qaynana-gelin

Qadınların atəşkəsi: müharibə gizli gedir

Baxış sayı: 518

Gender probleminin ən çox müzakirə edildiyi bir dövrdə yaşayırıq. Hər gün qadınlarla kişilərin müxtəlif aspektlərdən qarşılaşdırılmasını, müqayisəsini və çək-çevirini görürük. Əbədi olaraq bir-birinə yoldaş, dost olan bu iki varlıq həm də əbədi rəqiblərdir. Həm elmi, həm dini baxımdan qadın və kişi anlayışı bir insan, şəxsiyyət olaraq bütövdür. Bu bütövü təşkil edən hər iki fərd vacibdir. Bəs niyə bəzi cəmiyyətlərdə qadın hər zaman kişidən bir addım geridə görülür?

Qadın insandır, kişilər isə insan övladı. Belə deyib böyük ozan Neşet Ertaş. Siz heç bu günə qədər kişilərin haqlarının pozulması, öldürülmələri, zorakılığa məruz qalmaları səbəbindən aksiya keçirdiklərini gördünüzmü? Mən görmədim. Çünki bütün bunlara qadınlar məruz qalır, döyülür, söyülür, qətl edilir. Haqlarını tələb edirlər, ala bilsələr. Çox qadın öz gücünün fərqində deyil, nəinki özünə, bütün dünyaya su, gübrə ola biləcəyini bilmir.

Yaşadığımız coğrafiyanı bizə vətən edən, yurd edən qadındır, anadır. Onu qorumaq üçün qoruyuruq əslində vətəni. Vətən bizim üçün ana deməkdir, necə ki, Ana Vətən, Ana Torpaq deyirik. Qadın yurddur, evdir, eşikdir, torpaqdır. Necə ki, torpağa atdığın dən cücərir, boy atır, məhsul verir, eləcə də ananın bətnində böyütdüyü, dünyaya gətirdiyi fidanlar böyüyür yurda oğul, qız olur. Qadınsız insan yurdsuz insandır, qadınsız kişi vətənsiz kişidir. Qadın vətəndir, vətən isə müqəddəs.

Qadınlar cəsarətlidir, işdən yorulmayan, çətinlikdən qorxmayandır. Onlara doğru ayaqqabını verin, dünyanı fəth edəcəklər. Amma ayaqlarının altına daş atanlar, badalaq vuranlar da olacaq, işlərinə əngəl də törədəcəklər. Təəssüf ki, əngəlləri daha çox öz həmcinslərindən görəcək. Qadın qadına dəstək olmaq yerinə əngəl olur çünki. Bir qadın başqasının uğuruna sevinmir, nadir halda belə şey başa verə bilər.

qaynana-gelin

Məlumdur ki, gender bərabərsizliyinin bir çox tarixi, sosioloji, iqtisadi, mədəni və siyasi səbəbləri var. Bu vəziyyət həm dünyanın əksər hissəsi üçün, həm də ölkəmiz üçün keçərlidir. Yəni, biz gender bərabərsizliyi problemi haqqında yorulmadan düşünməli, yazmalı və onun həllinə çalışmalıyıq. Şübhəsiz ki, ilk növbədə, kişi və qadın bərabərliyi anlayışını düzgün başa düşməliyik. Kişi və qadın bərabərliyi qadın və kişinin ictimai həyatda bərabər hüquqlara, imkanlara, məsuliyyətlərə, vəzifə və azadlıqlara malik ola bilməsi deməkdir.

Kişi işləyirsə, qadın da işləməyi bacarmalıdır. Əgər kişi sürücülük vəsiqəsi ala bilirsə, qadın da almalıdır. Kişi icra başçısı, millət vəkili, direktor, baş nazir, nazir, məmur, fəhlə, yazıçı, rəssam, alim və s. ola bilirsə, bunlar qadın üçün də mümkün olmalıdır. Eyni işi görən kişilər və qadınlar eyni maaş almalıdırlar. Kişilər səs verə bilirlərsə, qadınlar da səs verə bilməlidirlər və bizim ölkəmizin səsvermə hüququ tarixi bu baxımdan parlaqdır. Kişilər azaddırsa, qadınlar da azad olmalıdırlar. Bu siyahını sosial həyatın hər bir təfərrüatını əhatə etmək üçün genişləndirmək olar.

Yaxşı, kişi və qadın bərabərliyi varsa, bu onlar eynidir deməkdir? Kişi və qadın əsla eyni deyil. Yəni gender bərabərliyi eyni olmaq demək deyil. Sözsüz, kişi və qadın fiziki, mədəni, əqli və mənəvi cəhətdən fərqlidirlər. “Qadınla kişi bərabər ola bilməz”, “qadınlar daha zəif, daha az intellektlidir” kimi ifadə edilən çoxlu mənfi düşüncələr var. Bu səbəbdən qadınlar təcrid olunur, işdən kənarlaşdırılır, təhqir edilir, alçaldılır, daha az ciddi qəbul edilir, onlara məsuliyyət, səlahiyyət verilmir. Bu qərəzi həyata keçirən insanlar arasında elə qadınlar da az deyil. Tabeliyində işləyən qadın işçilərinə qarşı qəddar olan qadın rəhbərlər çoxdur. Bəs, qadınların qadınlara qarşı qərəzli olmasının səbəbi nə ola bilər? Niyə qadınlar öz cinsinin nümayəndələrini xor görür?

Qadınların bir-birini sevməmələri, xor görmələri bəlkə də insanlığın yaranma tarixi ilə eynidir. Qayınana, baldız, qonşunun gəlini və bu kimi faktorlarla bir-birinə qarşı qərəzli münasibəti olan qadınlar bütün cəmiyyətlərdə var. Qadınlar kim olduğundan, necə insan olduğundan asılı olmayaraq başqaları tərəfindən təzyiqə məruz qalmağa alışıb, lakin öz həmcinsi tərəfindən olduqda məsələ başqa rəng alır. Qadın düşmənçiliyinin sonu yoxdur, aralarındakı münaqişə səngimir, atəşkəs olmur.

Bu cür düşmənçilik arasında bir-birini sevməyə çalışmaq həqiqətən çətindir. Qadının qadını sevməsi, ümumiyyətlə, çətindir. Niyə? Çünki qayınanasından təzyiq görən qadın bunu öz gəlininə tətbiq edir. Özü qayınana zülmü, baldız haqsızlığı gördüyü üçün eynisini tətbiq edir. “Mən çəkmişəm, sən də çək” düşüncəsi onu rahat buraxmır. Bu düşmənçilik nə zaman başladı, nə vaxtadək davam edəcək, biz qadınların bir-birimizə bu qədər nifrət etməyimiz normaldırmı? Niyə kişilər öz qayınatalarına, qayınlarına qarşı belə deyil?

qaynana

Əslində, qadınların bir-birinə düşmən kəsilməsinin bir tarixi var. Zevsin arvadı Hera, Zevs tərəfindən xəyanətə uğradığını biləndə ərinə yox, ərinin ona xəyanət etdiyi ilahələrə düşmən kəsiləndən beləyik. Bəylər, xanlar ikinci, üçüncü arvadı alanda ilk xanımın ərinə yox, ikinci, üçüncü arvada düşmən kəsilməsindən bəri beləyik biz. Elə indi də beləyik, həyat yoldaşının xəyanət etdiyini öyrənən qadınlar ərini yox, digər qadını rüsvay etməyə çalışır, şəklini yayır, nömrəsini əxlaqsız qadın nömrəsi kimi paylaşır, onu rüsvay edir. Əsl günahkar bir tərəfdə qalır, günaha ortaq olanı düşmən görür.

Deyildiyi, iddia edildiyi kimi, qadının düşməni kişi deyil, yenə öz həmcinsidir. Kişilər qadınlara düşmən deyil, onlar qadınlarla çəkişmir, rəqabət etmir. Onlar üçün qadın təhlükə deyil, heç vaxt olmayıb. Qadınların əsl düşməni elə qadınlardır. Bunu elə ətrafınıza baxaraq da görə bilərsiniz. Qadınlar haqqında yazılan minlərlə kitab, çəkilən filmlər, aparılan araşdırmalar göstərir ki, bineyi-qədimdən qadınları ən çox incidən qadınlardır. Çünki yalnız bir qadın, başqa bir qadına, eyni zamanda, həm kompliment söyləyə, həm də onu təhqir edə bilər. Yalnız bir qadın başqa bir qadının sirlərini öyrənmək üçün ən yaxşı dostu kimi davrana bilər. Ancaq bir qadın bu sirləri öydəndikdən sonra onu həmin qadına qarşı silah kimi istifadə edə bilər.

Kişilər dəqiqdirlər, bir şeyi bəyənməyəndə “bəyənmədim” deyirlər. Qadınlar dolayı yolu sevir, intriqa yolunu seçir. Kişilər bir qadının, bir kişinin haqqında dedi-qodu etmir, amma qadınlar məmnuniyyətlə başqa bir qadının haqqında ağla gəlməyəcək yalanlar uydura bilir. İşdə ayağınızın altını qazan, sizi çətin vəziyyətdə qoyan da qadın iş yoldaşlarınız olur, kişilər yox. Qadın işçiyə qarşı qadın rəhbər daha aqressiv olur, nəinki kişi rəhbər. Sizin ən zəif anınızı ancaq qadın tanışlarınız güdə, həmin an sizə təzyiq göstərə bilir, kişilər yox. Bir paltarı 2 toya geydiyinizi yalnız qadınlar söz edə bilər. Çəkinizin artdığını, üzünüzün qırışdığını üzünüzə deyən qadınlardır, yoxsa kişilər? Gəlinlərin ən böyük düşmənləri ərinin ailəsindəki qadınlardır yoxsa kişilər?

Qadın düşmənliyini alovlandıran başqa bir amil də filmlərdə, seriallarda qadın obrazını xəyanət edən biri kimi cəmiyyətə sırınmasıdır. Hansı serialı izləsən orada mütləq tanıdığı qadına xəyanət edən başqa bir qadın obrazı var. Qadın dostluğunu tərənnüm edən, bir-birinə təmənnasız dəstək olan qadınların olduğu neçə film, serial izləmisiniz bu günədək?

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir