Lale Mehrali

Analar qurban demir

Baxış sayı: 500

Dünyanın ən təsvirolunmaz hissidir ana olmaq. Bu, nə qədər çalışsan da sözlə ifadə edilməyəcək duyğudur. Qadın ana olduqdan sonra heç vaxt hiss etmədiyi duyğuları kəşf etməyə, öyrənməyə başlayır. Elə bu hisslər analığı dünyanın ən gözəl duyğularına çevirir. Çox şeyi bacarırıq əslində biz, ən ağır işlərdə işləyirik, ən zəhmətli peşələrin öhdəsindən gəlirik, amma ən çox ana olmağı sevirik. Dünyanın ən ağır peşəsini yəni.

Ana olanda xoşbəxtliyin böyük şeylərdə deyil, ən kiçik anlarda gizləndiyini anlamağa başlayırsan. Körpənin bir təbəssümü, şirin yuxusu, qığıltısı, ilk addımları – hamısı xoşbəxtlikdir. Ən yorğun anlarda belə kiçik bir təbəssüm səni dünyanın ən xoşbəxt insanı etmək üçün kifayətdir. Çox xırda şeylərlə xoşbəxt olmağı öyrənirsən ana olduqdan sonra.

İçindəki sonsuz gücün fərqinə varırsan ana olduqdan sonra. Bu qədər yuxusuz gecə keçirib bu qədər enerjili ola bilmək xüsusi bacarıqdır məncə. Bəzən özünə vaxt ayırmamaqdan və kifayət qədər dincəlməməkdən şikayətlənirik, ta ki körpənin qığıltısını eşidənədək. O yorğunluq, o yuxusuzluq itib gedir o səsin kölgəsində. Bitmisən, tükənmisən, yorulmusan, yuxusuzsan, ac-susuzsan, amma yenə də analığı dünyada heç nəyə dəyişmirsən.

Ana olmağın nə olduğunu başa düşdükdən sonra bütün analara, xüsusən də öz ananıza olan minnətdarlıq hissiniz qat-qat çoxalır. Bu günədək əhəmiyyət vermədiyin, etinasızlıq göstərdiyin nələr varmış, indi görürsən. Ananın sənin üçün etdiyi şeylərin nə qədər dəyərli, nə qədər böyük olduğunu anlayırsan. Başqa heç bir hiss bu qədər duyğunu bir arada yaşatmır insana – xoşbəxtlik, məmnunluq, sevgi, məhəbbət, sevinc, qayğı, narahatlıq, qorxu, həyəcan – bunun kimi nə qədər duyğunu hər gün istisnasız olaraq yaşayırsan əgər anasansa.

Körpən doğulur xoşbəxtsən, qazı var, narahatsan, ilk reaksiyalarını göstərir, sevinirsən, o gülür, sən məmnunsan. Onunla bərabər qulaq ağrısı, qaz sancısı çəkirsən – narahat olursan, amma yenə də məmnunsan. Körpən rahatdırsa sən də rahatsan, onun bir yuxusuz gecəsi səndə saysız-hesabsız sual doğurur. Onunla bərabər gün-gün, həftə-həftə, ay-ay, il-il böyüyürsən. Bağça, məktəb yollarında yenidən var-gəl edirsən.

Uşağın olmazdan əvvəl bir həyatının olduğunu unudursan, ana olmaq həyat tərzinə çevrilir. Nə özəlin qalır, nə şəxsi həyatın. Əgər geri dönüb uşaqsız həyatına baxmaq istəsən hər pəncərəsində onu görürsən. Övlad sahibi olmaq və onu böyütmək həyatı dəyişdirən bir təcrübədir, sən bu təcrübəni sevirsən. Ana olmaqdan zövq alırsan və zaman keçdikcə ana olmaq üçün doğulduğunu düşünməyə başlayırsan.

Analıq hissiyyatı doğuş anında çəkdiyi ağrını, sancını unutdurur. Doğuşun hər detalını, hər incəliyini xatırlayırıq, amma dünyada başqa təsviri, bənzəri olmayan ən dəhşətli ağrı olan doğuş ağrısı silinir yaddaşımızdan. Çünki övlad məhəbbəti o ağrıdan ağır gəlir tərəzidə. Ona görə yenidən, yenidən ana oluruq.

Ev oluruq balamıza, yuva oluruq, həyan oluruq, oyun yoldaşı oluruq, dost oluruq, rəfiqə oluruq, sirdaş oluruq. Biz hər şey oluruq övladımıza, həm də qurban oluruq balamıza – ilk addımına, ilk kəlməsinə, uğuruna, sevincinə, ilk məhəbbətinə, eşq acısına, sağlamlığına, gülüşünə, zəkasına, ömrünə. Ana olduqdan sonra leksionumuzdakı hər üç kəlməmizdən ikisi olur “qurban olum!” kəlməsi. Qurban olmaq həyat tərzimizə çevrilir, ayağına batan tikan bağrımızı deşir, gözünə düşən qum dağ olur çiynimizdə. Necə deyir şair? “Analar qurban demir, qurban olur analar”.

Övladı üçün şam kimi əriyən bütün analara sevgilərlə…

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir