a

İnsan psixologiyasını necə gücləndirmək olar?

Baxış sayı: 2. 985

Həyat şirindir, amma həmişə yox. Elə anlar olur ki, insan dərdinə çarə tapa bilmir, dözümü qalmır. Belə anlarda adamın ağlından həyatdan küsmək, getmək, çətinliyə əzilmək və təslim olmaq keçir. Lakin çətinlik müvəqqəti də ola bilər, özümüzü üzməyimiz və yaşadığımız stress nəticəsində sağlamlığımızı və əlimizdə olanları itirməyimiz isə ömür boyu bizi peşman edə bilər. Belə hallarla üzləşməmək üçün psixoloqlar dözümlü olmağın yollarını öyrənməyi tövsiyə edir.

Qeyd edək ki, həyatımızı hormonlar idarə edir. Hormonlardan adrenalin – qorxu hormonunun və noradrenalin – bizi aqressiv, enerjili və gümrah edən hormonların çoxluğu stress yaşamağımıza səbəb olur. Bu hormonlar az miqdarda insanın işgüzar fəaliyyətini, fəallığını saxlasa da, artdıqca insanı bədbəxt edir. Dofamin və serotoninin azlığı isə depressiyaya sürükləyir.

Psixoloq Murad İsayevin sözlərinə görə, müasir dövrdə gərginlik, stress, psixoloji problemləri hər yerdə yaşayırıq: “Təəssüf olsun ki, bununla mübarizə yollarını hamı bilmir. İnsanlar səhv addım ataraq işlərini daha da çətinləşdirir və bundan sonra psixoloqa müraciət edirlər. Onda da bizə vəziyyəti düzəltmək çətin olur”, – deyən psixoloq bildirir ki, insan psixologiyasında dözümlülük əmsalı yüksəkdir, lakin düzgün iradəni istifadə etmək şərtilə: “İradəmizi gücləndirə bilsək stressin dağıdıcı təsirinin əksi olaraq quruculuq mexanizmini işə sala bilərik”.

İsayev bildirib ki, sağlam insan psxologiyasını gücləndirmək üçün serotonin, endofrinin çoxalmasına diqqət ayrılmalıdır: Onun sözlərinə görə, bu hormonların çoxluğu insanın əhvalını yüksəldir, çətinliklərlə mübarizə aparmağa hazırlayır. “Əgər bu hormonların azalmasının qarşısını alsaq və müəyyən yollarla çoxlamasına nail olsaq qəfil baş verən bədbəxt hadisələrdə güclü olmağı öyrənərik”.

Psixoloq qeyd edib ki, bu hormonların yaradılmnasının süni yolları olsa da, insanda asılılıq yarada bilər: “Spirtli içki, narkotik vasitələr, antidepressantların köməyi ilə insan xoşbəxtlik hormonlarının sayını çoxalda bilər. Lakin bu, uzun sürmür. Bir müddətdən sonra orqanizm hormonların daha yüksək həddini tələb edir. Bunun da nəticəsində daha çox spirtli içki içmək və s. arzulanır. Ancaq hormonları təbii yolla da çoxaltmaq olar. Misal üçün, hər gün 15 dəqiqə gülməli, məzəli filmə, video rolikə baxmaq lazımdır. Gülməsəniz belə, pozitiv informasiya ilə yüklənəcəksiniz. Neqativ fikirli, enerjili insanlardan ünsiyyət qurmaqdan yayının. Əgər kimsə ünsiyyət zamanı tez-tez həyatından şikayətləndiyini, pessimist olduğunu görürsüzsə, bunun sizə təsirsiz ötüşdüyünü düşünməyin. Siz nə qədər də həmin insanın sözlərinə əhəmiyyət verməməyə çalışsaz mənfi istiqamətə yönələcəksiz. Sizində fikirlərinizdə həçim mənfi çalarlar yer alacaq. Bundan başqa, təmiz havada gəzmək də insanda serotoninim miqdarını çoxaldır. Vaxtında yatmaq, musiqi dinləmək, zövq verən iş də serotonini artırır. Hərəkət etdikcə də insanda bu hormon artır. Rəqs, yoqa, onurğa hərəkətləri də bu baxımdan xeyirlidir”.

Qeyd edək ki, stress qaçılmazdır. Ailə üzvləri, iş yoldaşları sözləşməyimiz də bizi stressə sala bilər. İnsanın bəyənmədiyi şəxslərlə ünsiyyət qurması da ona stress yaşadır. Stress üçün hansısa bir hadisənin olması da şərt deyil. Belə ki, stress gözlədiklərimiz, xəyallarımız gerçəkliklə üst-üstə düşməyəndə də yaşanır. İnsan stressi sakit də, aqressiv şəkildə də keçirə bilir. Özümüzə tənqidi yanaşmağımız, özümüzü bəyənməməyimiz də bizim stress vəziyyətinə düşməyimizə səbəb ola bilər.

İllərlə insanda özündən asılı olmayaraq ətrafdakılara və özünə qarşı qəzəb, kin yığıla bilər. Bu da insanı stress vəziyyətinə düşməsinə və sonra hansısa bir məqamda bu stressi üzə çıxarmasına səbəb olur. Bəzi hallarda insan uzun müddət stress vəziyyətində yaşayanda aqressiv davranışla həmin stressin təsiri altında olduğunu göstərir. Mübahisələr, konfliktlərin olması da insanın stress vəziyyətində yaşamasına, üzləşdiyi çətinliklərə dözə bilmədiyinə bir işarədir. Stressin, əsəblərin partlamasının əsas səbəbi heç də konfliktin, mübahisənin mövzusu deyil.

İsayev qeyd edib ki, əksər ağır fəlakətlər insanda damla-damla yığılmış problemlərin təsirindən yaranır. İnsanın uzun müddət stress vəziyyətində olması, buna qarşı dözə bilməməsi və sadəcə özünün gücünün tükənməsinə də göz yumması fəlakətin, ciddi mübahisələrin yaranmasına şərait yaradır. Bu olmasın deyə öz psixoloji durumumuza daim fikir verməliyik. Bizi narahat edən xıldalıqlara vaxtında fikri verib bununla mübarizə aparmağa çalışsaq böyük fəlakətlərdən qurtularıq.

Əksər hallarda insan onda yığılan aqressiyanı yaxınlarının üstünə yönəldir və bundan da elə onlar əziyyət çəkir. Uzun müddət hansısa stressin təsirində yaşayan şəxs yaşadıqları problemdə günahı olmayan yaxın insanlara belə əl qaldıra bilər. Ümumiyyətlə, insan özünün tükəndiyini hiss etdikdə və buna qarşı bir tədbir görməyəndə ətrafa olan reaksiyası dağıdıcı olur. Dağıdıcı reaksiyanın gücü bu vəziyyətin nə dərəcədə uzun və ağır sürməyindən asılı olur.

İnsan əsəblərinin qıcıqlandığını hiss edirsə, bunun kökünü araşdırıb tapmalıdır. Özünün xəyalları ilə gerçəkliyi müqayisə etməli, özünün nəyə görə həyatdan narazı olduğunu müəyyənləşdirməlidir. Kimsə sizi qıcıqlandırırsa məhz həmin adamla mübahisəni həll etməlisiz.

İnsan stress vəziyyətində olarkən bunu inkar etməsi də dağıdıcı təsiri ilə fərqlənir. Stressi inkar etməklə deyil, onu qəbul etmək, niyə baş verdiyini anlamaq və bununla mübarizə apararaq qalib gəlmək olar.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir