Cütlüklər ən çox hansı səbəbdən dava edirlər? Çox saylı araşdırmalarla sübut olunmuşdur ki, cütlüklər çox zaman boş və dəyişilməsi mümkün olmayan səbəblərin üstündə dava edirlər. Bu dəfə ən çox yayılmış 3 münaqişə səbəbinə toxundum:
Səbəb 1 – Stress
Mənə ən çox verilən suallardan biri “Nə üçün boşanmalar çoxalıb?” sualıdır. Mən bunun səbəbini müasir dünyada triqqerlərin və stressin çoxalmasında görürəm. İnsanlar artıq daha hövsələsizdirlər və bunun səbəbi həyatın daha stressli olmasıdır. Cütlüklərin münasibətlərində dava səbəblərinin 1 nömrəsi də elə məhz stressdir. Müasir dünyada həm qadın, həm kişi korporativ aləmdə işləyir. Hər ikisi ailədən kənar böyük dünyanın aktiv üzləridir. Hər iki nəfər səhər evdən çıxır və günün çox hissəsini işdə keçirir. Hər ikisi gün ərzində ictimai nəqliyyatın, işdə rəhbərin, iş yükünün, gün ərzində sosial medianın və yazışma tətbiqlərinin gətirdiyi davamlı triqerlərlə( qıcıqlandırıcı) və stresslə üzləşir. Gün sonuna onların hər ikisi yorğun, səbirsiz və artıq partlamağa hazır bomba vəziyyətinə gəlir və bu iki gərgin insan axşam bir damın altına girdikdə ən xırda bir səbəblə ən yaxınına, bəlkə də ərki çatan yeganə insana – həyat yoldaşına partlayır.
Bunu həll etməyin yolu hər iki insanın evə girərkən işi, işin gətirdiyi gərginliyi və günün stressini qapının kandarında qoyması və evlərini hüzurlarını və gün ərzində tükənmiş rezervlərini bərpa edə biləcəkləri sakit bir liman kimi görməsi ola bilər. Hər iki tərəfin stresdən azad olma yolu fərqlidir və cütlüklər gün sonunda ünsiyyətə keçməzdən öncə bir-birinə bərpa olmaq üçün zaman verməlidirlər.
Səbəb 2 – Maddi problemlər
Cütlükdə bir tərəf pulu xərcləmək, digəri isə yığmaq istəyir. Bu mövzu yeni evlənən cütlüklərin rastlaşdığı və həll olunmadığı təqdirdə onların arasında illərlə davam edə biləcək münaqişə mövzusu ola bilər. Çox zaman bir tərəf uşaqlıqdan və ailədən gələn maddi qorxularını və maddi özgüvənsizliyini yeni ailəyə daşıyır, digər tərəfin isə belə qorxuları olmaya bilir.
Bu zamanda partnyorlar bir-birinin qorxu və narahatlıqlarını anlayışla qarşılamalı, büdcə planlaması və nəzarəti edilərək ortaq məxrəcə gəlməyə çalışılmalıdır.
Sosial mediada göstərilən lüks və yüksəlmiş həyat standartları yeni evlilər üçün davaya səbəb ola biləcək daha bir triqqerdir. Rəfiqə və dostların, bloqer və ulduzların sosial media səhifələrində davamlı yenilənən səyahətləri, bazarlıqları və əyləncələri tərəflərdən birinin eyni həyatı yaşamaq istəməsi ilə dava səbəbinə çevrilir.
İstəklər yanlışlıqla tələblərə çevrilir ki, bu da ailədə davamlı münaqişənin əsasını qoyur. Tərəflər anlaşaraq gəlirlərini və həyat standartlarını yüksəltmək üçün çıxış yolları axtarmalı və arzu etdikləri həyatı yaratmaq üçün komanda şəklində çalışmalıdırlar.
Səbəb 3 – Qohumlar və qaynana-qaynata ilə problemlər
Tərəflərdən biri və ya hər ikisi bioloji ailəsi və yeni qurduğu çəkirdək ailəsi ilə doğru sərhədlər çəkə bilmir, yeni ailəyə kənar müdaxilə olunmasına izin verir və bu da yeni qurulmuş ailədə davamlı dava səbəbinə çevrilir. Bioloji ailə övladını yeni insanla bölüşmək istəmir və ya bölüşməkdə çətinlik çəkir, ailəyə yeni gəlmiş üzvün istək və seçimlərinə müdaxilələr edir, onu qəbullana bilmir və ya dəyişməyə çalışır. Bu zaman ən böyük iş ailənin övladına – yoldaşa düşür.
Ailə quran şəxs artıq ilk öncə həyat yoldaşı və (övlad varsa) valideyn rolundadır. Oğulluq və qızlıq ikinci-üçüncü dərəcəli rola çevrilmədikcə və bioloji ailə ilə sərhədlər doğru təyin edilmədikcə problemlər bitmir. Məsələnin həlli yolu, yeni ailəni kənar təsirlərdən və müdaxilədən qorumaqdır.
Münasibətlərinizdə davaların olması normaldır. Münasibətlərinizi və bir-birinizi tükətmədən dava səbəblərini aradan qaldırmağa və həll etməyə çalışmaqla münasibətinizi ayrılıqdan və boşanmadan qoruya bilərsiniz. Xoşbəxt münasibətlərdə olmanız diləyi ilə…
Kama Ahmad
Kouç və Münasibətlər üzrə ekspert