hotel

Vergilər azaldıldı, bəs qiymətlər?

Baxış sayı: 437

Gələn ildən Azərbaycanın regionlarında hotel və sanatoriyaların əmlak vergisi 3 il müddətinə 75 faiz azaldılacaq. Bu, Vergi Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Yeni qərarda söhbət Bakı, Sumqayıt, Xırdalan şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında hotel və sanatoriya kimi fəaliyyət göstərən yerləşmə vasitəsi olan daşınmaz əmlaklardan gedir. Yeni güzəştlər bölgələrdə otellərin qiymətinə necə təsir edəcək, azalma olacaqmı?

 

“Region hotellərinin qiymətlərində fərqi görə biləcəyik” 

Azərbaycan Turizm Agentlikləri Assosiasiyası sədrinin müavini Əhməd Qurbanov dedi ki, tətbiq edilən güzəştlər hotellərin xərclərindən çıxıldığı üçün bu dəyişiklik qiymətlərdə öz əksini tapacaq: “Gələn ildən Vergi Məcəlləsinə uyğun olaraq yerləşmə müəssisələri kimi fəaliyyət göstərən daşınmaz əmlaklara 3 il müddətində 75 faiz əmlak vergisindən azad edilmə qüvvəyə minəcək. Bu tip təşviqlər sahibkarlar üçün çox önəmlidir. Belə olduğu halda turistlərin bu hotellərdə qalması üçün münbit şərait yaradılır. Amma bütün dünyada turistlər bəzən qiymətlərdən şikayət edirlər. Bunun da səbəbi hotellərin müəyyən xərclərə malik olmasıdır. Belə təşviqlər olanda hotellər mümkün qədər qiymətlərini endirirlər. Hotellər xərc hesablamalarını apararkən əmlak vergisini oraya daxil etməyəcəklər. Bu da turistlərə daha sərfəli qiymətlərlə istirahət etmək imkanı yaradacaq. Düşünürəm ki, bu güzəştlərdən sonra region hotellərinin qiymətlərindəki fərqi görə biləcəyik, az bir faizlə olsa da, ucuzlaşmanın şahidi olacağıq. Təbii ki, mövsüm vaxtı bazar iqtisadiyyatının şərtləri, tələb və təklifdən asılı olaraq qiymətlərin artımını hər il müşahidə edirik. Gələn il də bayram vaxtı, özəl günlərdə bunun olması qaçılmazdır. Amma güzəştlər ümumilikdə müəyyən qədər hotellərin qiymətlərinə öz müsbət təsirini göstərəcək”.

Sahibkara dəstək davam etdirilməlidir

Ə.Qurbanovun sözlərinə görə, hotellərin və istirahət mərkəzlərinin sayının artırılması üçün təşviq mexanizmi olmalıdır: “Turizmin inkişafı üçün bu tip təşviqlər vacibdir. Dünya təcrübəsində də dövlət tərəfindən torpaq sahələrinin verilməsi və orada hotellərin tikilməsinin təşviq edilməsi vacib amillərdəndir. Sahibkara dəstək olarsa, hotellərin sayı həm regionlarda, həm də paytaxtda daha da artar. Bu da rəqabət siyasəti ilə qiymətlərin daha da aşağı enməsinə, keyfiyyətli xidmətin göstərilməsinə şərait yaradar. Çünki nə qədər çox rəqabətli mühit olarsa, həm inkişaf olur, həm də qiymətlərdə tənzimlənmə daha effektiv müşahidə edilir”.

 

Qərar daha çox iri müəssisələrin xeyrinə olacaq

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri Samir Dübəndinin fikrincə, bu güzəştlər daha çox iri müəssisələrin xeyrinə olacaq: “Bu, regionların inkişafına doğru yönəlmiş bir addımdır. Vergi güzəştləri daha çox dəyəri yüksək və daşınmaz əmlakı böyük olan müəssisələr üçün faydalı olacaq. Qərarda qeyd edilir ki, mehmanxana və sanatoriya-kurort müəssisələrinə şamil olur. Qanunvericiliyə əsasən də, hotel azı 11 otağı olan yerləşdirmə vasitəsi adlanır. Sanatoriya-kurortların isə əksəriyyəti iri müəssisələrdir. Bu qərar qiymətlərin azalmasına gətirib çıxara və yaxud müəssissə tərəfindən vəsaitlərin inkişafa, personalın təkmilləşməsinə, xidmətlərin keyfiyyətinin yüksəlməsinə və yeni müştəri bazasının əldə edilməsinə yönəldilə bilər. Düşünürəm ki, bu cür vergi güzəştləri davamlı xarakter daşısa, daha yaxşı olar”.

“Turizm biznesi üçün ixtisaslaşmış kreditlər verilməlidir”

S.Dübəndi qeyd etdi ki, regionlarda hotelçiliyin inkişafına dəstək olmaq üçün müəyyən addımlar atıla bilər: “KOB-lar biznesin inkişafı istiqamətində ölkədə bir sıra faydalı proqramlar həyata keçirirlər. Buna baxmayaraq, kiçik hotelçiliyin, turizm biznesinin inkişafı üçün ixtisaslaşmış kreditlər tətbiq edilmir. İnkişaf üçün biznesin kreditləşməsi zəruridir. Digər tərəfdən, bir sıra sosial-iqtisadi alətlərdən istifadə edərək regional turizmi canlandırmaq perspektivlərini unutmamalıyıq. Misal üçün, yerləşdirmə vasitələrində təklif edilən üç gecəlik paketin bir gecəsini dövlət subsidiyası ilə ödəyərək regional səfərləri stimullaşdırmaq mümkündür. Ölkədə Həmkarlar İttifaqı sistemində bu və yaxud digər sahələrdə çalışan insanların asudə vaxtının, istirahətinin və müalicəsinin təşkilinin təmin edilməsi məqsədilə yalnız adı gedən qurumun tabeliyində olan yerləşdirmə, sanatoriya-kurort müəssisələrilə çalışdıqlarını görürük. Bu sistemi digər regional yerləşdirmə vasitələri üçün də tətbiq edib, sistemi genişləndirmək mümkündür”.

 

Zərif Salmanlı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir