Nermine Abbasova

Nərminə Abbasova: “Zamanla bu xəstəliyin fəsadları orqanizmin digər bölgələrinə də təsir göstərə bilər”

Baxış sayı: 580

“Yaşınızdan asılı olmayaraq, müxtəlif vəziyyətlərə görə bədəninizdə və xüsusən də əllərinizdə qeyri-iradi titrəmələr ola bilər. Ümumiyyətlə, əllərin titrəməsi normal sayılır və dərhal narahatlığa səbəb olmur. Ancaq əl titrəməsi artıbsa, həyat keyfiyyətinizə təsir edə bilərsə və bununla yanaşı başqa simptomlar da varsa, o zaman problemə çevrilə bilər”.

Bunu əl titrəməsi ilə bağlı oxucularımızı məlumatlandıran MayoMed Medikal Fizioterapiya və Reabilitasiya Mərkəzinin təsisçisi və baş həkimi, terapevt, ailə həkimi Nərminə Abbasova bildirir.

Nərminə xanım qeyd edir ki, əl titrəməsi çox vaxt öz-özünə yaranır və öz-özünə keçir. Onun sözlərinə görə, bəzi hallarda buna səbəb xəstəliklər və nevroloji problemlər ola bilər:

“Bəzən yaşlı insanların əllərinin qeyri-ixtiyari əsdiyini müşahidə edirik. Bu, cavan insanlarda da müşahidə edilir. Bu, təsadüfi və ya yaşla əlaqəli deyil, məhz “Parkinson” xəstəliyinin simptomu ola bilər. Heç bir səbəb olmadan yarana bilən xəstəlik bir çox ağır fəsadlara yol aça bilər. Yəni əllərin əsməsi insan fiziologiyası üçün nisbətən normal hesab edilə bilər, lakin kənardan qətiyyən hiss olunmadığı müddətcə normal hesab edilir. Fizioloji titrəmə adlandırılan tremor titrəməni yaradan və gücləndirən səbəblər isə əksər hallarda stress və hormonal dərmanlardır”.

 


Həkim bildirdi ki, ilkin simptomlara yorğunluq, kofein qəbulu, həyəcan və sair daxildir. Onun sözlərinə görə, normal istirahət etməyən, yuxu rejimini pozan şəxslərdə səhər saatlarında halsızlıq və əllərdə titrəmə ola bilir:

“Bəzən bunu yuxudan “kal” durmaqla əlaqələndirib üzərində dayanmırlar. Lakin bu, heç də belə deyil. Xüsusən çay, qəhvə hazırlayan, tərəvəz doğrayan zaman hiss olunur. Məsələn, stəkan tutanda əllərinizin sabit dayanmadığını müşahidə edirsizsə, həkimə müraciət edin. Bəzən axşam yatmazdan əvvəl əllərin titrəməsi ola bilir. İnsanlar bunu əsəblə əlaqələndirərək kofe və digər tərkibində yüksək miqdarda kofein olan içkilər içərək sakitləşdirməyə çalışır. Həkimlər həddən artıq kofeinli içki qəbulunun da əllərdə titrəməni sürətləndirdiyini iddia edir. Normalda insan orqanizminin sutkalıq kofein qəbulu çox olmamalıdır”.

Stresin, həyəcanın da psixoloji təsir edərək əsmə yarada bildiyini vurğulayan Nərminə xanım qeyd etdi ki, qəbul edilən bəzi hormonal dərman preparatları, depressiya əleyhinə qəbul edilən dərmanlar da əllərin əsməsinə səbəb ola bilər.

Nərminə xanım yaş faktorunu nəzərə alaraq bu cür xəstəliklərin əsasən 50-60 yaş arası şəxslərdə daha çox rast gəlindiyini qeyd etdi. Bildirdi ki, əllər dinc vəziyyətdə əsmirsə, amma hərəkət zamanı – məsələn, yazı yazarkən, əldə hər hansı obyekt tutarkən əsməyə başlayırsa, həkimə müraciət etmək lazımdır:

“Parkinson titrəməsi bəzən əllərin hərkətsiz vəziyyətində də güclü titrəmə ilə müşahidə edilə bilir. Zamanla bu xəstəliyin fəsadları orqanizmin digər bölgələrinə də təsir göstərə bilər. Belə xəstələr daim fikirli və kədərli görünürlər, emosionallıqları nisbətən azalır. İstənilən halda yaxşı olardı ki, əl titrəməsi zamanı öncə bir kurs nevropotoloq nəzarəti altında müalicə təyin edilsin. Onu da qeyd edim ki, titrəmə görünəndə Parkinson xəstəliyinin, dağınıq sklerozun, hər hansı beyin zədələnməsinin, şiş, insult, həmçinin periferik sinirlərin funksiyasının zədələnməsini istisna etmək vacibdir. Əllərin titrəməsi ilə yanaşı, digər əlamətlər də ciddi sağlamlıq problemindən xəbər verir, məsələn başın, dilin, bütün bədənin, səsin titrəməsi, əllərdə, ayaqlarda və üzdə həssaslığın pozulması. Bundan əlavə, tremorun psixo-emosional səbəbi ola bilər, məsələn, bir insan bir şeydən narahatdırsa və ya qorxursa”.

 

 

Həkim vurğuladı ki, ilk növbədə səbəbi aşkar etmək lazımdır:

“Əgər fizioloji səbəbdirsə, onda vəziyyətin aradan qaldırılması kifayətdir. Sakitləşmək üçün və əsəbi gərginliyi aradan qaldırmaq üçün sakitləşdərici dərman vasitələrindən istifadə etmək lazımdır. Alkaqol, qəhvə, kakao istehlakını azaltmaq tövsiyə olunur”.

 

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə (TEL: (012) 464 86 93; 464 86 94; 464 86 95) və ya  (051) 866 02 20; (051) 567 66 96 mobil nömrələri ilə birbaşa Nərminə Abbasova ilə əlaqə saxlaya bilərlər.)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir