TOY

May ayı – “vay!” ayı? -ARAŞDIRMA

Baxış sayı: 517

Yəqin ki, may ayında evlənən cütlüklərin ailələrinin necə faciəvi şəkildə dağılması, bu ay boşanmaların çox olması ilə bağlı çox əhvalat eşitmisiniz. Ehtimal ki, may ayında evliliklə bağlı böyüklərdən məsləhət aldıqda razı olmayıblar. Əgər belədirsə, yəqin ki, may ayında toy olmaz kimi inancların haradan gəldiyi ilə maraqlanırsınız.

toy

Mayda toy edənə 1 əsr əziyyət?

Təəccüblüdür ki, dünyanın bəzi xalqlarının mədəniyyətində yazın sonuncu ayı olan mayda toy şənlikləri keçirilməsi haqqında mənfi fikirlər həqiqətən var. Dünyanın müxtəlif yerlərində may ayında evlənənlərin və onların valideynlərinin hələ də xatırladığı bəzi xoşagəlməz hadisələr barədə kifayət qədər çox əhvalat var. Bəs deyilənlər doğrudurmu? Yoxsa insanlar əslində olması gözlənilən, yaxud təsadüfən baş verən hadisələri səhv anlayırlar?

May toyları ilə bağlı köhnə rus inanclarında da məlumatlar var. Bu mövhumatın mənşəyi ayın adından da irəli gələ bilərdi. Ruslar “май” sözünün “маятся” sözündən yarandığını düşünürlər, rus dilindən tərcümədə bu söz əziyyət, zülüm çəkmək, pis şəraitdə yaşamaq, özünü əldən salmaq, yorucu işlə məşğul olmaq deməkdir. Buna görə Rusiyada cütlüklər böyüklərin təhriki ilə əsrlər boyu may toylarından qaçırdılar.

Lakin böyüklər bunu təbiətin oyandığı vaxt əkin işlərinin çoxluğu ilə əlaqələndirirlər. Təsəvvür edin, may gəlib, əkin işləri yeni başlayıb, bütün ili ehtiyacınızı təmin edəcək məhsulu əldə etmək üçün çox çalışmaq lazımdır, siz isə üstəlik, may ayında toy da planlaşdırmısınız. May ayında, hətta 1 həftə əkin işlərindən uzaqlaşmaq məhsulun itirilməsinə səbəb ola bilərdi. Əgər məhsul bol olmasa gənclər necə evlənəcək? Lap evlənsələr də, bütün ili necə firavan yaşayacaqlar? “Mаятся” sözü necə yerinə düşür burada, deyilmi?

toy

Dinlərin may toylarına baxışı

Əsrlərdir dildən-dilə, ağızdan-ağıza keçən, lakin kimsə əsaslandırmadığı üçün bir açıqlaması da yoxdur.

May ayının əkin-təsərrüfat ayı olduğunu nəzərə alsaq. bu ayda əyləncəyə, toya vaxt ayrılmamasının səbəbini anlayarıq. Amma qədim slavyanların may ayında toy etməmək üçün başqa bir səbəbi var idi. May ayının 11-də slavyanlar əcdadlarına itaət günü kimi qeyd etdikləri “Bahar babaları” adlı günə ehtiram məqsədi ilə bu ayda toy etmirdilər.

Bəzi astroloqlar da may ayında toy etməyi məsləhət görmürlər. Onların fikrincə, may ayında Günəş ən dağıdıcı ulduzlardan birinin – Alqolun yanından keçir. Alqol sözünün ərəb dilindən tərcüməsi hərfi mənada “şər ruh” deməkdir. Bundan əlavə, may ayında göy cismini daha iki ulduz – Hyades və Pleiades birləşdirir və bu prosesin qadınları bədbəxt edəcəyinə inanılırdı.

Pravoslav kilsəsi istənilən xurafatı qəti şəkildə pisləyir və kəhanətə inanmağı qadağan edir. Yəni kilsə may ayında evlənməyə qarşı deyil. Ancaq kilsə qanunlarına görə oruclu olarkən evlənmək, toy etmək doğru deyil. Pravoslav təqviminə görə, may ayında bayramlar çox deyil. Bu o deməkdir ki, kilsə ayın çox hissəsində yeni evlənənlərə toy üçün icazə verir. Amma bu da qadağasız deyildi. Məsələn, xristianlıq çərşənbə axşamı və cümə axşamı (oruc günləri ərəfəsində) toyların keçirilməsini qəbul etmir. Mömin cütlüklər üçün Pasxa həftəsi toylar üçün də tabudur. Digər tərəfdən, kilsə, bazar ertəsi və ya bazar günləri toy kimi müqəddəs mərasimə xidmət etmək üçün gənc bir ailəni evləndirməyə məmnun olur.

Müsəlmanlar xurafatı rədd edən bir xalqdır. İslam ənənələri toyları tarix və aylarla məhdudlaşdırmır, yalnız orucluq ayında toy etməyin doğru olmadığı qənaətindədir, çünki həmin vaxt insanlar axşamadək qida qəbul etmir. Bununla belə, son 100 ilin statistikası göstərir ki, Rusiya inanclarının təsiri altında müsəlmanların may ayında evlənmək istəyi azalıb. Bunu 70 il imperiyanın tərkibində yaşamış xalqların bir-birinə assimlyasiya olması ilə əlaqələndirmək olar. Katolik toyu pravoslavdan çox da fərqlənmir. Katolik inancında yeni evlənənlər may ayının istənilən günündə Allahın hüzurunda evlənə bilərlər.

toy

Qədim Romada da eyni şeyi düşünürdülər

Qədim Roma şairi Ovidin də may toyları haqqında fikirləri var idi. Onun bayramlara, müqəddəs günlərə həsr olunmuş yazılarına nəzər salsanız, bu zaman toylarla bağlı fikirlər tapa bilərsiniz. Tərcümədə belə fikirlər yaranır: “May günlərində nə dul qadına, nə də qızlara toy edin. Onların ömrü uzun olmayacaq. Əgər inanclara hörmət edirsinizsə, xalq deyir ki, mayda evlənmək yaxşı deyil”.

Həmçinin qədim Romada may ayında “Lemuriya” deyilən tədbir keçirilirdi. Bütün ay ərzində məbədlər bağlanır, camaat ölülərini yada salır, dua oxuyur, onların adına ehsan məclisləri təşkil edirdilər. Həmin dövrdə kəbin kəsilməsi və toylar məbədlərdə keçirilirdi və “Lemuriya” məclisi ilə əlaqədar olaraq məbədlər bağlı olduğu üçün may ayında toylar keçirilmirdi.

Qədim yunan filosofu Plutarx da may ayında toy etməyin qeyri-mümkün olduğuna inanırdı. O, öz əsərlərində mayı “qocaların vaxtı” adlandırırdı. Bu inancın nə ilə əlaqəli olduğu bilinmir və hətta əsrlər keçsə də, onun səbəbini müəyyən etmək çətindir. Hind mifologiyasında hər insanın uğurlu və uğursuz günləri olduğuna inanılır, evlənməyə hazırlaşan cütlüklər üçün həmin günlərdən biri təyin edilir, toy həmin tarixdə reallaşır.

Avropada da may ayında toy edilməməsi ilə bağlı inanclar olub. 1567-ci ilin mayında şotland kraliçası Meri Stüart üçüncü evliliyini edib. Xalq bu hadisənin hökmdar üçün “sonun başlanğıcı” olduğuna inanırdı. Toydan sonra baş verən silsilə hadisələr kraliçanın devrilməsinə və onun məhbus kimi faciəli ölümünə səbəb oldu. Xalq mayda toyun olmaması qənaətində idi. Bu mövhumat bu gün də güclüdür, Şotlandiya və İngiltərədə may ayı bayramlar üçün qeyri-populyar aydır.

“İnsan inandığı ilə sınanır” deyirlər. İnancımız bizə xoşbəxtlik də yaşada bilər, bədbəxtlik də. Əgər bir əhvalat, rəvayət, deyim haqqında elmi araşdırmalar yoxdursa, o elə mif olaraq qalır, həyatımıza heç bir mənfi təsiri olmur. Təbii, insanların özləri buna inanmadıqları təqdirdə…

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir