqla örtülüdür, içərisində isə şirəli sellüloz var.

 

Niyə ayılar qış yuxusuna gedir?

Yalnız bəzi ayılar qış yuxusuna gedir, qonur ayı, Himalay ayısı və s. Həmin ayılar adətən bitki mənşəli qidalarla qidalanırlar. Qar mövsümündə isə belə qidanı tapmaq çətin olur. Yeri gəlmişkən, qəhvəyi ayı uzun bir yuxudan əvvəl 180 kiloqrama qədər dərialtı yağ toplayır. Qışlama dövründə isə 80 kiloqrama qədər çəki itirir. Qeyd edək ki, qışı mülayim və az yağıntılı keçən cənubda yaşayan ayılar qış yuxusuna getmir.

 

Niyə Qırmızı kitaba məhz qırmızı kitab deyirlər?

Bilirik ki, Qırmız kitaba nəsli kəsilməkdə olan, sayı az olan bitki, heyvan, göbələk və s. adı salınır. 1949-cu ilin sonlarından təbiətdə sayı azalmış canlıların qorunması üzrə komissiya yaradıldı. Onun məqsədi nəsli kəsilməkdə olan bitki və heyvanların ümumdünya statistikasını hazırlamaq idi. Komissiya nümayəndəsi Piter Skott bu siyahını Qırmızı kitab (ingilis dilində- “Red Data Book”) adlandırmağı təklif etdi. Qırmızı rəng simvolik olaraq, təhlükəyə və kövrəkliyə işarədir.

 

Qarnımızda quruldayan nədir?

Peristalsis qidanı həzm sistemi vasitəsilə hərəkət etdirən bir sıra dalğavari əzələ sancılardır. Bu hərəkətlər mədədə baş verir. Bağırsaqlar boş və ya dolu olsa da, bədən mütəmadi olaraq peristalsis prosesinə məruz qalır. Qeyd etmək lazımdır ki, aclıq zamanı qarın quruldaması hər kəsə xas olan bir normadır. Elmi cəhətdən mədədəki gurultuya borborigmus deyilir.

 

Buludlar göydə necə qalır?

Əslində buludlar su damcıları və ya kristalların birləşməsidir. Buxar buludların təkib hissəsi deyil. Bəs sudan ibarət olan bir bulud havada necə asılı qala bilir və yerə düşmür? NASA bildirir ki, bunun iki səbəbi var: damcının ölçüsü və külək

Buludlardakı su damcılarının ölçüsü olduqca kiçik olur. Hissəciklərin kütləsi müəyyən bir səviyyəyə çatdıqda yağış formasında yerə düşür.

 

Ağacların dibini nə üçün əhənglə ağardırlar?

Əsasən keçmiş Sovet ölkələrində yazın əvvəllərində ağacların aşağısına əhəng və su qarışığı çəkirlər.  Bu sovet dövrü ənənəsi ağacları göbələk və bakteriyalardan qorumaq məqsədi daşıyır.

 

Yarasalar nə  ilə qidalanırlar?

Yarasaların çox növü həşəratlarla qidalanır. Bəziləri nektar və meyvə yeyirlər.  Cəmi üç növ yarasa yalnız məməlilərin və bəzən də yatmış insanların qanı ilə qidalanır. Belə vampir yarasalar Mərkəzi və Cənubi Amerikada tropik və subtropik bölgələrdə yaşayır.

 

Utananda niyə qızarırıq?

İnsan güclü hisslər keçirəndə məsələn hirslənəndə, utananda, həyəcanlananda qızarır. Buna səbəb simpatik sinir sistemidir, həmin an sinir sistemi enerjini elə paylayır ki, əsas hissəsini əzələlər qəbul etsin. Bu zaman xırda qan damarları da genişlənir, nəticədə dəri qızarır.

 

Arılara bal niyə lazımdır?

Yayda arılar çiçək nektarı toplayır və ondan bal hazırlayırlar. Bal onlara qışda, çiçək tapa bilməyəcəkləri vaxtda qidalanmaq üçün lazımdır. Yüksək enerjiyə malik qida sayılan bal arıların özləri üçün də tutumlu qida sayılır.

 

Gəmilər niyə batmır?

Sudan ağır olan poladdan hazırlanmış gəmi normalda batmalıdır. Lakin burada fizika qanunları işə düşür. Arximed qanununa görə, gəminin orta sıxlığı suyun sıxlığından azdır, çünki həcminin çox hissəsi havadır. Gəmi suya nə qədər batırsa (yükləndikdə), ona təsir edən üzmə qüvvəsi bir o qədər güclü olur.

 

Nubar Süleymanova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir