Azərbaycanda məişət zorakılığı ilə bağlı qeydə alınan müraciətlərin sayında son illər azalma müşahidə olunur. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsində müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə Məlumatı”nda yer alan statistik göstəricilər də bunu təsdiqləyir.
Məlumata görə, 2025-ci ildə Daxili İşlər Nazirliyində məişət zorakılığı ilə bağlı 8889 müraciət qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, bu rəqəm 2024-cü ildə 9014, 2023-cü ildə 9389, 2022-ci ildə isə 9864 olub. Rəqəmlər formal olaraq azalma tendensiyasını göstərsə də, mütəxəssislər məsələyə daha ehtiyatlı yanaşmağın vacib olduğunu bildirirlər.
2025-ci ildə məişət zorakılığı zəminində 1396 cinayət faktı qeydə alınıb. Zərərçəkmiş şəxslərin sayı isə 1413 nəfər olub. Onlardan 1176-sı qadın, 237-si kişidir. Statistikaya əsasən, cinayətlərin böyük hissəsi qəsdən sağlamlığa yüngül zərər vurma halları ilə bağlıdır. Bununla yanaşı, 53 qəsdən adam öldürmə, 20 adam öldürməyə cəhd faktı da qeydə alınıb.
Ailə münaqişələri və qısqanclıq zəminində qadınlara qarşı ölümlə nəticələnən cinayətlərin sayı isə 39 olub. Ötən il bu göstərici 42 idi.

Hüquqşünas Ləman Qarayeva hesab edir ki, statistik göstəricilərdə azalma müşahidə olunsa da, bu, problemin tam şəkildə zəifləməsi kimi qiymətləndirilməməlidir. Onun sözlərinə görə, bir çox hallarda zərərçəkmiş şəxslər hüquq-mühafizə orqanlarına müraciət etməkdən çəkinirlər.
“Xüsusilə qadınlar iqtisadi asılılıq, sosial təzyiq və ailə münasibətlərinin pozulması qorxusu səbəbindən şikayət etmirlər. Bəzən isə zorakılıq ailədaxili məsələ kimi qəbul edilir və hüquqi müdaxiləyə ehtiyac olmadığı düşünülür”, — deyə hüquqşünas bildirir.
Ləman Qarayeva qeyd edir ki, son illər qoruyucu mexanizmlər genişlənsə də, praktiki tətbiq zamanı hələ də müəyyən problemlər qalır. Onun fikrincə, zərərçəkmiş şəxslərin hüquqi müdafiəyə əlçatanlığının artırılması, müvəqqəti sığınacaqların sayının çoxaldılması və psixoloji dəstək xidmətlərinin gücləndirilməsi vacibdir.

Mövzu ilə bağlı “Gencaile.az” saytına danışan sosioloq Ebru Özkan isə hesab edir ki, cəmiyyətdə məişət zorakılığına münasibət son illərdə müəyyən qədər dəyişməyə başlayıb. O bildirir ki, sosial şəbəkələr, maarifləndirici kampaniyalar və mediada aparılan müzakirələr problemin görünürlüğünü artırıb.
“Əvvəllər ailədaxili zorakılıq daha çox gizli saxlanılırdı. İndi insanlar bu məsələləri ictimailəşdirməyə daha açıq yanaşırlar. Bununla belə, bəzi bölgələrdə hələ də stereotiplər güclüdür və qadınların susmağa məcbur edildiyi hallar qalır”, — deyə sosioloq vurğulayır.
Ebru Özkanın sözlərinə görə, statistik azalma bəzən zorakılığın azalması deyil, müraciətlərin qeydə alınmaması ilə də bağlı ola bilər. O hesab edir ki, problemin real miqyasını müəyyən etmək üçün yalnız rəsmi statistikaya deyil, sosial araşdırmalara və ictimai müşahidələrə də ehtiyac var.
Hesabatda insan alveri və qadınların istismarı ilə bağlı göstəricilər də yer alıb. Belə ki, ötən il həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində 152 insan alveri, 1 məcburi əmək və insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərlə bağlı 45 cinayət qeydə alınıb. Cinayətlərdən zərərçəkmiş 46 nəfərin hamısının qadın olduğu bildirilib.
Bundan başqa, 2025-ci ildə qadınların fahişəliyə cəlb olunması ilə bağlı 57 cinayət faktı qeydə alınıb və həmin işlər üzrə 57 qadın zərərçəkmiş şəxs kimi tanınıb.
Mütəxəssislər hesab edirlər ki, məişət zorakılığı ilə mübarizədə yalnız hüquqi mexanizmlər kifayət deyil. Problemin həlli üçün uzunmüddətli maarifləndirmə, sosial dəstək proqramları və cəmiyyətin yanaşmasının dəyişməsi əsas şərtlərdən biri olaraq qalır.
Hazırladı: Tural Məmmədov










































































































































































