sanatoriya

Qiyməti ceyran belində olan sanatoriyalar – ARAŞDIRMA

Baxış sayı: 439

Ölkəmizdə sanatoriya-kurort mədəniyyətinin əsası SSRİ dövrünə dayanır. Bu xidmət növünün inkişafa başlaması 1930-cu illərə gedib çıxır. Azərbaycan SSRİ-nin sövründə ölkəmizdə 20 sanatoriya fəaliyyət göstərib. 1924-cü ildə ilk dəfə olaraq Azərbaycanın Mərdəkan qəsəbəsində 100 çarpayılıq istirahət evi təşkil edilib. 1925-1926-cı illərdə Azərbaycan Həmkarlar İttifaqları Şurası respublikada kurort işinin təşkili üçün praktik tədbirləri işlədi və bu tədbirlər respublikada sanator-kurort işinin yenidən inkişafının əsasını qoydu.

1992-ci ildə Həmkarlar İttifaqlarının Kurortlarının idarə edilməsi üzrə Azərbaycan Respublikası Şurasının bazasında “Kurort” Səhmdar Cəmiyyəti təşkil edilib. Hazırda Cəmiyyətin tabeliyində olan “Bilgəh” kardioloji, “Abşeron” mədə-bağırsaq, “Qaranquş” böyrək, “Günəşli” əsəb sistemi, “Şıx” oynaq xəstəliklərini müalicə edən sanatoriyalar və müxtəlif xəstəlikləri müalicə edən “Naftalan” Kurort Birliyi respublika əhalisinə ixtisaslaşdırılmış sanator-kurort müalicəsi xidməti göstərir.

Bu sanatoriyalar bütün sovet məkanında məşhur, təlabatlı olub. Hər il 100 mindən çox insana xidmət göstərən kurort-sanatoriya xidməti vaxtilə Azərbaycanın şöhrətini bütün dünyaya yayıb. Naftalanın qara neftinin, Duzdağın şəfalı havasının sorağını eşidənlər dünyanın 4 yanından ölkəmizə axışırdı. Sovetlər birliyinin süqutundan sonra da fəaliyyətlərini davam etdirən sanatoriya və kurortlar bu gün də işlək vəziyyətdədirlər. Əksəriyyəti yenilənmə və quruculuq işləri ilə öz xidmətlərini genişlədib. Bu isə qiymətlərə böyük fərqlə təsir göstərib. İndi sanatoriyalarda müalicə ala bilmək hər adamın işi deyil. Kurort-sanatoriyalarda ödəniş olmadan xüsusi göndərişi olmaqla yalnız imtiyazlı şəxslər dincələ bilərlər.

Sanatoriya – kurort yollayışı, imtiyazlı şəxslərin sanatoriya və kurortlarda sanatoriya-kurort müalicəsi və istirahəti üçün dövlət tərəfindən təmin edilən sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2002-ci il 12 avqust tarixli 128 nömrəli qərarına əsasən, Əmək və Əhalininin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sanatoriya-kurort yollayışları ilə təmin edilməsi üçün işləməyən əlilliyi olan şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşaqlar, II Dünya Müharibəsinin iştirakçıları, şəhid ailəsi statusu almış ailənin üzvü olan işləməyən şəxslər, Çernobıl AES-də qəzanın nəticələrinin köçürmə zonasında ləğv edilməsində iştirak etmiş işləməyən vətəndaşlar, qəyyumun ailəsində, dövlət və qeyri-dövlət müəssisələrində təlim-tərbiyə olunan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, fövqəladə hallarda insanların xilas edilməsində və tibb yardım göstərilməsində iştirak edərkən ziyan çəkmiş vətəndaşlar imtiyazlı şəxslər hesab edilirlər.

Yollayışın əldə edilməsi məqsədilə imtiyazlı şəxslər yaşayış yeri üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin struktur bölməsinə və ya “DOST” mərkəzlərinə ərizə ilə müraciət edirlər. İmtiyazlı şəxslərdən başqa istənilən vətəndaş tələb olunan ödənişləri ödəməklə sanatoriyaların xidmətindən istifadə edə bilər.

Sanatoriyalarda müalicə kursu keçmək, dincəlmək istəyən vətəndaşlar üçün də imkanlar mövcuddur. Lakin qiymətlər hamı üçün əlçatan deyil. Misal üçün, Qaranquş uroloji sanatoriyasında 15 təqvim günü müddətində davam edən kurs üzrə yerləşmə, müalicə, gündə 3 dəfə qidalanma daxil olmaqla 2 nəfərlik otaqda adambaşına düşən ödəniş 1484 manatdır. 1 nəfərlik otaqlardakı müvafiq qiymət 1211 manatdır.

Abşeron mədə-bağırsaq sanatoriyasında 15 təqvim günü müddətində davam edən kurs üzrə yerləşmə, müalicə, gündə 3 dəfə qidalanma daxil olmaqla adambaşına düşən təqribi ödənişlər də kifayət qədər yüksəkdir. Əgər siz 15 gün sanatoriyada qalaraq müalicə olunmaq istəsəniz 2 nəfərlik otaqda 1 nəfər üçün ödəyəcəyiniz məbləğ 1176 manat olacaq. 1 nəfərlik lüks otaqda qalmaq üçün 1399 manat tələb olunur. 2 çarpayılıq ailəvi otaq üçün 2500 manat tələb olunur.

Günəşli nevroloji sanatoriyasında 15 təqvim günü müddətində davam edən kurs üzrə yerləşmə, müalicə, gündə 3 dəfə qidalanma daxil olmaqla 2 yerli VİP otaqda adambaşına düşən ödəniş 1116 manat, 1 nəfərlik otaqda 1294, 2 yerli otaqlarda adambaşına 881 manatdır.

Şıx sanatoriyasında 15 təqvim günü müddətində davam edən kurs üzrə yerləşmə, müalicə, gündə 3 dəfə qidalanma daxil olmaqla 2 nəfərlik otaqda bir nəfər üçün tələb olunan qiymət 1115 manatdır. Əgər otaq dəniz mənzərəlidirsə o zmaan bu məbləğ adambaşına 1165 manat olacaq.

Bilgəh sanatoriyasında müalicə almağa gələn yerli və xarici vətəndaşlar arasında maraqlı fərq müşahidə olunur. Sanatoriya yerli vətəndaşlara “hörmət” edərək qiymətləri bahalandırır, xarici vətəndaşlarü çün ucuzlaşdırır. 2 nəfərlik lüks otaqda 1 nəfər üçün ödəniş yerli vətəndaşlar üçün 1274 manat, xarici vətəndaş üçün 975 manatdır. 1 nəfərlik lüks otaqların qiyməti yerli vətəndaşlar üçün 1334, xaricilər üçün 1110 manatdır. Xarici vətəndaşlar üçün təyin olunan qiymət mövsüm üzrədir.

Nur Naftalan 4* Sanatoriumda 2 nəfərlik standart otaqda qalmaq və müalicənin 1 həftəlik paketi 1 nəfər üçn 770 manatdır. Otaqda tam şərait, gündə 3 dəfə qidalanma, müalicəyə başlamadan öncə check up və ilkin tibb paketi, o cümlədən naftalan nefti ilə müalicə və fizioterapiya prosedurları qiymətə daxildir. 1 nəfərlik standart otağın qiyməti eyni prosedur və qidalanma üçün 560, VİP otağın qiyməti isə 630 manatdır. 2 nəfərlik VİP otağın 1 nəfər üçün qiyməti 945 manatdır. Bu qiymətlər ən azı 1 həftə qalmaq şərti ilə qüvvədədir.

Naftalan sanatoriyası 1 nəfərlik standart otaqda qalmaq və müalicənin 1 həftəlik paketi 1 nəfər üçn 294 manatdır. Otaqda tam şərait, gündə 3 dəfə qidalanma, müalicəyə başlamadan öncə check up və ilkin tibb paketi, o cümlədən naftalan nefti ilə müalicə və fizioterapiya prosedurları qiymətə daxildir. 2 nəfərlik standart otağın qiyməti eyni prosedur və qidalanma üçün 1 nəfərə 252, 2 nəfərlik 2 otağın qiyməti isə 1 nəfər üçün 686 manatdır. 1 nəfərlik LUX otağın qiyməti 413 manat, 2 nəfərlik LUX otaqda 1 nəfər üçün qiymət 308 manatdır. Bu qiymətlər ən azı 1 həftə qalmaq şərti ilə qüvvədədir.

Duzdağ sanatoriyasında standart otaqda 1 həftə qalmaq səhər, nahar və şam yeməkləri, və həmçinin check up və duz mağaralarında müalicə, hava limanı-otel-hava limanı və otel-mağaralar-otel transferi də daxil olmaqla 712 manatdır. Bu qiymət 1 həftədən az olmayan rezervasiyalar üçüün keçərlidir. 2 nəfərlik otağın eyni şərtlərlə qiyməti 1369 manat, Junior suitin qiyməti 1781 manat, suitin qiyməti 2138 manatdır, villa otaq imkanları üçün 1 həftəlik qalmaq və müalicə 2375 manatdır. Qısası, 1 həftəlik Duzdağ müalicəsi almaq üçün külli miqdarda vəsait xərcləmək lazımdır.

Şıxov sanatoriyasının qiymətləri 1 həftəlik rezervasiya üçün minimum 800 civarındadır. 2 nəfərlik dəniz mənzərəli otaqda 1 nəfər üçün qiymət 843 manatdır. Bu qiymətə səhər, nahar və şam yeməkləri, müalicələr daxildir. Dəniz mənzərəsi olmayan 2 nəfərlik otaqda 1 nəfər üçün tələb olunana qiymət 807 manatdır. 1 nəfərlik otağın dəniz mənzərəsi olan və olmayan yerlərinə görə qiyməti müvafiq olaraq 950 və 914 manatdır.

Kəpəz sanatoriyasında nömrədə yaşayış, gündə 3 dəfə qidalanma, check up və başlanğıc tibb paketi, o cümlədən naftalan nefti ilə müalicə və fizioterapiya prosedurları qiymətə daxildir. 1 nəfərlik standart otaq 560, VİP otaq isə 630 manatdır. 2 nəfərlik standart otaqda 1 nəfər üçün qiymət 840, 2 nəfərlik VİP otaq üçün 1 nəfər üçün tələb olunana məbləğ 1260 manatdır. Bu qiymətlər ən azı 1 həftə qalmaq şərti ilədir.

Gold Naftalan 5* sanatoriyasında 1 nəfərlik standart otaqda yaşayış, gündə 3 dəfə qidalanma, check up və başlanğıc tibb paketi, o cümlədən naftalan nefti ilə müalicə və fizioterapiya prosedurları qiymətə daxildir. 1 nəfərlik Superior otaqda eyni prosedurlar 1034 manatdır. 1 nəfərlik Suit 1275 manat, 2 nəfərlik standart otaqda 1 nəfər üçün qiymət 1302, 2 nəfərlik Superior otaqda 1 nəfər üçün qiymət 1554 manat, 2 nəfərlik Suit otaqda 1 nəfər üçün qiymət 1807 manat, 2 nəfərlik Delux otaq üçün ödəniş isə 3500 manatdır. Qiymətlər rezervasiya ən azı 1 həftəlik olarsa qüvvədədir.

Çinar sanatoriyasındakı qiymətlər də bahalılığına görə digərlərindən geri qalmır. Bir vaxtlar fəhlənin, təqaüdçünün belə rahatlıqla gedib qaldığı, xidmətlərindən, müalicə kursundan istifadə etdiyi bu sanatoriyada indi ən sadə otaqda 1 həftə qalmaq və müalicə qəbul etmək 1nəfər üçün 762 manatdan başlayır. Bu qiymətə gündə 3 dəfə qidalanma, check up və başlanğıc tibb paketi, o cümlədən naftalan nefti ilə müalicə və fizioterapiya prosedurları qiymətə daxildir. Deluxe otaqda bu qiymət nəfər üçün 938 manat olacaq. 1 nəfərlik suit otaqlar imkanlarından asılı olaraq 1209-1906 manat aralığında dəyişir. 1 nəfərlik premium otaq 3906 manatdır. 2 nəfərlik standart, sadə otaqda 1 həftəlik 1 nəfər üçün ödəniş 1247 manatdır. 2 nəfərlik deluxe otaqlarda 1 nəfər üçün 1 həftəlik tələb olunan ödəniş 1524, 2 nəfərlik executive suite otaq üçün isə 1 nəfərlik ödəniş 1978 manatdır. 2 nəfərlik premium suitdə 1 həftə qalmaq 3906 manat, presidential suitdə isə 7875 manatdır.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir