MEKTEBLI

Yeni məktəbli formalarını haradan və neçəyə almaq olar?

Baxış sayı: 540

Bakıda məktəbli formasının istehsalı ilə məşğul olan Bakı Tikiş Evi (BTE) yeni tədris ili üçün 300 min məktəbli forması istehsal edəcək. Bu barədə BTE-nin satış şöbəsinin müdiri Etibar Əzimov məlumat verdi. Onun sözlərinə görə, məktəbli forması ilə bağlı ötən tədris ili yaşanan ajiotaj bu il təkrarlanmayacaq.

“Bu il kifayət qədər vaxt olduğundan, məktəbli formalarının xammalının gətirilməsi, istehsalı ilə bağlı problem olmadı. Həmçinin bu tədris ili digər tikiş müəssisələri də məktəbli forması istehsal edir. Bizim müəssisədə məktəbli forması istehsalı üçün parça çoxdur. Qarşımıza məqsəd qoymuşuq ki, bu tədris ilinə 300 min məktəbli forması istehsal edək” – deyə BTE səlahiyyətlisi bildirir.

O, fabrikin məktəbli formasının satışı üçün Bakıda 18, cənub bölgəsində isə 3 mağaza açdığını bildirib. Əlavə edib ki, həmçinin məktəbli formaları “Bravo market”lər şəbəkəsində də satılacaq.

Məktəbli formalarının keyfiyyətinə gəlincə, E. Əzimov bütün köynəklərin tərkibinin 100 faiz pambıq olduğunu söylədi: “Bizim fabrik 2010-cu ildən məktəbli forması istehsal edir. Bizim mağazamızdan alınan malların keyfiyyətinə təminat veririk. Amma hər il BTE adı altında bazarda saxta məktəbli formaları da satılır. Biz vətəndaşlara bizim məhsulları ancaq öz mağazalarımızdan almağı tövsiyyə edirik”,

O, satışda bütün ölçülərdə məktəbli forması olduğunu bildirir: “Hazırda 26 ölçüdən 54 ölçüyə qədər həm uzunqol, həm də qısaqol polo köynəklərin qiyməti 15 manatdır. Şalvar və ətəklərin parçası isə 60 faiz yun, 40 faiz polesterdəndir və onların qiyməti isə 25 manatdır. Ötənilki qiymətlər dəyişməyib”.

Qeyd edək ki, növbəti tədris ilindən – sentyabrın 15-dən orta məktəblərdə yeni məktəbli formasının tətbiqi gerçəkləşəcək. Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında” qərara əsasən, orta məktəblər üçün yeni geyim formaları təsdiq edilib. Artıq məktəbli geyimlərinin qiyməti də müəyyənləşib və satışa çıxarılıb. Bu gün BTE-də xeyli sayda valideyn məktəbli forması almaq üçün fabrikin mağazasına üz tutmuşdu. Valideynlər yeni məktəbli formalarının keyfiyyətinə hələki bələd olmadıqlarını, istifadə etdikdən sonra bu barədə fikir söyləməyin mümkün olacağını söylədilər.

Məlumat üçün bildirək ki, Nazirlər Kabinetinin qərarında qeyd olunur ki, məktəblər üçün forma 4 rəngdə nəzərdə tutulub.

Oğlanlar üçün şalvar – rəngli (tünd-göy, tünd-boz, qəhvəyi-yaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan düzünə və manjetsiz tikilir.

Qızlar üçün ətək – rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), açıq-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, poliester 40%) iplikdən toxunulmuş parçadan çoxsaylı şaquli qırçınlı, yarımdairə klyoş və ya trapesiyaşəkilli tikilir.

Qızlar üçün şalvar – rəngli (tünd-göy, tünd-boz, qəhvəyiyaşıl (xaki), tünd-qəhvəyi) yun və poliester qarışıqlı (yun 60%, 4 poliester 40%) iplikdən toxunmuş parçadan düzünə və manjetsiz tikilir.

Qısaqol köynək – rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye) parçadan (100% pambıq) polo tipli tikilir.

Uzunqol köynək – rəngli (ağ, mavi, bej) və pambıq iplik tərkibli (karde və ya penye), (100% pambıq) orta qalın toxunma parçadan tikilir.

Önü bağlanılan cibli jaket – rəngli (göy, boz, yaşıl, qəhvəyi-yaşıl (xaki) yarımyun (yun 50%, akril 50%) tərkibli qalın toxunma parçadan tikilir.

Təhsilalanların geyimi aşağıdakı qış və yay formalarından ibarətdir (rənglər dəyişə bilər).

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir