Xarici ölkələrdə işlə təmin etmək adı altında vətəndaşlara məxsus pul vəsaitlərinin ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.
Xəbərə görə, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən və vətəndaşlardan daxil olmuş məlumatlar üzrə aparılmış araşdırma əsasında “Recent Group” və “Area Alfa Group” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin rəhbər vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.
İstintaqla qeyd edilən hüquqi şəxslərin direktorları Sevinc Aslanova və Kamil Curayevin Almaniya, Hollandiya, Slovakiya və başqa ölkələrə iş vizası və dəvəti alınması, eləcə də digər növ məşğulluq məsələlərinin həllinə dair yalan vədlər verməklə 2023-2024-cü illər ərzində ayrı-ayrı vətəndaşlara məxsus müxtəlif məbləğlərdə pul vəsaitlərini onların etibarından sui-istifadə edərək almalarına dair əsaslı şübhələr müəyyən edilib.
Hazırda qeyd olunan bütün faktlar üzrə zərərçəkmiş şəxslərin dairəsi və vurulmuş ziyanın məbləğinin tam müəyyən edilməsi istiqamətində istintaq tədbirləri davam etdirilir.
Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov bildirir ki, həm daxildə, həm də xaricdə işə düzəltmə adı altında insanları aldatmaq ciddi problemdir:
“Aldadılan insanlar sonradan pul itkisinə məruz qalırlar. Əksəriyyət hallarda isə həmin şəxslər şikayət etmirlər. Nəticədə isə dələduzlar bir müddətdən sonra başqa insanları aldatmağa davam edirlər. Bununla bağlı kütləvi şikayətlər olarsa, müvafiq orqanlar tədbirlər həyata keçirməlidir. Digər tərəfdən xaricdə iş təklifində təhlükəli məqamlar olması ehtimalı var. Bu şəxslər pul itkisindən əlavə insan alverinin qurbanına çevrilə bilər. İnsanlar ehtiyatlı olmalı və 50 dəfə yoxlanış etməlidirlər. Xaricdə iş təklif olunubsa, Azərbaycanda İnsan Alverinə qarşı Baş İdarəmiz var. Onun qaynar xəttinə müraciət etmək olar (Qaynar xəttin telefonu: 152). Həmçinin Beynəlxalq Miqrasiya Təşkilatının ofisinə və Dövlət Miqrasiya Xidmətinin qaynar xəttinə də müraciət edərək məlumat almaq mümkündür. Yəni soruşmaq lazımdır ki, məni belə bir işə dəvət ediblər xaiş edirəm izah edin bu iş realdır yoxsa, məni aldadırlar? Polis bu işləri daha yaxşı araşdırıb və vətəndaşın hüquqları pozulursa onun qarşısını ala biləcək. Yaxşı olar ki, insanlar əvvəlcədən xaricdə iş təklif olunursa, müraciət edib məlumat alsınlar. Dələduzluğun və insan alverinin qurbanı olmamaq üçün məlumat almalıdırlar. Tutaq ki, Avropada ixtisassız, dil tələbi olmadan yüksək maaş təklif edirlər. Belə hallarda ilk baxışdan insanlarda şüphə yaranmalıdır. Həmin ölkələrin Miqrasiya Xidmətlərinə sorğu göndərərək məlumat əldə edə bilərlər. İnsanlar savad səviyyəsindən asılı olaraq bu addımı ata bilərlər”.
Fidan Həmişəyeva