yay mektebi 2

Uşaqları internat məktəblərə aparan səbəblər

Baxış sayı: 536

“2021-ci ildə internat tipli ümumtəhsil məktəblərində təhsil alan uşaqların sayı 9960 nəfər idisə, 2022-ci ildə bu rəqəm 10062 nəfər olub”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayevanın Milli Məclisin Ailə, qadın və uşaq məsələləri və İnsan hüquqları komitələrinin birgə iclası zamanı səsləndirdiyi bu fikirlər problemə diqqəti yönəldib. “Uşaqların internat müəssisələrinə düşməsinin qarşısının alınması istiqamətində işlər aparılsa da, hələ də bu müəssisələrdə uşaqların sayı bizi narahat edəcək dərəcədədir” deyən aparat rəhbəri alternativ qayğı müəssisələrinin sayının artırılmasına ehtiyac olduğunu qeyd edib.
Aparat rəhbərinin səsləndirdiyi rəqəm kifayət qədər ciddidir və xüsusən son illərdəki artım narahatlıq doğurmaya bilməz. Dövlətin bu istiqamətdə qayğısı olsa da, uşaqları internat tipli müəssisələrin sakininə çevirən səbəblər ekspertlərin söylədiyi kimi çox müxtəlifdir. Bəs məsələnin həlli yolu nədir?

Qayğının daha da artırılmasına ehtiyac var 

Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, millət vəkili Ceyhun Məmmədov bu istiqamətdə dövlət tərəfindən kifayət qədər addımların atıldığını və layihələrin həyata keçirildiyini bildirir: “Dövlət bu istiqamətdə lazımı addımları atır. Amma rəqəmlər göstərir ki, bu kateqoriyadan olan insanlara qayğının daha da artırılmasına ehtiyac var. Yəni daha çox insanı əhatə etmək, bu prosesə daha çox töhfə vermək lazımdır. Hesab edirəm ki, bu məsələdə hər bir məqam xüsusi təhlil olunmalı və planlaşdırılmış addımlar atılmalıdır”.

 

“Təkcə rəqəmləri söyləməklə iş bitmir”

Təhsil eksperti Asif Cahangirov hesab edir ki, internat tipli məktəblərdə şagirdlərin sayının çoxalması dərindən araşdırılmalıdır: “Təkcə rəqəmləri söyləməklə iş bitmir. Faktlar araşdırılmalı, bu tip məktəblərə düşən şagirdlərin hər birinin həyatı öyrənilməlidir: onlar oraya hansı səbəbdən düşüblər – sosial səbəbdənmi, ailələrin dağılmasındanmı, sağlamlıq məhdudiyyətindənmi və ya onlar müharibədən sonra valideynlərini itirən uşaqlardılarmı?”

Ailələr üçün sosial dəstək proqramları artırılmalıdır 

“Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova problemin kifayət qədər ciddi olduğunu bildirir və hesab edir ki, bu istiqamətdə ailələr üçün sosial dəstək proqramları gücləndirilməlidir. Həmçinin milli xüsusiyyətləri özündə əks etdirən “yol xəritəsi” hazırlanmalıdır: “Ailələrin normal qurulmasına dəstək göstərilməlidir. Elə ailələr var ki, uşaqların orada böyüməsinin özü təhlükəli olur. Uşaqlar zorakılıqdan qaçırlar. Uşaqların həmin mühitdə  qalmalarının qarşısını almaq üçün onlar internat tipli məktəblərə verilirlər. Yaxud, boşanan qadınlar uşağa baxa bilmirlər, işləmək istəyirlər. Dayanıqlı İnkişaf Məqsədlərində də qadınların əmək bazarına çıxması üçün şərait yaradılması ilə bağlı bənd var.  Dövlət uşaq bağçalarının kifayət qədər olmaması, özəl bağçaların bahalığı qadınların uşaqlarını uşaq evlərinə və internat tipli məktəblərə yerləşdirməsi ilə nəticələnir”. Ekspertin fikrincə, son vaxtlar ailələrdə narkomaniya bəlasının olması da pprosesə öz təsirini göstərir: “Baxımsız ailə modelləri çoxalıb. Davranış pozuntusu ilə müşayiət olunan ailələr artıb. Nənələr-babalar artıq məsuliyyəti üzərlərindən atırlar. Onların bəzilərini qınamaq da olmur, iqtisadi sabitliklərini saxlamaq üçün işləyirlər. Əvvəllər nənə-baba himayəsi vardı və bu eybəcərlikləri görmürdük. İndi vəziyyət dəyişir. Baş verənlər uşaqların travması ilə nəticələnir”.

M.Zeynalova hesab edir ki, hələlik alternativ qayğı mərkəzlərini gücləndirməklə problemin qarşısını almaq olar, amma bu da çıxış yolu olmayacaq: “Biz çıxış yolu ilə bağlı görüşlər keçirməli, “yol xəritəsi” hazırlamalıyıq. İnternat məktəblərində uşaqların sayının artmasında ailələrin boşanması da böyük tol oynayır. Boşananların ata-anaları “uşağına baxmayacam, gəlirsən, özün gəl”, – deyə, tələb qoyurlar. Aliment məsələsi, evsizlik problemi var. Nəticədə valideynlər boşanır və uşaqlar internat məktəbinə qoyulur”. Ekspertin fikrincə, boşanan qadınları müvəqqəti yataqxanalarla təmin etmək lazımdır: “Onlar 1-2 il həmin yataqxanada qalar, sonra işləyib ayağa qalxarlar. Sosial evlərin artırılması ilə də onlara dəstək göstərmək olar. Onlar uşaqlarına da özləri baxar və onları internata və ya uşaq evinə verməzlər. Alternativlər var – sadəcə onları düzgün sistemləşdirmək lazımdır”.

 

Valideynlərin uşaqdan imtina etməsi halları çoxalır 

Psixoloq Aydan Nəzərova problemi daha çox ailələrin sosial-iqtisadi durumu ilə əlaqələndirir: “İnternat tipli müəssisələrdə uşaqların sayının artması səbəblərindən biri ilk növbədə sosial-iqtisadi durumdur. Bəzi qadınlar şiddət, davamlı keçimsizlik olan ailədə uşaq dünyaya gətirir və sonradan problemlər yaşayırlar, nəticədə uşaqlar baxımsız qalırlar. Həmçinin, valideynləri narkotik istifadəçisi olan ailələrdə böyüyən uşaqlar da adətən dövlətin himayəsinə keçir və internat tipli məktəblərə göndərilir”.

Psixoloq ən böyük səbəb kimi valideynlərin özlərinin uşaqlarından imtina etməsini göstərir: “Qanunsuz uşaq dünyaya gətirənlər də çoxdur. Bu uşaqlar da internat tipli uşaq müəssisələrinə göndərilirlər. Elə ailələr də var ki, “vaxtımız yoxdur” deyə, uşaqla maraqlanmırlar. Bu uşaqlar da sonradan problemli uşağa çevrilirlər. Bu cür problemlərin qarşısının alınması üçün valideynlərlə iş aparılmalı, maarifləndirici tədbirlər çoxalmalıdır”.

 

Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir