kiraye

Yataqxana və kirayə ev qiymətləri təhsilhaqqı ilə yarışır

Baxış sayı: 619

Təhsil millətin gələcəyidir, bəli. Amma bu gələcəyi ölkəyə yaşlı nəsil yox, gənclər gətirir. Gənclər ona görə təhsil alırlar ki, həm öz gələcəklərini, həm də millətin gələcəyini öz relsinə salsın, insanlar savadsızlığın, cahilliyin qurbanına çevrilməsin. Ancaq Azərbaycanda hər zaman olduğu kimi, bu dəfə də bazar təfəkkürü, biznes strategiyaları yenə də gənclərin önünə keçir. Özünə gələcək hədəflər seçən gənc, yüksək balla xəyalını qurduğu universitetə qəbul olur və bu universitetə qəbul olması üçün verdiyi o imtahan, əslində, bu təhsil yolundakı ən asan imtahan növünə çevrilir – onu universitetə daxil olduqdan sonra daha çətin imtahanlar gözləyir. Həmin o “imtahan”lardan biri özünə yetəcək, yaxşı əməkhaqqı qazanacağı iş, digəri cibinə uyğun kirayə evdir.

Tələbə adını qazanan gənclərin iş yerlərində ən ağır şəkildə istismara məruz qaldıqlarını, təyin olunmuş vaxtdan daha artıq çalışdırılmalarını, əməkhaqlarının doğru-düzgün ödənilmədiyini, hətta əməkhaqlarından qanunsuz tutulmaların edildiyini ötən yazılarımda da qeyd etmişdim. Tələbə təkcə kitablarla, müəllimlərlə yox, həm də iş yerindəki rəhbərliyi ilə, kirayədə yaşadığı evin sahibi ilə 7/24 mücadələ içindədir. Ölkədə tələbə olmaq, ən gənc yaşda streslə, əsəblə, həyəcanla yaşamağı qəbul etməkdir. Bu ayın ortaları universitetlər açılır və minlərlə tələbə paytaxtda cibinə uyğun kirayə mənzil axtarışına çıxıb.

tehsil krediti

Universitetlərdə təhsilin başlamasına az bir zaman qalmış təhsil müəsisələrinin ətrafındakı yaşayış binalarında kirayə evlərin qiyməti fantastik şəkildə artır. Bu evlər ailələrə kirayə veriləndə nisbətən orta qiymətə verilir, ancaq məsələ tələbələr olduqda, heç bir güzəşt edilmir. Məsələn, Bakı Dövlət Universitetinin yaxınlığında tələbələr üçün nəzərdə tutulan bir otaqlı 33 m² ev 400 manatdan başlayır. Halbuki o evlərin əksəriyyətində şərait ürəkaçan deyil: işıq, su, qaz, elektrik, internet xətləri isə problemli olur. Belə problemli evlərin yüksək qiymətə tələbələrə kirayə verilməsi, bu sahədə tənzimləyici qanunun olmaması, əlavə problemlərin yaranmasına gətirib çıxarır. Bu evlərin əksəriyyətinin “n” sayda problemləri olmasına baxmayaraq, heç o qiymətə dəyməyəcək məbləğdə kirayə haqqı istənilir.

Məsələn, Tibb Universiteti yaxınlığında ikiotaqlı evlərdən birinin qiyməti 700 manatdan başlayır. Bu ikiotaqlı evdə ən azı, yeddi nəfər tələbə qalmalıdır ki, hər biri yüz manatdan ödəniş etsin. İndi maraqlıdır ki, yeddi nəfər iki otağa necə sığacaq? Bu insanlar yeməklərini necə yeyək, harda dərs çalışacaq, hamamdan, tualetdən, mətbəxdən necə istifadə edəcəklər?

telebe yataqxanasi

Mövzunu araşdırdıqca anormallıq içində anormallıqla rastlaşırsan. Evlərdə otaqların sayı azaldıqca, kirayənin qiyməti artır. Məsələn, Elmlər Akademiyası metrosuna yaxın, İnşaat Universitetinin yaxınlığında ikiotaqlı mənzil 600 manata kirayə verilir. Bu kirayə evlərin qiyməti yay aylarında belə fantastik qiymətlərə qalxmır. Ev sahibləri universitetlərin açılmasını, tələbələrin şəhərə axışmasını gözləyib, qiymətləri belə qəfil artırırlar. Bu zaman o evlərə nə ailəli şəxslər yerləşə bilir, nə də tələbələr. Tələbə yataqxanaları ilə bağlı problem isə 30 ildir həll edilmir, bəlkə bir 30 il də səbr etsək, nəsə olar.

 

Mətin Şükürlü




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir