Muzey

Harada dincəlməli: muzeydə, ya mallda?

Baxış sayı: 508

Tarixdəki müharibələri, ölüm-qalım mübarizələrini, mədəni, tarixi nümunələri və keçmişi daha yaxından tanımağa imkan verən muzeylər tarixin güzgüsüdür. Muzeylər, bir vaxt bizim olan, amma indi bizə yad olan müxtəlif mədəniyyətlər haqqında mühüm məlumatlar verir. Geniş rakursdan düşünməyi öyrənmək, müxtəlif cəmiyyətləri dərk etmək, tanımaq və mədəni zənginliyindən xəbərdar olmaq üçün muzeylər qorunmalı və ziyarət edilməlidir.

Muzeylər sivilizasiyaların vəhdətini yaradan məkanlardır. Bir muzeydə siz bütün tarixi zamanlara səyahət edir, eyni zamanda bir neçə dövrə baş çəkmiş olursunuz. Təbii ki, muzey alışqanlığının yaradılması üçün ilk addımı məktəblər atmalıdır. Amma təəssüflər olsun ki, Azərbaycan məktəblərində bu cür ziyarətlər çox az həyata keçirilir. İbtidai siniflərdə nisbətən müşahidə etmək olsa da sonrakı illərdə tarixi abidə, muzey ziyarətləri öz yerini əyləncə və gəzintilərə verməli olur. Müəllimlər müzey ziyarətlərini təklif etsələr də valideynlər muzeylərin darıxdırıcı olmasını iddia edirlər və əyləncəli gəzinti istəyirlər.

Lakin ziyarət düzgün təşkil edilsə, uşaqların yaş qrupuna görə yer seçilsə muzeylər və tarixi abidələr onlar üçün çox maraqlı yerlər ola bilər. İndi uşaqlar üçün xüsusi proqramları olan, əyləncəli ziyarət, gəzinti həyata keçirən muzeylərimiz var. Tanışlıq və bələdçi izahı uşağın marağını oyadacaq tərzdə təşkil olunur, bu da, muzeyin darıxdırıcı yer olması barədə təsəvvürü kökündən dəyişdirir. Uşaq daim muzey səfərinə getsə, ziyarətləri sıx-sıx olsa yeni yerlər kəşf etməyin, yeni məlumatlar əldə etməyin əyləncəli olduğunu anlayacaq. Lakin valideynlər öz maraq dairələrində olmayan yerlərə getməyi lüzumsuz bildiyi üçün uşaqlar da muzeylərdən uzaqda, tarixi abidələrdən kənarda, mollarda və əyləncə mərkəzlərində böyüyür.

Dünyanın hər yerində insanlar həm yaşadıqları ölkənin, həm də səfər etdikləri ölkəyə gedəndə onun tarixi abidələri, qədim yaşayış məskənləri ilə maraqlanırlar. Əgər bir alman, bir fransız və yaxud bir ingilis bizim ölkəyə gəlirsə mütləq qədim abidələrimizi görməyə gedəcək. Hər birimiz Qız Qalasına, Atəşgaha, İçəri Şəhərə, Şirvanşahlar Sarayına və oxşar abidələrimizi, muzeyləri ziyarətə gedəndə şahidi oluruq ki, ziyarətçilərin əksəriyyəti xaricilərdir.

Maraqlıdır ki, biz xaricə gedəndə bizi maraqlandıran sadəcə alış-veriş, dəniz və əyləncə mərkəzləridir. Aramızda tək-tük insanlar var ki, səfər etdiyi ölkənin tarixi abidələrini gəzsin, nadir tapıntıları, qədim yaşayış məskənləri ilə tanış olsun. Maraqlıdır, niyə biz xaricə səfərə gedəndə sadəcə ticarət mərkəzlərini gəzirik? Bəzən iddia edilir ki, məişət qayğıları ilə yüklənən insanlarda mənəvi zövq, maddi problemlərini həll edəcək fürsətdən yaranır. Yəni, mənəvi tələbatın təminatı ikinci sıraya keçir, öncə maddi ehtiyaclar təmin edilir və bundan zövq alınır. Lakin müşahidələr göstərir ki, tarixi abidələrə, muzeylərə ziyarət aşağıgəlirli olmaqla əlaqəli vəziyyət deyil, maraq dairəsinin fərqli olmasındadır. Çünki girişi cəmi 2 manat olan muzey və abidələr də var ki, ziyarətçisi çox azdır.

Müsəlman ölkələrində insanların tarixi abidələrə, muzeylərə az getmələrinin səbəbi məişətlə, adət-ənənələrlə, intellektual və mədəni səviyyənin aşağı olması ilə, savadsızlıqla, həyat şərtlərinin ağırlığı ilə bağlı olduğu da iddia edilir. Digər əsas amillərdən biri də ailə tərbiyəsi və təhsillə əlaqədardır. Muzeyə, tarixi abidələrə, kitaba, teatra, qəzetə, mütaliəyə sevgi kiçik yaşlardan aşılanmalıdır. Əgər bir uşaq valideyni ilə, yaxud məktəbdə təşkil olunmuş tur çərçivəsində kiçik yaşlarından teatra, muzeyə getmirsə böyüyəndə də getməyəcək. Bu məsələlər sistemli tərbiyə tələb edir.

Təəssüf ki, İslam dünyasında muzey və tarixi abidələrin ziyarəti mədəniyyəti hələ formalaşmayıb. Bunun bir çox səbəbləri ola bilər. Tarixlə və tarixi abidələrlə geniş ölçüdə əlaqə qurma təcrübəsi zəif olub, təbliğatı ya zəif aparılıb, ya da aparılmayıb. Elə şeylər var ki, onu uşaqlıqdan alışqanlıq halına gətirmək lazımdır. Bu alışqanlıqlara tarixi abidələrə və öz tarixinə maraq göstərmək, muzeyləri ziyarət etmək də daxildir.

Muzeylərdən həzz almağa çalışın. Muzeylərə gedib pul xərcləmək istəməyənlər, açıq qapı günlərində gedə bilərsiniz. Paytaxtımızda girişi 2-3 manat civarında olan muzeylər də var, ora baş çəkin. Lakin, etiraf etmək lazımdır ki, bəzi muzeylərin girişhaqqı bir çoxumuzun büdcəsinə uyğun deyil. Məsələn, Tarix Muzeyinə böyüklərin giriş haqqı 8 manatdır, giriş üçün şagird və tələbələr 2 manat ödəməlidir. Xalça Muzeyinə böyüklər üçün giriş 7 manatdır, Milli İncəsənət Muzeyi, Ədəbiyyat Muzeyi 5 manat tələb edir. Suraxanı Gəmi Muzeyinə məktəblilər 2 manat, böyüklər 5 manat müqabilində daxil ola bilər. Qız Qalası, Şirvanşahlar Sarayı üçün giriş ödənişi 2 manatdır.

Göründüyü kimi, əksər muzeylərə giriş bileti üçün tələb edilən vəsait hamımız üçün əlçatan deyil. Muzey ziyarəti, abidə gəzintisi 5 manatdan başlayır, 10-15 manata olan muzeylər də var. Bir ailənin muzey gəzintisi, tarixi abidə ziyarəti o qədər də az məbləğ deyil. Muzeylərə həvəsi olan, övladına öz tariximizi göstərmək istəyən valideyn üçün bu fürsəti yaratmaq lazımdır. Muzeylərə giriş öz ölkəmizin vətəndaşı üçün bu qədər baha olmamalıdır, biz öz tariximizə baxmaq üçün, övladımıza öz tariximizi tanıtmaq üçün pul ödəməli deyilik.

Mayın 18-i Beynəlxalq Muzeylər Günüdür. Bu münasibətlə bir çox muzeydə açıq qapı günü olacaq. Muzeyləri məcburi ziyarət kimi görməyin, darıxdırıcı olmaqda ittiham etməyin. Bu gündən istifadə edin, bir neçə muzey gəzin. Muzeylər ilin bütün fəsillərində işləyir, cibinizə, büdcənizə uyğun giriş haqqı olan muzeylərə gedin, maraqla tarixi izləyin, mədəniyyət nümunələrinə baxın. Bunu vərdiş halına salın. Əmin olun, hər dəfə getdiyiniz zaman yeni məlumatlar öyrənəcək və yeni təcrübələr qazanacaqsınız. Həm mədəni, həm də mənəvi zövqünüz formalaşacaq.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir