Azərbaycanla Türkiyə arasında ortaq turizm marşrutlarının yaradılması çoxdan müzakirə olunan mövzudur. Keçən il Azərbaycan-Türkiyə Turizm üzrə Birgə Komissiyasının 2-ci iclasında ikitərəfli turizm əlaqələrinin mövcud vəziyyəti, turizm məhsulları və s. bir daha müzakirə olunub. Hesab edilir ki, turizm üzrə ixtisaslaşmış assosiasiyalar arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi də turizm əlaqələrinə öz töhfəsini verə bilər. Sadəcə, bu istiqamətdə təcrübə mübadiləsinin, qarşılıqlı fəaliyyətin və birgə təbliğat işlərinin görülməsinə ehtiyac var.
Təəssüf ki, komissiyanın iclasından keçən müddət ərzində iki ölkə arasında ortaq turizm məhsullarının yaranmasında hələ ki hər hansı işıq ucu görünmür. Səbəb nədir?
Birgə Fəaliyyət Proqramı artıq təsdiq olunub
Dövlət Turizm Agentliyi məsələyə aydınlıq gətirərək bildirdi ki, komissiyanın iclasına əsasən 2024-cü il üçün birgə Fəaliyyət Proqramı artıq təsdiq olunub, o cümlədən iki ölkə arasında turizm sahəsində sazişin hazırlanması üzərində iş aparılır: “Komissiyanın iclasında turizm təhsili üzrə məqamlar da müzakirə olunub. Razılaşmaya əsasən, türkiyəli mütəxəssislər tərəfindən Azərbaycanda müxtəlif istiqamətli turizm peşə təlimlərinin keçirilməsi nəzərdə tutulub”.
Kütləvi turizmin yaradılması üçün
Ümumiyyətlə, turizmçilər hesab edirlər ki, ölkələrimiz arasında ortaq turizm marşrutlarının olması ikitərəfli turist axınının çoxalmasına səbəb olur. Bu isə hər iki ölkə arasında mədəni, turistik əlaqələri sıxlaşdırmaqla yanaşı, iqtisadiyyata da mühüm töhfə verər.
Faktdır ki, hazırda azərbaycanlılar Türkiyənin ayrı-ayrı bölgələrinə səyahət etməyi digər ölkələrdən daha çox xoşlayırlar. Həm istirahət, həm təhsil turizmi ilə bizimkilər Türkiyə turizminə böyük töhfə verirlər. Amma müqayisədə türkiyəli turistlər nə istirahət, nə də təhsil turizmi üçün Azərbaycanı seçirlər. Hərçənd Türkiyənin Azərbaycandakı səfirinin turizm məsələləri üzrə müşaviri Muhittin Macit bu mövzuda danışmaq istəmədi: “Hələ ölkənizə yeni gəlmişəm”.
Daha çox azərbaycanlılar Türkiyəyə gedir
Ölkəmizdə Türkiyə turizmi üzrə fəaliyyət göstərən turizm şirkətinin baş meneceri Emin Uzun də təsdiqləyir ki, hazırda daha çox azərbaycanlılar Türkiyəyə gedir. Türkiyə vətəndaşlarının turizm məqsədilə Azərbaycana gəlişi isə çox deyil: “Türkiyədən Azərbaycana daha çox biznes və işlə bağlı gəlirlər. Gəlmişkən də ölkəni gəzirlər. Turist kimi gələnlər təəssüf ki, çox azdır. Azərbaycandan Türkiyəyə gedən turistlərin sayı ortalama 150 000 civarındadır”. Turizmçi hesab edir ki, iki ölkə arasında tarixi abidələr, dağ və dəniz turizmi, qastronomik turizmin inkişafı ilə bağlı ortaq marşrutların qurulması qarşılıqlı turist mübadiləsinə yol açar: “Ölkələrin turizm rəhbərlikləri bir araya gələrək ortaq memorandumlar imzalamalı, dövlət dəstəyi ilə təbiət, mədəniyyət, tarix və istirahət turizmləri üçün layihələr hazırlanmalıdır. Kütləvi turizmin yaradıla bilməsi üçün turoperatorlar və hava yolları şirkətləri ilə ortaq şəkildə hərəkət edilməlidir”.
Bakı-Tbilisi-Qars marşrutu işə düşsə…
Azərbaycan-Türkiyə parlamentlərarası dostluq komissiyasının üzvü, millət vəkili Vüqar Bayramov ümumiyyətlə, regional turizm marşrutlarının yaradılmasını turizmin inkişafında əsas trendlərdən biri hesab edir:
“Bir sıra qonşu ölkələr birgə turizm marşrutlarının yaradılması ilə bağlı razılıq əldə ediblər. Xüsusən, Latın Amerikası, Avropa və bəzi Asiya ölkələrində belə trendlər daha çox müşahidə olunur. Bu cür marşrutlar daha çox turistin cəlb edilməsinə imkan yaradır”. Millət vəkilinin fikrincə, Azərbaycan, Gürcüstan və Türkiyənin birgə turizm marşrutları yaratması imkanları böyükdür. Yəni bu istiqamətdə bir ideya Bakı-Tbilisi-Qars dəmiryolu xətti boyunca nəqliyyat turizm marşrutunun yaradılmasıdır. Bununla bağlı müzakirələr də var. Bu marşrut turistlərin hər üç ölkədə olmasına imkan yaradacaq. Bu zaman həm Azərbaycan, həm Türkiyə, həm də Gürcüstanda mədəni və digər turizm məhsulları təklif edən şəhərlərdə dayanacaqlar olacaq. Nəticədə 1 və ya 2 həftəlik paketdən asılı olaraq, belə marşrutların təklif edilməsinə imkan yarana bilər. Bu istiqamətdə əməkdaşlıq imkanları kifayət qədər böyükdür. Bu layihə birmənalı şəkildə 3 ölkənin turizm gəlirlərinə müsbət təsir göstərəcək”.
Yeni marşrutlar nəzərdə tutmaq lazımdır
Turizmçi Ruslan Quliyevin fikrincə, Türkiyə ilə Azərbaycan arasında ortaq turizm marşrutlarının yaradılması və sistemli şəkildə inkişaf etdirilməsi çox əhəmiyyətlidir:
“Pandemiyadan öncə Türk Dilində Danışan Ölkələr Şurası tərəfindən “Modern İpək Yolu Ortaq Tur Paketi” marşrutu hazırlanmışdı. Bu layihəyə Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan daxil idi, sonradan Özbəkistan da qoşuldu. 12 gecə-13 günlük turlar çərçivəsində ortaq tarixlərin öyrənilməsi, tarixi, təbiət və mədəni abidələrin ziyarəti və s. nəzərdə tutulurdu. 2020-ci ilə qədər buradan 1 milyona yaxın turist axını gözlənirdi. Əslində hədəflər artıq 2025-ci ilədir. Bu həmçinin avropalıların Türkiyədən şərq istiqamətində, Asiyadan qərb istiqamətinə gedişini nəzərdə tuturdu. Təbii ki, bu marşrut üzərində müxtəlif tanıtım fəaliyyətləri həyata keçirildi”. Turizmçinin fikrincə, əsas problem mövcud olan marşrutların zaman-zaman yenilənməsi və dövlətin dəstəyinə, onun piar və marketinqinin düzgün aparılmasına ehtiyacın olmasıdır: “Təbii ki, yeni marşrutlar da nəzərdə tutmaq lazımdır. Məsələn, sağlamlıq turizmi ilə bağlı Azərbaycan və Türkiyə Avropanın Tarixi və Termal Şəhərlər Assosiasiyasının marşrutunda uğurla iştirak edir. Nədən Pamukkale-İzmir-Balçova, Qalalatı-Lənkəran kimi yerlərdə “Qardaşlaşmış termal şəhərlər” marşrutu təşkil olunmasın? Bu, eyni zamanda, həmin məkanların beynəlxalq aləmdə reklamlarına və gələcəkdə turistlərin cəlbinə təkan verər”.
Təranə Məhərrəmova