roma

“Əbədi şəhər”ə səyahət

Baxış sayı: 595

Romanın Leonardo da Vinçi adına Fiumicino Hava Limanından “Termini”yə (dəmiryolu və avtobus vağzalı) “şatl buslar”, metro və gecə avtobusları müntəzəm işləyir. Qiymətlər ucuz olmasa da, paytaxta gələn turistlərin istənilən nəqliyyat növü ilə şəhər mərkəzinə 40 dəqiqəyə rahat çatmaq və qayıtmaq imkanı var. Hotel transferi və ya taksi ilə mərkəzə qiymətlər standartdır: 50 avro (93.37 AZN). Axşam saatlarında nəqliyyat müntəzəm olmadığından sərnişinlər saat 00.00-dək gecə qatarından (15 avro) istifadə edirlər. İtaliyanın paytaxtında metro çox sadə və rahatdır. Cəmi iki metro xətti çəkilib. Bu, Romanın altında çox qədim qəbirlərin – katakombaların olması ilə əlaqədardır. 150-170 km-ə qədər uzanan yeraltı keçidlərin labirintləri içərisində dəfnlər üçün taxçalar düzəldilib. Avtobuslara da “metrobus” biletləri (1.30 avro) ilə minmək mümkündür. Roma City Pass (32 avro) kartları nəqliyyatdan limitsiz istifadə və bir sıra muzeylərə ödənişsiz daxil olmaq üçün daha sərfəlidir.

Roma imperiyasının qalıqları

Aeroportdan çıxdıqdan sonra keçidlərdən keçərək 3-cü platformadakı kassadan aldığım biletlə (8 avro) “şatl bus”a otururam. Avtobusdakı azərbaycanlı tələbə ona baş çəkməyə gələn ata-anasına yolboyu şəhəri göstərir: “Burada hər yerdə Roma imperiyasının qalıqlarını görəcəksiniz!” Həqiqətən də ətrafda eramızdan əvvəlki dövrün abidələrinin və bənzərsiz memarlığının əzəmətini müşahidə edirəm. Qədim binalar, köhnə, uçuq divarlar, körpülər, məbədlər və s. tikililər dünyanın ən güclü imperiyalarından birinin yaranmasına, yüksəlişinə və süqutuna şahidlik edib, elmdə, incəsənətdə və ədəbiyyatda əbədi olaraq parlaq iz qoyub. Yamyaşıl ağaclarla, tarixi binalarla əhatə olunan, rahat asfalt küçələrlə “Termini”yə çatıram. Gündüz saatları olduğundan hotelə yerləşəndən dərhal sonra qədim sivilizasiyanın paytaxtını görmək – Roma dünyasına qərq olmaq fürsətini əldən vermirəm.

Açıq səma muzeyi

Roma bir neçə min il əvvəl insanların necə yaşadığını öz gözlərinizlə görə biləcəyiniz muzey, hər küncdə heyrətamiz attraksionlar təklif edən bir şəhərdir. Təxminən 3000 ildir mövcud olduğu üçün “Əbədi şəhər” adlanır. İsti yay günündə şəhərlə ən yaxşı tanışlıq tur avtobusları ilə gəzməkdir. Müxtəlif xətlər üzrə hərəkət edən “Hop on-Hop off” avtobusları gün ərzində (25 avro) istənilən yerdə düşüb-minmə imkanı da verir. Həmçinin Romanın bütün məşhur yerlərinə biletləri əvvəlcədən – internet vasitəsilə almaq endirim şansından əlavə, uzun-uzadı növbələrdə dayanmaqdan xilas edir. Federiko Fellininin “Roma” filmindəki kimi fəvvarələri, Tiber çayını və sahilindəki Sant-Anjelo qəsrini, Santa Mariya bazilikasını, Sesiliya Metella məqbərəsini, İtaliya Forumunu, Piazza del Popolonu, Vittorio Veneto küçəsini, Kolizeyi, Kapitol meydanını və bir çox digər attraksionları seyr etdikcə rejissorun sevgisini anlayırsan. Teatr binaları, qədim kilsələr, muzeylər, zəfər tağları və sütunları, məbədlər və şəhər villalarının qalıqlarının əzəmətini demək olar ki, hər addımda seyr etmək olur. Onların xarabalıqlarından 3000 il əvvəl Roma İmperiyasının paytaxtının necə göründüyünü təsəvvür etmək çətin deyil. Kapitol meydanı və muzeyini, bütün Tanrıların məbədi Panteonu ziyarət etməkdən, həmçinin paytaxtın ucsuz-bucaqsız qədim küçə və meydanlarında gəzərək, Roma İmperiyasının iradəsi və qüdrəti ilə yaradılmış binalara, məbədlərə və digər qiymətsiz xəzinələrə baxmaqdan yorulmursan…

Romanın simvolları

İtaliyanın başqa şəhərlərində olduğu kimi, Romada da qədim su kəmərləri vasitəsilə axan bulaq suyundan həm turistlər, həm də şəhər sakinləri istifadə edirlər. Bumbuz kəhrizlərə yollarda tez-tez rast gəlmək olur. Romada “Top-10”-luqda olan görməli yerlər var ki, onlarla yaxından tanış olmalısan. İtaliya paytaxtı istənilən növ səyahətçiyə – tarix, incəsənət, macəra və nəfəskəsən mənzərələr axtaran turistə xidmət edir. Qədim Romanın simvolu olan Kolizey belə yerlərdəndir. Hər il təxminən beş milyon insan amfiteatrı ziyarət edir. Abidə ilə yaxından tanışlıq üçünsə uzun-uzadı növbədə durmaq lazım gəlir. Kolizey dünyanın ən böyük qədim amfiteatrıdır. Bilet (17 avro) həmçinin abidənin içərisinə daxil olmağa və ətrafdakı Roma Forumunun qalıqlarına və Palatine təpəsinə baxmağa imkan verir. Kolizeyin arenasında dəbdəbəli şənliklər və teatr tamaşaları keçirilib, qladiatorlar döyüşüb və həlak olub. Fövqəladə vəziyyətdə təxminən 55 min tamaşaçı Kolizeyi 5-10 dəqiqəyə tərk edə bilərmiş. Bu illər ərzində dünyanın heç bir yerində belə tutumlu attraksion tikilməyib. 315-ci ildə ucaldılan “Konstantinin Zəfər Tağı” da Kolizeyin yaxınlığında yerləşir. Bu, Romanın sonuncu zəfər tağıdır. Romanın möhtəşəm memarlıq bəzəyi olan “Trevi fəvvarəsi” (Fontana di Trevi) şəhərdə bir nömrəli attraksion adı uğrunda Kolizeylə ciddi rəqabət aparır. Barokko üslubunda möhtəşəm memarlıq ansamblı 1732-1762-ci illərdə tikilib. Bu müddətdə Romada 3 Papa dəyişib. Bır çox məşhur filmlərdə fontanla bağlı kadrlar var. B️u, soyuq yanvar ayında italyan kinosunun ikonası Marçello Mastroianni ilə İsveç aktrisası Anita Ekberqin rejissor Federiko Fellininin “Şirin həyat” filmində çimdikləri fontandır. 1954-cü ildə ekranlara çıxan “Trevi fontanında üç qəpik” filmi isə gələn turistlərdə inam yaradıb: Romaya qayıtmaq, macəra yaşamaq və ailə qurmaq. Fontanın kənarında sevənlər bir-birinə and içirlər. Məlumatlara görə, hər il fontanın içindən 1-1.5 milyon avro yığılır və fontanın təmirinə yönəldilir. Fontanda çimənlər 450 avro cərimə olunurlar. “Trevi”nin yaxınlığındakı kafelərdə dadlı italyan pizzası və ya spagetti yemək, kofe içmək, dondurmaların dadına baxmaq şəhərin digər yerlərindən daha bahadır. Hamı bilir ki, makaron İtaliyanın milli mətbəxinin simvoluna çevrilib. İtalyanlar sevimli yeməklərinə həsr olunun “Pasta muzeyi” də yaradıblar. Turistlər Romanın yaşıl nəfəsi sayılan “Villa Borghese bağı”na səyahət etməyi xüsusi sevirlər. Məşhur ispan pilləkənləri Villa Borghese-ə aparır . 17-ci əsrdə kardinal Scipione Borghese tərəfindən yaradılan park 1903-cü ildə dövlət tərəfindən satın alınaraq şəhərə hədiyyə edilib. İndi burada nəinki qədim heykəllər arasında kölgəli xiyabanlarda gəzmək, həm də qayığa minmək, at sürmək, fəvvarələrə və keçmiş Roma papalarının yay iqamətgahlarına heyran olmaq, bir sıra sənət qalereyalarını və muzeyləri ziyarət etmək olur.

İtaliyanın miqrant problemi

Roma tarixi simasına baxmayaraq miqrantların, evsiz-eşiksiz insanların küçələrində yatdığı şəhərdir. Mərkəzi meydanlarda, metroların qarşısında, vağzalların ağzında evsiz-eşiksiz insanlara rast gəlirsən. Balaca çadırlarda gecələyənlər də var. Onların çoxu dəniz yolu ilə İtaliyaya salamat gəlib çıxan miqrantlardır. Əksəriyyəti Afrikanın böyük səhraaltı ölkələri, Ərəbistan yarımadası, Misir, Suriya və Banqladeşdəndir. Yerli əhali onlardan narazıdır. Düzgün planlaşdırılmış marşrut Romada nə görmək haqqında klassik suala yalnız bir düzgün cavab var: “Hər şey”. Ancaq təəssüf ki, bunun üçün sadəcə kifayət qədər vaxt yoxdur. Sehrli “Əbədi şəhər”də gəzintilərin kaleydoskopu zamanı həqiqətən maraqlı bir yerin yanından tələsməmək üçün, hətta səfərdən əvvəl mədəni proqram planlaşdırmaq lazımdır. Düzgün planlaşdırılmış marşrut daha çox yerləri görməyə kömək edir.

 

Təranə Məhərrəmova

Bakı-Roma-Bakı

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir