YOL

Nə piyada qayda bilir, nə sürücü – PROBLEM

Baxış sayı: 437

Yol hərəkətinin təşkilində hamımızın rolu var, kimimiz sürücü, kimimiz piyada, kimimiz də sərnişinik. Hər bir vəziyyətdə necə davranmağımız, hərəkətin təşkilindəki rolumuzu bilməyimiz olduqca əhəmiyyətlidir. Mahiyyət etibarilə nəqliyyatda sürücü olmaq da çətindir, yolda piyada olmaq da. Piyadaların öz hüquqlarını və öhdəliklərini bilməməsi, sürücülərin yol hərəkətinin təşkilində yol verdiyi qayda pozuntuları, sərnişinlərin biganələyi qanunların çeynənməsi, tapdanması deməkdir.

Etiraf edək ki, piyada mədəniyyətinə çox nadir halda şahid oluruq. Yeraltı və yerüstü keçidlərdən istifadə minimumdur, piyada zolağından keçən piyadalar azdır. Yolun digər tərəfinə keçmək üçün küçənin piyada zolağı olan hissəsindən, küçə boyu hərəkət edərkən səkilərdən istifadə edilməlidir. Lakin səkilərdə hərəkət nə qədər əlverişlidir, bunun özü mübahisəlidir. Çünki bir çox küçələrdə ya səki yoxdur, ya hərəkət üçün məhdudlaşdırılıb – obyektlər zəbt edir, satış üçün istifadə edilir.

Əgər səkilər əlverişlidirsə piyada səki ilə, piyada zolağı ilə, yol çiyinləri ilə, bütün bunlar olmadıqda isə velosipedçilərin hərəkətini çətinləşdirməmək şərti ilə velosiped yolu ilə gedə bilər. Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsinin kənarı ilə piyada kimi hərəkət edirsinizsə o zamanı axının əksi istiqamətində gedin, bu sizi təhlükələrə qarşı qoruyur.

Bakının ən ciddi problemlərindən biri də bir çox ərazidə avtobus dayanacaqlarının əlverişsiz olmasıdır. Dayanacaqlar ya satış üçün istifadə edilir, yaxud da taksilər tərəfindən zəbt edilib. Avtobusu gözləmək üçün dayanacağa girə bilməyən piyada yolun hərəkət hissəsinə çıxmalı olur. Qanunlarımız deyir ki, ictimai nəqliyyatı və taksini, yalnız yolun hərəkət hissəsindəki nisbətən azca hündürə qaldırılmış minik meydançalarında, onlar olmadıqda isə, səkidə və ya yol çiyinlərində gözləmək lazımdır. Lakin qeyd etdiyimiz problemə görə bu həmişə mümkün olmur. Yol patrul əməkdaşları bir çox hallarda bu problemi tənzimləmək məcburiyyətində qalır, yolun hərəkət hissəsinə çıxıb avtobus gözləyən piyadaların təhlükəsizliyinə nəzarət edirlər.

Piyadaların səhlənkarlıq etdiyi məsələlərdən biri də hərəkətin nizamlandığı yerlərdə nizamlayıcının və ya piyada işıqforunun, o olmadıqda isə, nəqliyyat işıqforunun işarəsinə qarşı etinasız olmasıdır. İşıqfor mədəniyyəti piyadanın şəxsiyyət vəsiqəsidir və yollardakı qəza vəziyyətləri məhz işıqfora əməl etməyən piyadaların səhvi ucbatından yaranır.

Müşahidələr göstərir ki, işıqfor mədəniyyəti olmayan böyüklərin yanındakı uşaqlarda da bu alışqanlıq olmur. Valideyni ilə qırmızı işıqda, qaçaraq yolu keçən uşaqlar bunu tək olduqda da təkrarlayır. Böyüklərin nümunəvi piyada olması, kiçiklər üçün də yol xəritəsi olur, işıqforun icazə siqnalını gözləmələri, piyada qaydalarına əməl etmələri onların dissiplinli, nümunəvi vətəndaş olmalarına da faydalıdır.

Bir də sürət həddi yüksək olan yollarda qarşı tərəfə keçən piyadalar var. Hər il onlarla insan bu səbəbdən dünyasını dəyişir, günahsız sürücü isə həbs edilir. Piyadalar sutkanın qaranlıq vaxtı yolun sürət həddi yüksək olan hissəsində, həm də işıqlanmayan hissəsində qarşıya keçməyə cəhd edirlər. Qara geyimdə, qaranlıqda və sürətli hərəkət olan yolda bu manevri edən piyadanın sonunun necə olacağı bəlli deyilmi? Araşdırmalar göstərir ki, bu kimi hallarda yaxınlıqda yerüstü və ya yeraltı piyada keçidi olan yerlər çoxluq təşkil edir. Hadisənin baş verdiyi ərzidən 50-60 metr uzaqlıqda keçid var və piyadalar o keçidlə yox, təhlükəli manevrlə sürətin yüksək olduğu yoldan keçirlər. Nəticədə ya ölürlər, ya da ömürlük şikəst qalırlar.

Yol hərəkəti haqqında qanuna görə piyada, nizamlanmayan piyada keçidlərində yolun hərəkət hissəsinə yaxınlaşmaqda olan nəqliyyat vasitələrinədək məsafəni, onların sürətini qiymətləndirdikdən və yolu keçməyin onlar üçün təhlükəsiz olacağını yəqin etdikdən sonra çıxa bilər. Nizamlanmayan, piyada keçidi olmayan yollarda, qəza ehtimalının yüksək olduğu vəziyyətlərdə qarşıya keçməyə cəhd edən piyada yol hərəkəti iştirakçıları üçün potensial təhlükədir.

İkitərəfli hərəkət istiqaməti olan çoxzolaqlı yollarda təhlükə daha böyükdür. Qaçaraq yolu birdəfəyə keçmək piyadaya baha başa gəlir. Halbuki, bu kimi vəziyyətlərdə keçidi başa çatdıra bilməmiş piyadalar nəqliyyat vasitələrinin əks istiqamətli hərəkətlərini ayıran xəttin üstündə dayanıb gözləməlidirlər.

YHQ deyir ki, uşaqları dəstə halında yalnız sutkanın işıqlı vaxtı və böyüklərin müşayiəti ilə ancaq səki ilə, piyada yolu ilə, bunlar olmadıqda isə yol çiyini ilə aparmağa icazə verilir. Lakin məktəbə yaxın ərazilərdə bu qaydalar kobud şəkildə pozulur. Valideynlər qətiyyən işıqforun icazə siqnalına əhəmiyyət vermir, uşaqlar yolun hərəkət hissəsi ilə aparılır, səkilərdən istifadə edilmir. İnsafən, demək lazımdır ki, bir çox məktəbə yaxın ərazilərdə səkilər də yararsız vəziyyətlərdədir – ya dağıdılıb, ya da bir nəfərin belə hərəkət edə bilməyəcəyi ensizlikdə inşa edilib.

Məktəblərin önündə piyada keçidlərində də vəziyyət acınacaqlıdır. Övladını məktəbə qoymağa və ya götürməyə gələn valideynlər nəqliyyat vasitələrini piyada keçidinin üstündə park edirlər. Bu da təbii olaraq məktəblilərin yolu keçməsinə maneə yaradır və uşaqlar yolun digər hissəsindən keçməli olurlar. Məktəblərə yaxın ərazilərdə sürət həddi tənzimlənmir, sürücülər 1.21 yol nişanının tələblərinə əməl etmirlər.

1.21 – “Uşaqlar” nişanı məktəb, uşaq bağçası, düşərgə və başqa bu kimi uşaq təşkilatlarının yanından keçən və hərəkət hissəsinə uşaqların çıxması ehtimalı olan yol sahəsinə yaxınlaşma barədə sürücüləri xəbərdar edir. Uşaqların hərəkət təhlükəsizliyi barədə təsəvvürlərinin zəif olduğu nəzərə alınaraq bu nişan təkrarlanır, birinci nişan təhlükəli sahənin başlanğıcına ən azı 100 metr qalmış, ikinci nişan isə ən azı 50 metr qalmış qoyulur. İkinci nişan təhlükəli yol sahəsinin, yəni yolun uşaq təşkilatının yanından keçən hissəsinin uzunluğunu göstərən 7.2.1 əlavə məlumat nişanı ilə birlikdə qoyulmalıdır. Lakin jurnalistlər tərəfindən şəhərdə aparılan sorğular zamanı məlum olur ki, sürücülərin əksəriyyəti hətta uşaqlar nişanını tanımır.

Yol hərəkətinin təşkilində hamımız məsuliyyət daşıyırıq – Səki ilə gedən piyada da, sükan arxasında oturan sürücü də, arxada oturmuş sərnişin də, yolu nizamlayan nizamlayıcı da. Yol hərəkətinin təşkili bizim birgə vəhdətimizdir, birimiz qaydalara əməl etməyəndə bu sistem pozulur, qəza zəncirinin ilk halqası peyda olur. Savadlı piyada, sürücü və sərnişin olmaq qəzaların sayının minimuma enməsi, ölməmək, öldürməmək deməkdir.

 

Lalə Mehralı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir