valideyn

Məktəbli uşaqlar evdən niyə qaçırlar?

Baxış sayı: 540

Son günlər məktəblilərin evdən qaçması və yaxud itkin düşməsi ilə bağlı yayılan xəbərlərin sayı artıb. Tərtərdə  bir neçə gün əvvəl itkin düşən 16 yaşlı oğlanın meyiti tapılıb.

Hadisə Mamırlı kəndində baş verib. Atayev Vidadi Samir oğlunun meyiti qonşularının həyətində ağacdan asılmış vəziyyətdə aşkarlanıb. Məlumata görə, o, avqustun 15-də yaşadığı evdən çıxaraq itkin düşüb. Onun itkin düşməsi barədə polisə məlumat daxil olub.

Bakıda itkin düşən 17 yaşlı qız isə sağ-salamat tapılıb. Hadisə avqustun 14-də Nərimanov rayonu ərazisində qeydə alınıb. 2006-cı il təvəllüdlü Jalə Vahabzadə yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb.

Gənc qız polis orqanına daxil olan müraciət əsasında tapılaraq ailə üzvlərinə təhvil verilib: “Onun ailə üzvlərindən xəbərsiz qohum evində olması müəyyən edilib. Kriminal tərkib yoxdur”.

Zaqatalada itkin düşən 9-cu sinif şagirdi də tapılıb. Zaqatala şəhər internat tipli inteqrasiya məktəbinin 9-cu sinif şagirdi, 2008-ci il təvəllüdlü Ü.S. (ad, soyadı şərti) yaşadığı evdən çıxaraq gedib və bir daha geri qayıtmayıb. Faktla bağlı araşdırma aparılıb və bir müddət sonra məktəbli aşkarlanaraq ailə üzvlərinə təhvil verilib.

Psixoloqlar isə hesab edir ki, yeniyetməlik dövrü hamının həyatında ciddi dəyişikliklər baş verir. Bu dövrdə baş verən dəyişikliklər tək yox, çoxistiqamətli xarakter daşıyır. Gözlə görünən fiziki dəyişikliklərlə bərabər, psixoloji dəyişikliklər də özünü göstərir. Yeniyetməlikdə yaşanan problemlərdən biri də məhz ünsiyyət problemidir.  İctimaiyyət üzvləri isə bunun səbəbini bugünkü gənclərin daha çox müasirliyə can atması, yeniyetmə yaşlarında ziddiyətli psixoloji durumu və onun təhlükəli hallara yol açması, valideynlərin ciddiliyi ilə əlaqələndirir.

ehmed qesemoglu

Sosioloq Əhməd Qəşəmoğlu isə hesab edir ki, ölkədə bu sahə başlı-başına buraxılıb. Ciddi şəkildə bu məsələlərlə məşğul olmaq lazımdır. Lakin bununla məşğul olacaq qurum yoxdur. Heç olmasa, mövcud elmi mərkəzlər bu kimi problemləri təhlil etməli, müvafiq qurumlar tərəfindən hazırlanan tövsiyələr KİV-də yayımlanmalıdır:

“Yeni nəsli həm fiziki, həm də mənəvi baxımdan sağlam yetişdirməyin yollarını axtarıb tapmaq lazımdır. Xüsusən də, təhsil sistemində ciddi dəyişikliklər edilməlidir. Məktəblər indiki zamanda ailələr ilə mütəmadi işləməlidir. Bunun üçün məktəblərdə geniş sosial iş şəbəkəsi yaradılmalıdır. Əgər problemin qarşısı indidən alınmasa, gələcəkdə vəziyyət daha da acınacaqlı hal alacaq. Sadəcə, məhdudlaşdırıcı tədbirlər, maarifləndirmə ilə heç nəyə nail ola bilmərik. İnsanın daxili, mənəvi potensialı, yaşadığı mühit, aldığı informasiya, üstünlük verdiyi dəyərlər onu formalaşdırır. Bu dəyərlərdən birinin əskikliyi problemin yaranmasına gətirib çıxarır. Mənəvi dəyərlər öndə olanda cəmiyyət özü-özünü tənzimləyir. Bu gün mənəvi dəyərlər arxa plana keçir. İnformasiyanın məzmunu bərbad haldadır. İndi gənclər informasiyanı sosial şəbəkələrdən, teleseriallardan əldə edirlər. Gənclər də məhz dözümsüzlüklərini bu informasiyalardan alır. Görürlər ki, başqaları evdən qaçıb canını qurtarıb, o da bu yolu seçir. Bu da mənəvi aşınmaya səbəb olur”.

 

Şeymən Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir