Müasir görünmək üçün dəb tendensiyalarından, xüsusilə, rənglərin bir-biri ilə uyğunluğundan xəbərdar olmalısınız.
Ancaq tünd rənglərə üstünlük vermək, nəinki ötən ilin, hətta ötən əsrin qalığıdır. Təəssüf ki, çoxları əlvan rəngli paltarlar geyinməyə hələ də utanır. Bu, rəngləri bir-biri ilə uzlaşdıra bilməməkdən irəli gəlir. Əslində, əlvan rəngləri ahəngdar şəkildə birləşdirmək düşünüldüyü qədər çətin deyil. Gəlin rəngli dəstlər hazırlamağı birlikdə öyrənək.
Qırmızı
Başdan-ayağa “qaraya bürünmək” öz əhəmiyyətini qoruyub saxlasa da, onun qırmızı versiyaları daha çox aktualdır. Qırmızı 2024-cü ilin yazında da öz mövqeyindən əl çəkməyəcək. Həm təsirli, həm də sadə görünməyin yollarını axtarırsınızsa, bütün geyimləri qırmızı rəngdə seçin. Ancaq monoxron görünüş sizə uyğun deyilsə, gündəlik obrazınıza qırmızı əşyalar əlavə edin. Bu, qırmızı çanta, ayaqqabı və ya pencək ola bilər.
Sarı
Yazın əvvəlində Bakının dəyişkən iqlimi nadir hallarda bizi günəşli havalarla sevindirir. Bununla belə, üzülməyə dəyməz. Biz sizə qarderobunuza sarı geyimlər daxil etməyi təklif edirik. Əlvan bir geyim buludlu bir gündə əhvalınızı yüksəltməyə kömək edəcək. Sarının zövqünüzə uyğun olan bir çalarını seçin, onun istənilən tonu obrazı daha zəngin və cəlbedici göstərəcək. Yeri gəlmişkən, parlaqlığına baxmayaraq, bu rəng çoxyönlüdür.
Mavi
Qışda mavinin bütün çalarlarına üstünlük versək və onları böyük məmnuniyyətlə geyinsək də, yaz aylarında daha incə tonlarını sınamalı olacağıq. Çox diqət cəlb etmir, odur ki, istənilən yer üçün mükəmməldir. Bu rəng həm klassik, həm də sarı, çəhrayı və qırmızı kimi digər əlvan rənglərlə yaxşı uzlaşır.
Yaşıl
Yaşıl 2024-cü ilin əsl hitidir. Onun bütün çalarları trenddədir: zəngin zümrüddən açıq yaşıla qədər. Sonuncu yazda xüsusilə effektli görünəcək. Bütün obrazı yaşıl rəng üzərində qurmağa hər kəs cəsarət etməyəcək, odur ki, yaşılı klassik və bej çalarının köməyi ilə “sakitləşdirməyi” təklif edirik. Məsələn, “Gucci” açıq yaşıl qələm yubkanı rahat cins gödəkçə ilə birləşdirməyi təklif edir. Həmçinin gündəlik obrazlara sadəcə yaşıl çanta əlavə etməklə, ən darıxdırıcı paltarı belə yeniləyə bilərsiniz.
Narıncı
Siyahını narıncı kimi təsirli bir rənglə başa vururuq. Yeni mövsümdə dizaynerlər narıncı dəstlərdən çəkinməyi və onu daha sakit çalarlarla birlikdə geyinməyi təklif edirlər. “Fendi”nin yaz-yay kolleksiyasında bunun ən yaxşı nümunəsi görə bilərik. Kim Cons parlaq trikotaj paltarı qəhvəyi dəri palto ilə tamamlamaq qərarına gəlib. Zəngin narıncıya baxmayaraq, görüntü çox təmkinli və ahəngdar alınıb.