senedsiz evler

Daşınmaz əmlak bazarında niyə bahalaşma gözlənilir?

Baxış sayı: 477

Bakıətrafı qəsəbələrdə, eləcə də Abşeronda fərdi yaşayış evlərinin tikintisi dayandırılıb. Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Ev alqı-satqısı və tikintisi ilə məşğul olan “makler”lər məlumatı təsdiqləyiblər. Binəqədi qəsəbəsində evlərin tikintisi ilə məşğul olan Qulam Məmmədov bildirir ki, bu ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda elektrik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacağı ilə bağlı verilmiş qərardan sonra fərdi yaşayış evlərinin tikintisi tam dayandırılıb.

 

Bakı ətrafında fərdi evlərin tikintisi niyə dayandırılıb?

“Mən və mənim kimi bu işlə məşğul olan “makler”lərin hamısı oktyabrdan sonra ev tikintisini dayandırmışıq. Hətta aldığı boş torpaq sahələrini satışa çıxaranlar var. Çünki Bakıətrafı qəsəbələrdə torpaqların ən yaxşı halda bələdiyyə sərəncamı var. Bu sənədlə də tikintiyə icazə almaq mümkün deyil. Ətraf qəsəbələrdə torpaq sahələrinə bələdiyyə sənəd versə də, həmin torpaqlar ya SOCAR-ın ərasizi sayılır, yaxud da kənd təsərrüfatı təyinatlıdır. Hazırda Binəqədi-Novxanı yolunun üzərində, Mehdiabad qəsəbəsində boş torpaq sahələri var. Amma o torpaqların hamısı vaxtıilə bağ sahələri olduğundan, orada fərdi yaşayış evi tikməyə icazə yoxdur. Bunun üçün torpağın təyinatı dəyişdirilməlidir. Bu da hələki mümkünsüzdür” – Q. Məmmədov bildirir.

Masazır kəndində ev-alqı satqısı, tikintisi ilə məşğul olan rieltor Cavidan Hümbətov da qəsəbədə hazırda ancaq kupçası olan torpaqlarda ev tikintisinin aparıldığını söylədi. Bildirdi ki, oktyabr ayından əvvəl qəsəbədə demək olar, hər yerdə ev tikilirdi. Onun sözlərinə görə, indi ancaq kupçası olan torpaq sahələrində evlər tikilir. Çünki, tikintiyə icazə ancaq kupçalı torpaqlara verilir.

“Masazır kəndinin torpaqlarının çoxu yonca əkin sahələri olub. Qanunla həmin torpaqlarda fərdi ev tikməyə icazə yoxdur. “Makler” lər isə ucuz olduğundan belə torpaqları alıb həyət evləri tikirdi. Bu qərardan sonra hələki hamı tikinti planını saxlayıb. Biz tiksək belə, işığı, suyu, qazı olmayan evi heç kəs almayacaq. Bu təkcə bizim işimizə təsir etməyib, ustalar da işsiz qalıb” – rieltor bildirir.

 

Fərdi yaşayış evlərinin qiyməti bahalaşacaq

Həmsöhbət olduğumuz ev tikintisi və alqı-satqısı ilə məşğul olan şəxslər bunun fərdi evlərin qiymətinə gələn ildən əhəmiyyətli dərəcədə təsir göstərəcəyini söyləyiblər.

Q.Məmmədov deyir ki, hazırda maklerlər ancaq sayğacı olan evləri sata bilirlər. Çünki qanunsuz tikili olsa da, həmin evlərə sözügedən qərardan əvvəl sayğac quraşdırılıb:

“Fərdi yaşayış evləri ucuz olduğundan, şəhərdə evlərini satanlar, evləri söküntü üçün plana düşənlər ətraf qəsəbələrə üz tutur. Hazır sayğaclı evlərin sayı isə o qədər də çox deyil. Belə evlər çox güman ki, yeni ilə qədər satılacaq. Yeni ildən hazır, sayğaclı fərdi həyət evi tapmaq çətin olacaq. Bu da fərdi yaşayış evlərinin qiymətinin bahalaşmasına səbəb olacaq”.

Rieltorlar hazırda fərdi yaşayış evlərinin qiymətinin 40 min manatdan 120 min manata qədər dəyişdiyini söyləyiblər. Bildiriblər ki, evlərin qiymətində ən azı 10 min manata qədər bahalaşmanın olacağı gözlənilir.

Rieltorların sözlərinə görə, hazırda yalnız oktyabr ayından əvvəl bönövrəsi qoyulmuş evlərin tikintisi davam etdirilir.

 

Qanunla ancaq tikintiyə icazəsi olan evlərə sayğac qoyulacaq!

Azərbaycanda yeni tikililərdə kommunal xidmətlərin göstərilməsində dəyişiklik olunub. Bu ilin oktyabr ayının 1-dən sonra tikilən evlərin tikintiyə icazə sənədi olmadığı halda fərdi və qeyri-yaşayış evləri elektrik və istilik enerjisi, qaz və su təchizatı şəbəkələrinə qoşulmayacaq. Azərbaycan Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən, tikintisinə icazə tələb olunan, lakin belə icazə alınmadan inşa edilmiş və ya tikilməkdə olan, habelə barəsində məlumatlandırma icraatı tətbiq olunan, lakin tikinti işlərinin başlanmasına həmin Məcəllənin 80.4-cü maddəsində nəzərdə tutulmuş əsas olmadan inşa edilmiş və ya tikilməkdə olan tikinti obyektlərinin kommunal xidmətlərinə qoşulması qadağandır.

Bu ilin oktyabr ayının 1-dən sonra ölkədə bütün fərdi və qeyri-yaşayış evlərinin tikintisi Şəhərsalma və Arxitektura Komitəsindən alınan icazə sənədi əsasında aparılır. Tikintiyə icazə verildikdən sonra onlar kommunal xidmətlərlə təmin oluna bilərlər. Bu qərar oktyabr ayından əvvəl tikilmiş sənədsiz fərdi və qeyri-yaşayış evlərinə aid deyil.

elnur ferzeliyev

Daşınmaz əmlak bazarını nə gözləyir?

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev də bildirir ki, bu vəziyyət çıxarışlı torpaqların və mənzillərin satış qiymətinə təsir göstərəcək, qiymətlər artacaq. Çünki, çıxarışlı torpaq sahələrinin sayı elə də çox deyil. Hazırda satışda olan boş torpaq sahələrinin böyük əksəriyyətinin çıxarışı yoxdur. Bu torpaqların ancaq bələdiyyə sənədi, yaxud da sovet dövründə kolxoz və sovxozlardan verilmiş payçı sənədləri var.

“Əmlak bazarında, xüsusilə də Bakı və Abşeron ərazisində ən ucuz evlər çıxarışsız fərdi evlərdir. Onların qiyməti ucuz olduğundan, aztəminatlı ailələr üçün əlçatan idi. Çıxarışı olmayan evlərin mülkiyyət hüququ tanınmadığından, almaq riskli olsa da, vətəndaşlar kirayə yaşamaqdansa, bu tip evləri almağa üstünlük verirdilər. Yeni qərarla artıq çıxarış yoxdursa və vətəndaş ora kommunikasiya xətləri çəkə bilməyəcəksə, o zaman belə torpaqları, mənzilləri almayacaq” – o, qeyd edir.

Ekpertin fikrincə, bundan sonra çıxarışlı torpaq sahələrinin qiyməti kəskin bahalaşacaq. Bu isə yeni tikiləcək fərdi evlərin qiymətinə birbaşa təsir edəcək.

 

Tikinti materiallarına təlabat da azalacaq

E.Fərzəliyev hesab edur ki, yeni qərar sənədsiz evlərin tikintisinin qarşısını almaq üçün çıxış yolu deyil. Sənədsiz torpaqlara çıxarışların verilməsi ilə bağlı ciddi bir addım atılmalıdır:

“Bakı və Abşerondakı fərdi həyət evlərinin sayı yüz minlərlədir. Fərdi yaşayış evlərinin tikintisi üçün qanuni tələb olunan çıxarışlı torpaqların sayı məhdud olduğuna görə, vətəndaşlar sənədi olmayan torpaq sahələrini almağa məcbur olurdular. Belə torpaqların qiyməti xeyli ucuz idi. Yeni verilmiş qərardan sonra gözlənilən idi ki, sənədsiz fərdi həyət evlərinin tikintisi tamamilə dayansın. Çünki, işığı, suyu, qazı olmayan mənzilin bazarda alıcısı da olmayacaq”.

Ekspert əlavə edib ki, bu, təkcə ev tikintisi, alqı-satqısı ilə məşğul olanların gəlirlərinə təsir etməyəcək. Bakı və Abşeronda tikinti materiallarına da tələbat kəskin azalacaq ki, bu da dolayısı ilə ölkə iqtisadiyyatına təsir göstərəcək.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir