icbari tibbi sigorta

Həm xəstələr, həm də həkimlər gözləyirlər

Baxış sayı: 479

Azərbaycanda ambulator müalicə alanların dərmanla təminatına başlanılacaq. Bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib. Agentlik sədri vurğulayıb ki, ambulator müalicədə resept əsasında yazılan bəzi dərman vasitələrinin sığorta hesabına qarşılanması nəzərdə tutulur. Yəni vətəndaşlar pulsuz müayinə ilə yanaşı, dərmanlarını da apteklərdən dövlət hesabına təmin edə biləcəklər. Bəs mexanizm necə olacaq? İlk hansı dərmanların təminatına başlanılacaq?

 

Hansı dərmanlar pulsuz veriləcək?

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən verilən məlumata görə, tibbi sığorta çərçivəsində ambulator müalicədə resept əsasında yazılan ürək-damar, həzm və tənəffüs sistemi xəstəlikləri ilə bağlı dərman vasitələrinin mərhələli şəkildə təminatı nəzərdə tutulub. Proses hazırda layihə şəklində hazırlanıb, razılaşdırılma üçün aidiyyəti qurumlara təqdim edilib. Həmçinin vətəndaşların dərmanlarla təmin edilməsi məqsədilə apteklərlə müqavilələrin bağlanılması, dərman vasitələrinin pozitiv siyahısının hazırlanması nəzərdə tutulub.
Maraqlıdır, dəfələrlə dərman qiymətlərindən şikayətləndiyimiz apteklər bu mexanizmə hazırdırlarmı?

 

Vacib dərmanların əksəriyyətini özümüz istehsal edəcəyik

Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının sədri Azər Xudiyev deyir ki, bu xidməti yüksək səviyyədə yerinə yetirmək üçün dövlətin imkanları var: “Artıq o mərhələ çatıb ki, ödənişsiz dərman təchizatını təmin edək. Gələcəkdə böyük çeşid dərman istehsalı planlaşdırılır. Düşünürəm ki, vacib dərmanlar siyahısının 80-90 faizini Azərbaycan özü istehsal edəcək və dövriyyəyə buraxacaq”.

Prosesin necə olacağına gəldikdə isə, həmsöhbətimiz düşünür ki, xidməti bütün apteklər verməyəcək: “Dövlət təminatı varsa, özəl və dövlət münasibətləri formalaşırsa, orada hansısa razılaşdılırmış qaydalar olmalıdır. Dövlətin təyin etdiyi xüsusi dərman siyahıları ola bilər və dərmanlar da protokollar əsasında təyin edilə bilər”.

 

Burada xəstəyə dərman siyahısı təqdim edilmir

Bəs xarici təcrübə necədir? Ambulator müalicə alanlar pulsuz dərmanlardan necə faydalanırlar?
Türkiyədə çalışan ortopediya və travmatologiya mütəxəssisi, uzman həkim İdrak Məmmədov deyir ki, bu ölkədə insanlar sığorta vəziyyətinə görə 3 qrupa bölünürlər. Onların böyük qismi dövlət sığortalı, bir qismi özəl sığortalı, digərləri isə sığortasız olur. Amma bu bölgü uşaqlara aid deyil. Qardaş ölkədə bütün uşaqlar dövlət sığortalıdır: “Dövlət sığortalı xəstənin də istər özəl, istər dövlət tibb müəssisəsində xəstəxanaya daxil olma şərti eynidir. Burada uzun illərdir ki, elektron reseptlər yazılır. Reseptdə elektron imza olmasa, keçərli deyil. Üstəlik, xəstəyə bizdəki kimi dərman siyahısı yazılıb təqdim edilmir. Ona ancaq resept barkodu, şifrə təqdim olunur. Bu şifrə sistemdə görünür. Əgər xəstənin telefon nömrəsi də SGK (Sosial Güvənlik Kurumu) tərəfindən təsdiqlənibsə, xəstəyə bununla bağlı mesaj gedir. Xəstə bu şifrə ilə aptekə gedir, şəxsiyyət vəsiqəsi ilə dərmanlarını alır”.

Dərmanın qiyməti 200 manatdırsa, xəstə 20 manat ödəyir

Türkiyədə xəstə dərman qiymətinin minimum 10, maksimum 20 faizini ödəyir. Uzman həkimin sözlərinə görə, bəzi dərmanlar da var ki, onlar tam ödənişsizdir: “Reseptin özəl və ya dövlət xəstəxanasında yazılmasının fərqi yoxdur. Məsələn, xəstənin bütün dərmanlarının qiyməti 200 manatdırsa, o, bunun üçün minimum 10, maksimum 20 manat ödəyir. Digər 180 manatı sığorta tərəfindən qarşılanır. Amma sığortanın tam qarşılamadığı dərmanlar da var. SGK-nın siyahısında olmayan çox az qrup dərmanlar var ki, onların pulu dövlət tərəfindən ödənilmir. Bununla yanaşı, xəstənin tam ödənişsiz aldığı dərmanlar da var. Hansı ki, xəstə bu dərmanı qəbul etməyə məcburdur. Məsələn, şəkərli diabet, ömür boyu təzyiqlə mübarizə aparan xəstələrin dərmanları pulsuzdur. Bu xəstələr üçün xüsusi hesabat hazırlanır, qeyd olunur ki, xəstə bu dərmandan üç yaxud beş il istifadə etməlidir. Bu, sistemdə aktiv olur və xəstə istənilən vaxt, tam pulsuz yararlanır. Elektron reseptlərin qüvvədə qalma müddəti isə üç gündür”.

 

Müayinə başlanğıcdır, nəticə isə…

Bu layihənin xəstələr üçün əhəmiyyətinə gəldikdə isə, həkim vurğulayır ki, nəinki xəstələr, bu, həkimlər üçün də olduqca əhəmiyyətlidir: “Xəstə xəstəxanaya tək müayinə üçün deyil, müalicə olunmaq üçün gedir. İcbari tibbi sığorta müayinələri pulsuz edir. Amma müayinə başlanğıcdır. Nəticə reseptdir, müalicədir. O baxımdan müalicənin də pulsuz olması həm xəstə, həm də həkimlər üçün önəmlidir”.

 

Reseptlər aptekdə toplanır, sığorta şirkətinə göndərilir

Almaniyada həkim kimi fəaliyyət göstərən Etibar Rzalı deyir ki, Almaniyada həkimin yazdığı resept xəstəyə verilmir. Bununla da sui-istifadə hallarının qarşısı alınır: “Burada yalnız resept yazmaq hüququ olan həkimin yazdığı reseptlə dərmanları almaq mümkündür. Sistem həkimlər tərəfindən yazılan birdəfəlik reseptlərlə idarə olunur. Reseptlər aptekdə toplanır, sığorta şirkətinə göndərilir. Təbii ki, Almaniyada da bütün dərmanlar siyahıda yoxdur”.

Həkimlər aptekdəki “stok”ları görə bilirlər

Azərbaycan Əczaçı Sahibkarlar Assosiasiyasının sədri Azər Xudiyev Norveç və Danimarka təcrübəsini bizimlə bölüşür. Mütəxəssis bildirir ki, həkimlər dərman təyin etdikdə brendin adına görə deyil, tərkibinə əsaslanan dərmanları təyin edirlər. Xəstə yaşadığı yerə uyğun aptekdən dərmanlarını ala bilir: “Skandinaviya ölkələrində hər bir xəstəni təyinatı üzrə aptekə yönəldirlər. Çünki aptekdə həmin çeşidin olması önəmlidir. Xəstə məmnuniyyəti təmin edilməlidir. Həkimlər aptekdəki stokları görə bilir, ona uyğun seçim edə bilirlər”.
Azərbaycanda bu layihənin necə aparılacağı hələ müzakirə mərhələsindədir. İcbari Tibbi Sığorta Agentliyindən bildirilib ki, layihə təsdiq olunduqdan sonra ictimaiyyətə bu barədə ətraflı məlumat veriləcək.

 

Aygün ƏZİZ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir