Yadınızdadırsa, bir müddət əvvəl Serbiya prezidenti Aleksandr Vuçiç ölkə prezidenti olduğu müddətdə eynicinsli nikahlara icazə verməyəcəyini bəyan etmişdi. Prezident heç vaxt eynicinsli nikahlara icazə verən qanunu imzalamayacağını da bildirmişdi. Vuçiç əlavə etmişdi ki, LGBTİ əhaliyə, mədəni və mənəvi dəyərlərə əhəmiyyət vermir: “Serbiyada prezident olduğum müddətdə kişi və qadından başqa digər cinsin nikahına icazə verən heç bir qanunu imzalamayacam. Amma tək problemimiz bu olmamalıdır. Gəlin ölkənin inkişafını düşünək. Biz ənənəvi cəmiyyətik, öz dəyərlərimiz var, eynicinsli nikaha izin vermədiyim üçün LGBTİ üzvlərindən kiminsə özünü alçaldılmış hiss etməsi məni maraqlandırmır, mən prezident olduğum müddətdə belə bir şey olmayacaq.”
Onun dediklərini oxuduqca dünyada bu cür düşünən idarəçilərin olduğuna şükür etməyə bilmədim. Çünki dünyada elə bir axın başladıblar ki, normal ənənələri, münasibətləri müdafiə edən insanları hamı tənqid edir, anormal kimi qələmə verirlər. Elə Vuçiçi də hədəfə alacaqlar, qaralamaq üçün bütün mümkün yolları yoxlayacaqlar. Normalı zorakı olaraq anormallaşdırmaq üçün hər yola baş vuracaqlar. Bir fikirləşin, çox az müddət ərzində qeyri-normal olan bütün davranışlar adi hala çevrildi, anormal bildiyimiz nə varsa cəmiyyət tərəfindən dəstəklənir. Əvvəl bizə anormal gələn çox şey indi tamamilə normal gəlir, hətta əvvəl əksini düşündüyümüz üçün özümüzə təəccüblənirik.
Eynicinsli nikahlara icazə vermək bütün əxlaqi dəyərlərə tüpürmək deməkdir. Onları normallaşdırmaq gələcək cəmiyyətin inkişaf yoluna bomba qoymaq deməkdir. Bunun müzakirəsi belə aparılmamalıdır, mətbuata, efirlərə çıxarılması belə yolverilməzdir. Müzakirə edib normallaşdırmaq belə təhlükəlidir. Necə ki, bir çox ölkədə müzakirə edə-edə normallaşdırdılar. ABŞ Dövlət Departamenti 2015-ci ilin fevral ayından başlayaraq sənədləşdirmədə “ana” və “ata” sözlərini sənədlərdən çıxarıb. Bundan sonra, sənədlərin rəsmiləşdirilməsi üçün ərizə verərkən anketlərdə “valideyn nömrə 1” və “valideyn nömrə 2” qeyd olunacaq. Dövlət Departamenti bu qərarı belə izah edib: “ABŞ-da yaşayan eynicinsli ailələr öz hüquqlarının müdafiəsində möhkəm dayandıqlarından, əvvəlki “ata” və “ana” gender identifikasiyası müasir reallıqla ziddiyyət təşkil edir.”
Elə bilirsiniz bizim cəmiyyətdə hər şey normaldır? Bir qisim adam var ki, onlar çoxdan belə bir müzakirə açılmasını gözləyir, onlara qığılcım yetər ki, eynicinsli nikahları normallaşdırsınlar. Efirdə özünə ər, ya arvad axtaranlar, arvadını başqa kişi ilə tutub videosunu çəkib efirdə nümayiş etdirənlər, bir-birinin bütün paxırını milyonların gözü önündə açıb sonra heç nə olmamış kimi həyatlarına davam edənlər – görün nələr normallaşdırılıb bizə sırınır. Biz daha nələr görəcəyik? Daha immunitet yaranıb bədənimizdə, əvvəl bizi dəhşətə gətirən şeylər indi normal gəlir. Qeyri-normal vəziyyətlər normallaşdıqda, anormal davranışlara göstəriləcək reaksiyalar da yoxa çıxır.
Təbii ki, normal evliliyin, ailələrin hazırkı vəziyyətindən narahat olmaq üçün çoxlu səbəblərimiz var. Evlilik nisbətləri aşağı düşüb, boşanmalar pik həddədir, tək valideynli ailələrin və nikahdankənar uşaqların sayı sürətlə artmaqdadır. Hansısa qüvvələr nikahın əhəmiyyətinin azalması, nikahdankənar birgə yaşamanın, nikahdankənar cinsi əlaqədə olmağın, nikahdankənar uşaq dünyaya gətirib böyütməyin, nikahın baş ağrısı və vaxt itki olmasının təbliğatını aparır.
Eynicinsli nikahların leqallaşdırılması niyə bu qədər müdafiə edilir, bilirsinizmi? Bütün milli-mənəvi-əxlaqi dəyərləri öldürmək, məhv etmək, silmək üçün. Eyni cinsli evliliklərin sərbəst edilməsi halını təsəvvür edin. İnsanlar hər cür abırsızlığa qol qoyacaq. Əmin olun, öz iti ilə evlənənlər də olacaq. İtlərin pasportu olduğu üçün bu, o qədər də imkansız olmayacaq. Bəli, qiyamət çox yaxındır. Qır qazanı, qıl körpüsü-bunlar hamısı boş şeylərdir, əsas qiyamət iki əcaib insanla bir evdə böyüyən uşağın darmadağın olmuş, təcavüz olunmuş psixologiyasında baş verir! Çox “məntiqli” qərardır, uşaq iki arvad qılıqlı adama ata-ana yerinə “valideyn 1”, “valideyn 2” deyə müraciət edəcək. Bu, ailə deyil, bu, nikah deyil, evliliyin yeganə etibarlı növü, dövlətin bu birlikdəliyi təsdiqlədiyi, qanunların tanıdığı nikahlardır. Eynicinsli evlilik məsələsinin təbliğat mexanizmi olmamaq üçün mətbuatın, media orqanlarının üzərinə böyük məsuliyyət düşür. Bu cür müzakirələrin aparılmasına imkan verməməli, normallaşdırılmasına etiraz etməliyik.
Yaradılışın qanunudur, təkamül ağacı hər zaman hər hansı bir “azlıq” qrupunun hüquqlarını “çoxluq” mövqeyində olanlara qarşı müdafiə edir. Şərait, şərtlər, imkanlar buna təkan verir. Dini azlıqlar çoxluğa qarşı müdafiə olunur, milli azlıqlar çoxluğa qarşı müdafiə olunur və bunlar normaldır. Lakin normal ailə münasibətlərini kənarlaşdırılıb əvəzində heç bir əxlaqi dəyərə, mənəvi normalara sığmayan qadının qadınla, kişinin kişi ilə evliliyi normallaşdırılır. Bu, təhlükənin ilk sədasıdır, zəlzələnin ilk titrəyişidir, sunamidən öncəki çör-çöp axınıdır. Bu hələ jurnaldır, kino hələ qabaqdadır…
Lalə Mehralı