kart

Onlayn dilənçilər: Ver yeyim, ört yatım…

Baxış sayı: 448

Rəqəmsallaşmanın, texnoloji yeniliklərin, virtual dünyanın həyatımıza bu qədər dərin və əhatəli girməsindən sonra bir çox peşələr online rejimə keçib. İndi dilənçilər də pul qazanmağın daha rahat yolunu tapıblar, əllərində telefon sosial şəbəkələri gəzirlər. Birindən pul, birindən ərzaq, birindən geyim istəməklə evdə otura-otura güzəranlarını yaxşılaşdırırlar.

 

Kart hesabı ilə dilənənlər

Dilənçilik bəşəriyyət mövcud olandan bəri var olan bir peşədir. Bəzi dövrlərdə artıb, bəzi dövrlərdə azalıb. Amma dilənçilik heç bir cəmiyyətdə tam olaraq aradan qalxmayıb. Təbii ki, dilənçiliyin bir çox növləri var. Amma bu yazıda son illər geniş yayılan “virtual dilənçilik”lə bağlı danışmaq istədim.

“Virtual dilənçilər” və ya “sosial şəbəkə dilənçiləri” kimi tanınan bəzi insanlar rəqəmsal dünyanı gəlir mənbəyinə çeviriblər. Yalan paylaşımlarla insanların mərhəmətini sümürərək pul tələb edən virtual dilənçilər insan ləyaqətinin nə qədər alçala biləcəyini göstərirlər. Yalandan balasını öldürən kim, anasını qəbrə qoyan kim, yoldaşını ölümcül xəstə edən kim. Hərə bir kart hesabı yayıb kömək dilənir. Onların kölgəsində qalan həqiqətən ehtiyaclı, xəstəsi olan insanlara da inamımız itir.

İnternetin həyatımızdakı ən vacib amilə çevrilməsi, əlimizdəki telefonların, önümüzdəki monitorların az zamanda çox işi görməsi təbii ki, həyatımızı bir çox cəhətdən asanlaşdırdı. Təbii olaraq bir çox iş zamanla virtual dünyaya inteqrasiya etdi.. Banklar internet bankçılığa keçdi, mağazalar online satışla məşğul oldu, kafelər yeməklərini online yolla satdı, təhsil distant üsulla verildi və s. Dilənçilər də texnologiyaya uyğunlaşdılar. İndi bir çox dilənçi virtual mühitdə dilənməyə başlayıb. Axı biz həmişə deyirik, texnologiya inkişaf edib və hamı onunla ayaqlaşmalıdır. Bunun bir nümunəsi də dilənçilər oldu.

Klassik dilənçilərin ən çox diləndikləri yer insanların gur olduğu yerlər idi, onların müasirləri dilənmək üçün ən münasib yeri – sosial şəbəkələri seçib. Sizə maraqlı gələ bilər, hətta internet məkanında virtual dilənçilik üçün saytlar da var. Bu saytlara üzv olub reklam verəndə sədəqə toplasanız, platformaya müəyyən komissiya verib saytda dilənməyə davam edə bilərsiniz. Amma dilənçilər üçün sosial şəbəkələr daha münbit yerdir. Burada dilənçilik edənlərin daha çox qazanc əldə etdiyini deyə bilərik. Vasitəçi olmadığı üçün iş daha asandır və hər təbəqədən olan insanlar var. Üstəlik, daha çox mərhəmətli və tez aldanan olurlar, onların inamından sui-istifadə etmək asan olur.

 

Kimlər, niyə, necə?

Dilənənlər müxtəlif olur. Daha çox ailə başçısını itirdiyini deyən qadınların paylaşımı rastımıza çıxır. İddiaları belədir, bir çox halda yalan olur. Böyük qruplarda, səhifələrdə tez-tez paylaşım edirlər, təsirli mətn yazırlar, uşaqlarının ac olduğunu, işləyib qazandığı pulun yalnız kirayəyə və kommunal xidmətlərə yetdiyini, çətinlik çəkdiklərini iddia edirlər, kart hesabı atıb yardım istəyirlər. Bizim milli psixologiyamız elədir ki, uşaqların adı olan hər yerdə həyat durur, onlar bizim qırmızı xəttimizdir. Uşaqlarının ac olduğunu deyən birinə sorğu-sualsız hamı yardım edir. Bəzən şahidi olmuşam ki, bir paylaşımına 200-300 manat pul yığılıb. Bu paylaşımlar hər gün, fərqli adlarla, fərqli profillərlə edilir, mətni və nəql elədiyi hekayəni dəyişməklə təbii ki.

Qazi ailəsi olduğunu iddia edənlər də dilənənlər arasında çoxluq təşkil edir. Həyat yoldaşının müharibə iştirakçısı olduğunu, müharibədə yaralandığını, müalicə üçün maddi vəsaitlərinin olmadığını, qazinin öz vəziyyətindən utanaraq şəxsən müraciət etmədiyini iddia edən naməlum profillər vasitəsi ilə ianə toplanır. Toplanan vəsait hara gedir, necə və nəyə xərclənir, məlumdur. Qazi yalanı işin mərhəmət sümürmə nöqtəsidir, əslində, yazan online dilənçilərdir.

Övladının xəstə olduğunu iddia edənlər də çoxdur. Oxunmayan və yaxud kimə aid olduğu məlum olmayan bir xəstəlik tarixçəsini sosial şəbəkələrdə yayıb kömək istəyənlərə həkim məsləhət görəndə, özün həkimə aparmaq istəyəndə, evini, uşağı görmək istədiyini yazanda yoxa çıxır, hesabını dondurur. Lakin deməliyəm ki, həqiqətən xəstə övladının şəklini, videolarını yayan insanlar da var ki, müalicə, həkim təklif edəndə razılaşırlar. Çünki paylaşımda məqsəd pul yığmaq yox, övladını müalicə etdirə bilməkdir.

 

Yardım edək, ya etməyək?

Uzun illərin sosial şəbəkə istifadəçisi kimi deyərdim ki, araşdırmadan əsla! Sizə yazan, yardım istəyən, pula ehtiyacı olduğunu deyən insanı şəxsən tanımırsınızsa əsla inanmayın. Əmin olun ki, həqiqi ehtiyacı olan şəxs nə evini, nə ailəsini, nə də özünü gizlətməz, anonim paylaşım etməz. Əgər nə adı, nə profil şəkli, nə də haqqında olan məlumatlar dəqiq deyilsə, böyük ehtimalla online dilənçidir, insanların mərhəmətini sümürməklə özünə gəlir yeri əldə edib.

Qəssab dükanı önündə marığa yatmış pişik kimi yardım qruplarında fürsət gözləyən bu cür insanlar əllərinə keçən bütün imkanlardan istifadə etməklə hər ay yaxşı gəlir əldə edirlər. Mərhəmətinə yenilib son manatını paylaşılan kart hesabına göndərən insanların sayəsində ən yaxşı yerlərdə əylənir, ən bahalı əyləncə məkanlarında gəzirlər. İanə edilən pullarla bir qazinin, bir uşağın, bir ailənin köməyinə yetdiyini düşünən saf insanlar beləcə aldadılır. Aldadıldığının fərqinə varanda çətin ki, bir də kiməsə kömək etmək fikrinə düşsün. Həqiqi ehtiyaclı insanlar da o fırıldaqçıların kölgəsində qalır.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir