valideyn

Bizdən çox dayəsinə oxşayan uşaqlar…

Baxış sayı: 541

Xeyr, burada söhbət xarici görkəmdən getmir. Təbii ki, hər bir uşaq öz ata-anasına, nənə-babasına və digər yaxın qohumlarına oxşayır. Lakin bir uşaq üçün öz doğmalarına xarici görkəmi ilə oxşamasından daha çox xasiyyət və xarakterinin oxşaması, öz doğma ana dilində danışa bilməsi vacibdir. Bəs belə isə bizdə vəziyyət necədir? Uşaqlarımız hər cəhəti ilə özümüzə oxşayırmi? Yoxsa biz onları vaxtından əvvəl dayələrə etibar edib karyeramız və yaxud da rahatlığımız arxasınca gedərkən övladımızın ana dilində danışmasını, hər cəhətdən özümüzə bənzəməsini də özümüzlə birlikdə ondan uzaqlaşdırırıq. Bu barədə danışaq…

 

Birinci uşaq, sonra karyera… iş…

Hər bir qadının öz karyerasını qurması, bir işin sahibi olması çox vacib məsələdir. Çünki illərlə təhsil alan, təhsilin müəyyən pillələrində irəliləyən qızlarımız sabah ailə qurandan sonra bütün bu əziyyətlərin üzərindən xətt çəkib evdə oturmamalıdır. Onlar zaman-zaman karyeralarını qurmalı, haradasa çalışmalı, həm cəmiyyətə xeyir verməli, həm də ailə büdcəsinin formalaşmasına müəyyən qədər köməklik göstərməlidirlər.

Lakin bundan da vacib və həssas başqa bir məsələ var. Bu, dünyaya gətirdiyimiz uşaqların sağlam, gözəl tərbiyəyə, keyfiyyətlərə malik olması, ana dilimizdə mükəmməl danışa bilməsi, adət-ənənələrimiz, milli dəyərlərimiz fonunda böyüməsidir. Biz karyeramızı istənilən vaxt qura bilərik, çalışmaq üçün bir iş tapa bilərik. Lakin uşaq anadan olandan sonra inkişafı mərhələli şəkildə davam edir və övladlarımızın gözü həyata necə açılırsa, onlar nəyi necə görürlərsə, o cür mənimsəyir və böyüyürlər. Arxada qalan illər heç bir vəchlə geriyə qayıtmır və müəyyən şəkildə formalaşan uşağı sonralar istəsək belə, dəyişdirə bilmirik.

Məhz buna görə də birinci bunları düşünməliyik ki, sabah nə övladımız, nə də özümüz əziyyət çəkək. Beləliklə, ailə həyatı quran hər bir qadın qarşıda övladı olacağını düşünərək karyerası ilə əlaqədar yola çıxmalıdır. Bunun üçün, necə deyərlər, yüz ölçüb, bir biçmək lazımdır ki, sonra övladımızda xarakterimizdən əsər-əlamət olmayanda narahatlıq keçirməyək. Hələ üstəlik ingilis, alman, rus dilli dayələrlə böyüyən uşaqlarımızla heç olmasa, işdən sonra söhbət etməməklə onların ana dilindən kənar böyüməsinə səbəb olmayaq.

Beləliklə, məsələyə hansı aspektdən yanaşsaq, belə qənaətə gəlmək olar ki, uşaqların dayəyə verilmə yaşı haqqında düşünmək vacibdir. Eyni zamanda, dayənin hansı dilə, mədəniyyətə malik olması da xüsusi şəkildə analiz edilməlidir. Ana uşaqla hansı yaşa qədər bir yerdə olmalıdır, sonra onu kimə etibar edib karyerası dalınca getməlidir, bütün bunlar götür-qoy edilmədən bir yola çıxmaq təbii ki, qarşıda problemlərin yaranması ilə nəticələnə bilər.

 

Körpənin ana südü kimi, ana nəvazişinə ehtiyacı var

Ana ilə yeni doğulan uşaq nə qədər bir yerdə olarlarsa, bu, uşağın sağlam böyüməsinə, ananın isə uşağın süd ehtiyacını ödəməsinə səbəb yaradır. Baxmayaraq ki, dövlətimiz tərəfindən əmizdirən, eyni zamanda işləyən analara müəyyən imtiyazlar var, lakin bu, ana-balanın bir yerdə daha çox olmasına deyil, sadəcə körpənin qidalandırılmasına xidmət edir. Birlikdə olmaq uşağın ana ilə təmasının daha çox olması, bu da uşağın inkişafında müsbət təsir deməkdir.

Uşağın dayə himayəsinə verilməsi isə elə ciddi bir prosesdir ki, bu məsələdə tələskənlik və düzgün olmayan seçim heç də yaxşı nəticə verə bilməz. Burada xüsusilə südvermə dövrü, uşağın yaşına diqqət yetirilməlidir.

Bu barədə sosioloq Lalə Mehralı deyir: Fikrimcə, 2 yaşına qədər ana övladından ayrıla bilməz. Çünki bu dövrdə ana həm uşağa süd verir, həm də uşağın ana nəvazişinə, nəfəsinə ehtiyacı var. Qadın var ki, müəyyən səbəblərdən hökmən işləməlidir, qadın da var ki, karyera qurmaq istəyir. Bu məsələyə həssaslıqla yanaşmaq lazımdır. Dayə düzgün seçilməli, dayə ilə qaldığı vaxtdan sonra ana uşağa hökmən vaxt ayırmalı, ona qayğı göstərməlidir. Əks təqdirdə uşaq ana nəvazişindən kənarda qala, dayə ilə birlikdə daha çox olduğundan onun xasiyyət və xarakterini mənimsəyə bilər ki, bu da gələcək üçün həlli çətin olan problemdir.

Lalə xanım rastlaşdığı bir hadisədən danışmaqla uzunmüddətli dayə yanında qalan uşaqların son aqibətini belə xarakterizə edir: tanıdığım bir qadın azyaşlı uşağını əvvəldən dayəyə etibar etmişdi. Bağça və məktəbdən sonra da uşaq dayə yanında qalırdı. Dayə rusdilli olduğu üçün və yəqin ki, evdə uşaqla söhbət edilməməsi uşağın ana dilində bir kəlmə belə danışa bilməməsi ilə nəticələnmişdi. Bax, bu cür halların yaşanmaması üçün valideynlər daha məsuliyyətli olmalı, işi, karyerası ilə bərabər, övladına da vaxt ayırmalıdır.

Belə uşaqlara dillə yanaşı, həm də dayələrinin xarakter və xasiyyəti sirayət edir. Onlar dayələrin yanında saatlarla qalmaqla onun məxsus olduğu xalqın mədəniyyətini, adət-ənənəsini əxz etmiş olurlar. Eyni zamanda dayələrinə məxsus xasiyyətlə, xarakterlə böyüyürlər. Nəticə isə belə olur ki, uşaqlar bizdən çox dayələrinə oxşayır.

Qayğı, nəvaziş o deməkdir ki, valideyn uşağa vaxt ayırsın, onunla birlikdə kitab oxusun, söhbət etsin, film izləsin, ona nağıl danışsın, oyun oynasın. Lakin bunların hər birindən özünü uzaq tutan valideynlər bəlkə də karyerada qazana biləcək, lakin övlad tərbiyəsində bu, mümkün olmayacaq.

 

Dayə seçimində yanılarıqsa…

Bu məsələdə tələsmək yanılmaq deməkdir. Uşağın etibar ediləcəyi dayə yetərincə araşdırılmalı, sağlamlıq vəziyyətindən, xasiyyət-xarakterindən tutmuş cinayət işlərinə qarışıb-qarışmaması araşdırılmalıdır.

Dəfələrlə dayələr tərəfindən uşaqlara şiddət tətbiqi, evlərdən oğurluq edilməsi hadisələri ilə qarşılaşmışıq. Belə olan təqdirdə ona etibar etdiyimiz uşaqların taleyi də təbii ki, təhlükə ilə üz-üzə qalır. Odur ki, valideynin uşağı üçün tutduğu dayəni yaxından tanıması, üstəlik ondan müxtəlif arayışları tələb etməsi vacibdir. Dayənin isə həmin sənədləri vermək borcudur.

Digər tərəfdən isə analar uşaqlarını ilk gündən dayəyə etibar edib saatlarla ondan ayrı qalmamalıdır. Birinci-alışdırma dövrü müvəffəqiyyətlə keçməlidir ki, uşaq dayəyə alışa bilsin. Çox təəssüf ki, bunun dəfələrlə şahidi olmuşuq ki, analar uşağı ilk gündən dayələrin yanına qoyub işlərinin ardınca qaçır. Uşaq isə saatlarla ağlayır, sakitləşmək bilmir. Bu da onun psixoloji vəziyyətinə mənfi təsir göstərir. Ana hansısa bir işə düzəlməmişdən əvvəl uşağı üçün dayə tapmalı, onu alışdırmalı, sonra işə getməlidir.

İkinci- uşağın valideynlərlə birlikdə olduğu dövrdür ki, bu daha diqqət yetirilməli məqamdır. Çünki saatlarla dayə yanında qalan uşağın qayğıya, nəvazişə ehtiyacı var. O, bunları valideynlərindən, xüsusilə anasından görməyəndə yarımçıq böyüyür sanki. Onun uşaq dünyası tamlaşmır. Bütün bunların baş verməməsi üçün uşağa saatlarla vaxt ayrılmalıdır.

Qəribə bir məsələ ilə qarşılaşırıq. Valideynlər evlərinə kamera yerləşdirib, dayənin uşaqla rəftarını izləyirlər. Əgər dayə hər hansı səhvə yol verərsə, onunla yollarını ayırır, yeni dayə axtarışına çıxırlar. Lakin nədənsə, dayədə tapdıqları mənfi keyfiyyətləri özlərində axtarmaq istəmirlər. Məsələn, uşağa lazımi vaxt ayırmamaları kimi, onun üstünə çığırmaları, qorxutmaları, hələ yeri gələndə sillə endirmələri kimi…

Həqiqətən də dünyaya uşaq gətirmək hələ ana olmaq deyil. Ata adını daşımağa başlamaq hələ ata olmaq deyil. Bunun üçün zamana ehtiyac var ki, zaman özü göstərsin, kim ana-ata adına layiqdir, kim bu adı daşımağı haqq etmir. Odur ki, dünyaya gətirdiyimiz və gətirəcəyimiz uşaqların taleyi bizi maraqlandırsın. Onları necə saxlayacağıq, necə böyüdəcəyik, karyeranımı seçirik, yoxsa ən azından dövlətin bizə verdiyi 3 illik analıq məzuniyyəti dövründə uşağımızı böyüdəcəyikmi, onu dayə yanına qoyub işləməyə, yoxsa mağaza-mağaza gəzməyə gedəcəyikmi, dayə il uşağı bir otaqda qoyub o biri otaqda Tiktok-da gəzib, seriallar izləyəcəyikmi, hansını edəcəyik? Bütün bunları uşağı dünyaya gətirməzdən əvvəl fikirləşmək lazımdır. Əks təqdirdə təbii ki, bizdən çox dayələrinə oxşar, öz dilimizdə bir kəlmə belə danışa bilməyən uşaqların ata-anası deyil, sahibi olacağıq. Bu barədə düşünmək gec deyil. Düşünək ki, səhv yola qədəm qoymayaq. Yoxsa, bu səhv yol gələcək üçün həlli qloballaşan problemləri “hədiyyə” edəcək bizə…

 

Mətanət Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir