Artıq çəkidən xilas olmağın 8 qızıl qaydası

Baxış sayı: 2. 219

İnsanları narahat edən ən ciddi problemlərdən biri də artıq çəkidən necə xilas olmaqdır. Bu istiqamətdə mövcud qaydaları şəxsi təcrübəmizin ələyindən keçirib oxucuların ixtiyarına veririk

1. Mərhum Turqut Ozal deyirdi ki, hər problemin bir zamana ehtiyacı var. Odur ki, hər məqsədimizə, hətta bizə asan görünən adi hədəflərə tez çatmaq üçün tələsmək lazım deyil. Məsələn, çox tez arıqlamağa çalışıb, yorucu iş günlərindən sonra saatlarla məşq etməkdənsə, həftələrlə şübhəli və mübahisəli dietalara əməl etməkdənsə, çox gəzməyə və az yeməyə çalışsanız, doğrudur daha gec, amma daha real nəticə əldə edə bilərsiniz. Axşamlar daha az və sulu yemək, ya da sadəcə olaraq, yüngül salatlarla, meyvə, tərəvəzlə kifayətlənmək sizə məqsədinizə çatmaqda kömək edə bilər. Axşam saat səkkizdən sonra isə yemək, ümumiyyətlə, məsləhət deyil.
2. Mətbəxinizdəki şkafları “təmizləyin” – kolbasa, tort, cipsi kimi qidaları və “rəngli” suları evdən və özünüzdən birdəfəlik uzaqlaşdırın.
Yaxşı yadımdadır, Sovet dövründə “Krokodil” jurnalı xoşbəxt moskvalını bir əlində iri “Kiyev” tortu, o biri əlində isə şokoladlı konfetlər, “kopçennı” kolbasa, fanta, kola şüşələri ilə dolu bağlama olan gonbul kişi kimi təsvir etmişdi. Yoldan keçənlər onu əhatə etmişdi. Adamlar soruşurdu, “Hardan almısan”, gonbulun isə ağzından bu sözlər tökülürdü: “Tələsməyin, orda daha yoxdur”. Karikaturanın altında isə yazılmışdı: “Yaxşı ki, yoxdur. Yoxsa, biz də sənin gününə düşərdik”.
3. Yaddan çıxarmayın: yemək işləmək qədər ciddi məsələdir. Odur ki, nə yeyəcəyinizi və nə qədər yeyəcəyinizi əvvəlcədən planlaşdırın. Acdığınız zaman qarşınıza çıxan, ya da ağılınıza gələn hər şeyi yeməyin. Ekoloji cəhətdən təmiz və kalorili yeməklərə üstünlük verin, amma az yeyin. Siz yemək stolundan qalxanda yüngül ağırlıq yox, yüngül aclıq hiss etməlisiniz. Bu, qızıl qaydaların biridir, bəlkə də birincisidir. Hər gün şorba içməyə adət edin, bunu həyat tərzinə çevirin. Soğan, keşniş və şüyüd qatılan şorba həm yaxşı bir qidadır, həm həzm prosesini yaxşılaşdırmağa, həm də bədəndən artıq maddələri çıxarmağa kömək edir.
4. Spirtli içkilərdən uzaq olun. Deyə bilərsiniz ki, təmiz içkinin sağlam adama ziyanı yoxdur. Tamamilə razıyam, hətta əlavə edə bilərəm ki, az-az içəndə xeyri də var, çünki qanı duruldur, tromb, infarkt təhlükəsini azaldır. Amma kim zəmanət verə bilər ki, sizin içdiyiniz araq bütün ekoloji normalara və müasir texnologiyalara uyğun olaraq taxıldan, çaxır isə üzüm şirəsindən hazırlanıb? Yaxşı, tutaq ki, siz yalnız təmiz araq içirsiniz, çaxır isə qardaşınızın, ya da qayınatanızın bağındandır. Amma siz spirtli içki içəndə normadan iki, üç dəfə çox yeyirsiniz və əlavə çəkini artırmağa xidmət edirsiniz. Mən hələ mütəmadi olaraq içilən spirtli içkinin qara ciyərə və böyrəklərə dəhşətli yükündən danışmıram…
5. Mərhum Səməndər Rzayevin məşhur filmdə dediyi sözləri bir qədər dəyişərək. fikrimizi izah edək: xalqımızın axşamlar qoz, fındıq yemək kimi (o, toy demişdi) gözəl adəti var. Bu, vitaminlərlə və bitki yağları ilə zəngin ərzaq kimi həm mədə-bağırsaq sisteminə, ümumiyyətlə orqanizmə xeyirdir, həm də kalorili olduğundan iştahanı küsdürür və sizi axşam çox yemək problemindən azad edir. ABŞ alimlərinin müasir tədqiqatları də sübut edir ki, qoz, fındıq ləpəsi, hətta günəbaxan tumu insanı bəd xassəli şişlərdən qoruyur. Hər halda, bu çərəzlərlə qidalanan insanlar xərçəng xəstəliyinə ümumi normadan 2-3 dəfə az tutulurlar.
6. Atalardan qalma gözəl bir misalımız var: səhər yeməyini özünüz yeyin, günorta payınızı dostunuzla bölün, axşam isə düşməninizə verin. Dəqiq analizdir! Yaddan çıxarmayın: səhər evdən ac çıxmayın – bu, sağlamlığın qızıl qaydasıdır. Ən azı bizim azəri qaydasında şirinçayla, pendirlə az da olsa yeyin. Günorta yeməyini doyunca yeyin, dietoloqların yazdığı xolesterindən-zaddan çəkinməyin. Dünyada ən çox yaşayanlardan biri bizim lerikli Şirəli baba imiş, o da deyilənə görə, günorta yağlı qoyun ətindən kababı sevirmiş, axşam isə yatmazdan əvvəl qatıq içirmiş. Amma yaddan çıxarmayın ki, Şirəli baba bütün günü at belində olub, təmiz hava, fiziki iş də onun dərmanı idi. Biz isə bütün günü kompüter, ya da sükan arxasında oluruq. Odur ki, hər gün imkan olduqca, çox piyada gəzməyə çalışın, bunu həyat tərzinə çevirin.
7. Müşahidəmə görə, Rusiyada həftənin bir gününü (deyəsən, üçüncü gün) “balıq günü” elan edirdilər. Həmin gün bütün yeməkxanalarda, hətta restoranlarda balıq yeməkləri verilirdi. Təbii ki, bu məcburi deyildi, sadəcə olaraq, təklif idi və hər kəs öz seçimini edirdi. Həmin gün ruslar bir qayda olaraq, günorta və axşam yeməklərində balıq qızartmasından və şorbasından, hətta konservlərindən istifadə edir, “balıq günü”nün bütün qaydalarına əməl edirdilər. Mən yalnız sonralar başa düşdüm ki, həftədə bir dəfə “balıq günü” təşkil etmək sağlam qidalanmağın ən gözəl yollarından biridir. Odur ki, bu qaydanı böyük məmnuniyyətlə oxuculara da təklif edirəm.
8. Aqillərimiz deyir ki, sağlam qidalanmağın, artıq çəkidən azad olmağın qızıl qaydalarından biri də hər gün təzə meyvə-tərəvəz, göyərti yeməkdir. Allaha şükürlər olsun ki, dünyanın cənnət guşələrindən biri olan Azərbaycanda hər cür meyvə-tərəvəz yetişir. Yaxşı yadımdadır, Moskvada oxuyanda bu meyvələrdən bişirilən mürəbbələrdən tələbə yoldaşlarıma pay da aparırdım. Bir dəfə onlardan birinin anası dedi ki, sizin mürəbbə yaxşıdır, sağ olun, amma bundan ötrü meyvəni bişirməyə, vitaminləri məhv etməyə dəyərmi? Meyvəni, giləmeyvəni təzə-təzə yemək, saxlamaq üçün isə şəkərə qoymaq məqsədəuyğun deyilmi?! Sonra köksünü ötürdü, dedi siz cənublular xoşbəxt adamlarsız, vətəninizdə nar, mandarin yetişir, qışda da təzə pomidor, xiyar, hətta göyərti yeyirsiniz, doyunca vitamin qəbul edə bilirsiniz. Biz şimallılar isə konservlərlə kifayətlənməli oluruq. Bu söhbətin üstündən on illər keçib, amma indi də xatırlayıram.
Sonda yenidən yoqların qaydalarını xatırlatmaq istərdim. Bu qaydalar min illərin sınağından keçib, atalar sözü qədər etibarlıdır. Yoqlar həzm prosesini normallaşdırmaq üçün həftədə bir dəfə quru aclıq edirlər, bunu hətta həyat tərzinə çevirirlər. Yəni həftədə bir dəfə eyni gündə su da içmədən bütün günü ac qalırsınız. Axşam isə (saat səkkizə qədər) yüngül şorba yeyib yata bilərsiniz. Bu təbii ki, çətin qaydadır, ilk nəzərdən asan görünsə də, hər adam hər gün əməl edə, yerinə yetirə bilmir. Artıq çəkidən xilas olmaq üçün isə yoqlar mono dieta təklif edirlər. Yəni siz gündə üç dəfə eyni şey yeməlisiniz. Təbii ki, ət xörəkləri, kalorili yeməklər olmaz. Məsələn, gündə üç dəfə pendir, ya süzmə ilə çörək yemək, günorta və axşam isə meyvə-tərəvəz əlavə etmək olar. Təbii ki, çətindir, amma dözmək lazımdır və mümkündür. Təcrübə göstərir ki, bu qayda ilə siz sağlamlığınıza heç bir ziyan vurmadan, bir ayda on kiloya qədər artıq çəkidən azad ola bilərsiniz.
axar.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir