Dəb daim dəyişsə də, stil hər zaman qalır. Müasir qadın artıq sadəcə bahalı geyimlər almağa deyil, düzgün kombinasiya yaratmağa və öz üslubunu formalaşdırmağa üstünlük verir. Modern qadınların qarderob sirri də məhz burada gizlənir — az geyimlə çox fərqli görünə bilməkdə.
Ən vacib qaydalardan biri qarderobda baza geyimlərin olmasıdır. Ağ köynək, qara pencək, rahat cins şalvar, klassik ayaqqabı və sadə çanta hər zaman xilas edən detallardır. Bu parçalar müxtəlif geyimlərlə rahat uyğunlaşır və həm gündəlik, həm də rəsmi görünüş yaratmağa imkan verir.
Modern qadınlar artıq başdan ayağa eyni mağazadan geyinməyə üstünlük vermirlər. Onlar fərqli stilləri qarışdıraraq özlərinə məxsus obraz yaradırlar. Çünki stil, başqalarına bənzəmək deyil, fərqli görünməyi bacarmaqdır. Buna görə də qarderobda həm klassik, həm idman, həm də casual tərzdə geyimlərə yer ayrılır.
Rəng seçimi də olduqca önəmlidir. Açıq tonlar insanı daha enerjili və gənc göstərdiyi halda, düzgün istifadə olunan tünd rənglər eleqant görüntü yaradır. Son illərdə qara rəngi göy, qəhvəyi və hətta bej tonları ilə kombinasiya etmək dəbin əsas qaydalarından birinə çevrilib.

Aksesuarlar isə sadə geyimi belə tamam fərqli göstərə bilər. Böyük çantalar, metal detallı ayaqqabılar, zərif zinət əşyaları və gün eynəkləri stilin əsas tamamlayıcıları hesab olunur. Modern qadınlar artıq aksesuarları yalnız xüsusi günlərdə deyil, gündəlik həyatda da istifadə edirlər.
Digər mühüm sirr isə qarderobun düzgün təşkil edilməsidir. Geyimləri rənglərinə və istifadəsinə görə yerləşdirmək seçim etməyi asanlaşdırır. Belə olduqda insan sahib olduğu geyimləri daha rahat görür və lazımsız alış-verişdən uzaq qalır.
Bu gün dəbdə ən önəmli qayda rahatlıq və fərdilikdir. Artıq qadınlar dəb naminə narahat geyimlər seçmir. Özünü rahat hiss edən qadın həm daha gözəl, həm də daha özgüvənli görünür. Məhz buna görə modern qarderobun əsas sirri bahalı geyimlərdə deyil, doğru seçimlərdə gizlənir.
Məsudə Sultan











































































































































































