Balanced Scale With a Man and Woman

“Kişi kimi qadın”, “qızbibi”… Kişi-qadın enerjisi nədir?

Baxış sayı: 529

Daha çox kişi hərəkətləri nümayiş etdirən qadınlarda yüksək kişi enerjisi, daha çox qadın hərəkətləri olan qadınlarda da yüksək qadın enerjisi olur. Əslində insanların çoxu enerjinin nə demək olduğunu belə bilmir. Bədənimiz istilik istehsal edir və müəyyən bir kütləyə malikdir, mayelər onun içərisində dövr edir və sinir sistemimiz vasitəsilə milyonlarla elektrik siqnalını daşıyır.

Enerjini bir işi yerinə yetirmək qabiliyyəti kimi təyin edə bilərik. Mütəxəssislərin fikrincə, enerjimizi özümüz istifadə edə və yönləndirə bilərik. Kişi və qadın enerjisi anlayışlarının ümumiyyətlə elmi əsası yoxdur və daha çox metafizik izahatlarda istifadə olunur. Elm enerjiyə daha ölçülə bilən şəkildə baxır və onu cinslə əlaqələndirmir. Bu terminlər mədəni və metafizik inanclara əsaslanan anlayışlardır və çox vaxt ənənəvi gender rolları və xüsusiyyətləri ilə əlaqələndirilir.

İnsanın davranışlarını ölçməklə, onun kişi yoxsa qadın enerjisi olduğunu anlamaq elmi cəhətdən mümkün görünmür. Fizikada enerji iş görmək qabiliyyətinə aiddir və müxtəlif formalarda mövcud ola bilər.

Bu gün bildiyimiz kimi enerji anlayışı tamamilə cinslə bağlıdır. Sosial mediada kişi enerjisi güc və analitik düşüncə ilə, qadın enerjisi isə daha çox həssaslıq və emosionallıqla əlaqələndirilir. Bir müddət əvvəl şəbəkələrdə duzlu suyu başınızın üstündən töksəniz, qadın enerjinizin artacağı ilə bağlı videolarla qarşılaşırdıq. Enerji fiziki bir hadisə kimi iş görmək qabiliyyətini ifadə edərkən, kişi və qadın enerjisi emosional keyfiyyətlərə aiddir. Əslində, burada bir az cinsiyyətin olduğunu deyə bilərik. Çünki cəmiyyətdəki qəbullara görə sanki bəzi davranışlar qadınlara, bəzi davranışlar da kişilərə xasdır. Amma bu davranışların heç bir cinsi yoxdur və bu, ayrı bir araşdırma mövzusudur. Bu anlayışlar insan münasibətlərini tarazlıqda saxlamaq üçün istifadə olunan terminlərdir. Başqa sözlə, insanlar işə fizika kimi konkret bir elmlə yanaşmaqdansa, daha mücərrəd bir şeyə üz tuturlar. Yəni qızılgül yağlarını çəkdiyiniz zaman, başınızaduzlu su tökdüyünüz zaman qadının qadın enerjisi artmır, beyin bir az plasebo oyunu oynayır.

 

Bəs qadın özündə hansı enerjinin daha çox olduğunu necə müəyyən edə bilər?

Psixoloq Zeynəb Eyyubova bildirir ki, insanlar arasında bu gün ən çox danışılan mövzu insanların yaydığı enerji, insanların yaydığı emosiyalardır.

 

“Dişil” və “eril” enerji nədir?

“İstər qadında istər kişidə qadınsal və kişisəl xüsusiyyətlər olur. Yəni qadın əgər danışarkən cilvəlidirsə, nazlıdırsa daha çox qadın nazı özündə aparırsa, hərəkət edərkən və danışarkən istifadə etdiyi jestlər və mimikalar qadınsıdırsa, bu vizual “sərgi” kişilərin marağında olur. Bu zaman bu qadınlar kişilərin sevdikləri qadın tipi olurlar”-deyə Zeynəb Eyyubova əlavə edib.

Psixoloqun sözlərinə görə, kişi işinə də qaçan, qadın işinə də qaçan, evdə kişinin etməli olduğu işləri görən qadınlarda qadınsal enerji az olur.

“Bəzən bizim qadınlar, təəssüf olsun ki, bununla fəxr edirlər. Məsələn “evdə lampa xarab oldu düzəltdim”, “tozsoran xarab oldu düzəltdim”- deyərək fəxr edirlər. Biz Azərbaycanda bununla fəxr edirik. Əslində bunlar hamısı bizim enerjimizi azaldır. Bu enerjinin düşməsi ilə bizim həyatdakı mövqelərimiz dəyişilir. Eyni şəkildə o kişilər ki, artıq öz məsuliyyətlərini başa düşmürlər və həyatlarında kişilik mövqeyindən kənar dururlar, onlar ətrafdakı insanlara qadınsal enerji verirlər”-deyə psixoloq əlavə edir.

Zeynəb Eyyubova vurğulayır ki, qadın “dişil” enerjidə olanda daha cəlbedici, daha gözəl və daha səviyyəli bir həyat yaşayır. Çünki o zaman onun həyat yoldaşı da onu istəyir, ətrafı da ona meyl edir. Yəni yaxşı anlamda hamının diqqətində olur.

“Qadın enerjisi az olan qadınların yerişi, danışığı fərqli olur. Dillərində jarqon sözlərdən istifadə edirlər. Bundan da bilmək olur. Bir şəxs özündə qadın və kişi enerjisinin hansı dərəcədə olub, olmadığını yoxlamaq üçün psixoloqa getməlidir. Əgər bu dəyişikliyi görüb, düzəltmək istəyirsə də terapiyalar qəbul etməlidir”-deyə psixoloq qeyd edib.

P.S. Psixoloqlar, mütəxəssislər qadınlıq və kişilik enerjiləri haqqında müxtəlif fikirlər irəli sürə bilərlər. Amma bir qadın kişi işlərini öyrənmək məcburiyyətində qalırsa, bu da onun qadınlığını itirməsi demək deyil. Bu, qadının çarəsizliyi və həyatla mübarizəsidir.

Heç bir qadın kişi işlərini özü görmək arzusunda ola bilməz…

Kişi işlərini görməsi ilə fəxr edən qadınlar, özlərini hansısa formada sübut etməyə çalışan qadınlardır. Ailə həyatları uğursuz olan və xoşbəxt ola bilməyən qadınlar… Həm də kişiliyin bu qədər cılızlaşdığı bir zamanda…

 

İradə Cəlil




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir